İvanişvili SOCAR ilə müqaviləyə yenidən baxacaq

ivanisvili-socar-ile-muqavileye-yeniden-baxacaq-
Oxunma sayı: 638


“Qafqazinfo”nun Bizimyolinfo-ya istinadən verdiyi xəbərə görə, o bildirib ki, sərmayəçilərlə bağlanan müqavilələr şəffaf olmalı və günün tələblərinə cavab verməlidir. Nazirin fikrincə, sərmayəçinin öz yatırımlarını 5 il ərzində geri qaytarması ideyası ilə ölkədə biznes fəaliyyət apararaq gəlirlərini artırması düzgün deyildir. “Sərmayəçilər tənzimləyici komissiyaların vasitəsilə istehlakçıların hüquqlarının pozmamalıdırlar”, - deyə Kvirikaşvili bildirib.
Bununla yanaşı nazir hesab edir ki, müqavilələrin yenidən baxılması ölkədəki investisiya mühitinə mənfi təsir etməməlidir. "Biz heç bir sərmayəçini ölkədən çıxartmaq niyyətində deyilik. Biz onlar qarşısında ədalətli öhdəlik qoymaq istəyirik. Gürcüstan vətəndaşının bu gün inkişaf etmiş ölkə vətəndaşları ilə eyni səviyyədə tariflər ödəməsi bu gün haqsızlıqdır", -deyə nazir fikrini açıqlayıb.

Qeyd edək ki, bir qədər əvvəl SOCAR prezidenti Rövnəq Abdullayev bu mövzunu Caspian Barrel üçün şərh edərkən bildirmişdi ki, Dövlət Neft Şirkəti işlədiyi hər bir xarici ölkədə imzaladığı müqavilələrin bütün müddəalarına tam əməl etməklə fəaliyyət göstərir.
"SOCAR hər bir xarici ölkədə olduğu kimi Gürcüstanda da fəaliyyəti tam şəffaf olub və olmaqda davam edir". Onun sözlərinə görə, Dövlət Neft Şirkəti Gürcüstan bazarına əzəldən strateji bir region kimi baxmış və bura edilən investisiyalar uzunmüddətli xarakter daşımışdı ki, bu da hər iki ölkə arasında olan iqtisadi-siyasi əməkdaşlıqdan irəli gəlmişdi.
"Biz digər ölkələrdə olduğu kimi, Gürcüstanda da bağladığımız müqavilələri beynəlxalq sazişlərin müddəalarına uyğun hazırlayırıq, bu da Böyük Britaniya qanunvericiıiyi üzərində qurulub", - deyə SOCAR prezidenti izah edib. Daha sonra Abdullayev əlavə edib ki, Azərbaycanla Gürcüstan arasında investisiyaların qorunmasına dair ikitərəfli razılaşma var ki, bu da onların yatırımlarının qarantiyasının bir hüquqi formasıdır.

"Yeni gürcülərin" istəyi nədir?

Bəs onda hakimiyyətə gəlmiş "yeni gürcülərin" istəyi nədir, nədən onlar bu cür bəyanatlar səsləndirirlər və özü də Azərbaycanla Rusiya şirkəti (hər ikisi dövlətə bağlıdır) arasında fərq qoymadan bunu gündəmə gətirirlər. Məgər onlar bilmirlər ki, Azərbaycan və onun Dövlət Neft Şirkəti indiki Gürcüstan üçün nə deməkdir?

İş burasındadır ki, çox yaxşı bilirlər. Onlar da Mixail Saakaşvili tərəfdarları kimi Qərbpərəst siyasətin daşıyıcılarıdır. Yeni hökumətin başçısı İvanişvili NATO tərəfdarı, Avropaya inteqrasiyanın vurğunu, demokratiyanın yeni mərhələsinə keçidi proqram kimi irəli sürən şəxs kimi seçkilərdə qalib gəlib və təbii ki, bu kursdan dönəsi deyil. Yəni strateji kurs elə Saakaşvilinin vaxtilə açdığı yolu genişləndirməkdir. Ancaq bir fərq var. Saakaşvili hakimiyyətə gələndə seçicilərə korrupsiyanın kökünü kəsəcəyini, demokratiyanı inkişaf etdirəcəyini, insan haqları və azadlıqlarını yüksəldəcəyini, ölkəni MDB-dən çevirib Avropaya integrasiya edəcəyini vəd vermişdi və bu kimi cəlbedici şüarların sonradan həyata keçirilməsi də onun hakimiyyətdə 2 müddət qalmasının təminatçısına çevrildi.

