İvanişvilinin sevgisinə...

ivanisvilinin-sevgisine-
Oxunma sayı: 671

“Mən azərbaycanlıları çox sevirəm. Dəfələrlə demişəm və indi də bəyan edirəm ki, Gürcüstan azərbaycanlılarının vətəndə özlərini tamhüquqlu vətəndaş kimi hiss etmələri, bu ölkənin onların əsl vətənlərinə çevrilməsi üçün əlimdən gələni edəcəyəm. Çalışacağam ki, etnik azərbaycanlılar cəmiyyətə inteqrasiya olunsunlar, özlərinin, ailələrinin, övladlarının talelərini təyin edə bilsinlər, seçkilərdə əvvəlki kimi deyil, real iştirak etsinlər. Biz onlarla çox işləmişik, çoxlu vədlər vermişik. Qoy onlar əmin olsunlar ki, verdiyimiz bütün vədləri yerinə yetirəcəyik. Onlar öz ölkələrinin idarə olunmasında maksimum iştirak edəcək, hökumətin yuxarı eşelonlarında təmsil olunacaqlar. Mən bu xalqı çox sevirəm və biz hakimiyyətə gəldikdə bunu işimizlə təsdiq edəcəyik”.

Əziz qardaşım İvanişvili! Sən məsələyə çox ağır söhbətlə başlayırsan. Azərbaycanlıları sevmək...

Qardaş, bilirsənmi ki, azərbaycanlıları sevmək nə deməkdi? Yox, demək istəmirəm ki, biz çox qəliz millətik, qüsurlarımız çoxdu, ədalətsizik, namərdik, igidi arxadan vuranıq, rüşvətə, korrupsiyaya aludəyik, yeniliklərə düşmənik, kütük, yerlibazıq, xurafata meylliyik, ailə namusunu vətən namusundan üstün tutub itirilmiş torpaqlar üçün elə də ağrıyan deyilik, demokratiyadan zəhləmiz gedir, azadlığa nifrət edirik, şahsevənik, şaha yarınmağı xoşlayanıq, varlananda quduranıq, yıxılana balta vuranıq, başına gətirilən hər cür müsibətə, yamanlığa dözən məzlumuq, köləyik və nəhayət əxlaqsızıq... Xeyr! Əsla!

Əgər bunlar gerçəksə belə, gürcülər heç də bizdən geri qalan deyil. Sadəcə, insanın qüsurlarını üzə çıxaran acı bir rejimdə, əxlaqsız sistemdə yaşayırıq. Dövlət dövlət olunca bu qüsurlar da yavaş-yavaş aradan qalxır və mədəni bir cəmiyyət formalaşır. Cəmiyyət bu cür, yəni dövlətin hər kəs tərəfindən əməl edilən azad qanunlarıyla formalaşmağa başlayırsa, bu, uzun və davamlı şəkil alırsa, cəmiyyətin bu mədəniliyi hiss olunmadan milli kimliyə də sirayət edir, nəticədə alman xalqı kimi bir xalq yaranır