Bəs "yeni gürcülər" nə edəcək? Axı, onlar yenidən korrupsiya ilə mübarizə, demokratiyanın həddinin artırılması ilə seçicilərin etimadını qoruyub saxlaya bilməzlər? Demək, bu dəfə yeni metodlardan yararlanmaq gərəkdir. Bu, daha çox kütləni əhatə edən və daha tez başa gələn bir şey olmalıdır. Yəni, hökumətin qərarı ilə məsələnin və ya məsələlərin xalqın, daha dəqiq ifadə etsək istehlakçının xeyrinə dəyişməsini elan etməkdir.
İvanişvili hökuməti hesab edir ki, qarşıdan gələn gışda gürcü xalqı üçün "Gürcü arzusu" partiyasının reallaşdıracağı ən optimal yol qazın, işığın və avtomobil yanacağının qiymətlərinin bir qədər aşağı salınmasıdır. Həqiqətən də bunun siyasi effekti fantastk olar hazırkı Gürcüstan şəraitində.

Ancaq bunu Azərbaycandakı kimi tətbiq etmək olmaz Gürcüstanda. Yəni Azərbaycan neft və qaz ölkəsidir, onun öz təbii resursları var və dünya bazarına bağlılığı yoxdur, hökumət bazarda qiymətləri özü tənzimləyir. Gürcüstanda isə vəziyyət tam başqadır. Burada avtomobil yanacağı bazarında Azərbaycan hökmranlıq etmir və SOCAR Georgia Petroleum şirkəti qiymətləri yerli bazarda digər şirkətlərin qiymətlərinə uyğunlaşdıraraq satır. Məsələn, hamıya bəllidir ki, Azərbaycandan gətirilən avtomobil benzini ucuzdur. Ancaq Gürcüstan bazarında Azərbaycan benzini yerli bazarın 30%-ni təşkil edir. Yerdə qalan benzin ya Ruminiyadan, ya da digər ölkələrdən idxal edilir və bunun fonunda ortaq bazar qiyməti formalaşır. Yox, əgər Gürcüstanın indiki iqtisadiyyat nazirinin məntiqi ilə çıxış etsək, onda SOCAR Georgia Petroleum-un yanacaqdoldurma stansiyalarında benzinin qiyməti digərlərininkindən 30-40% ucuz olmalıydı. Onda nə baş verərdi? Bütün istehlakçılar yalnız SOCAR-a yığışardı, onun imkanları isə məhduddur, Gürcüstan qısa bir zamanda ya enerji böhranı ilə üzləşər, ya da qıtlıqdan sonra yanacağın qiymətinin kəskin artması müşahidə olunardı.
Gürcüstan şəraitində bunun edilməsi çətin bir məsələdir, çünki daxili bazardakı qiymətlər xarici bazarda xam neftin qiymətləri ilə bilavasitə əlaqədardır. Və hər dəfə tənzimləyici komissiya bir qiymət qoyacaqsa, onda şirkətlər də ucuz vaxtı satışda maraqlı olmayacaqlar və beləliklə daim bazarda bir təlatüm yaşanacaq.

O ki, qaldı qaz məsələsinə, burada məsələ daha qəlizdir. Çünki Gürcüstan hökuməti Azərbaycandan həqiqətən 3 saziş üzrə uçuz qaz alır: Şah-dəniz qazının tranzitinə görə Türkiyəyə nəql edilən qazın illik həcminin 5% həcmində pulsuz qaz (tranzit əvəzi - ildə 250-300 mln. kub metr), "Sah-dəniz" qazından Gürcüstana bazar qiymətlərindən ucuz satılan kommersiya qazı (550-600 mln. kub metr) və SOCAR-ın Gürcüstana hökumətlərarası sazış çərçivəsində satdığı sosial qaz (ildə 1-1,1 mlrd. kub metr). Gürcüstan hökuməti qaz tariflərinin aşağı salınması məsələsində israrlı olarsa, onda gərək SOCAR-a digər layihələrdə münbit şərait yarada.

Bir də ki, Mixail Saakaşvili də hakimiyyətə gələrkən Bakı-Tbilisi-Ceyhan layihəsinin Borjom qoruğuna vura biləcəyi ziyanı gündəmə gətirmişdi və hətta layihəni bir-neçə ay da ləngidə də bildi. Nə olsun? Sonda məlum oldu ki, dərd ekologiya dərdi deyildi...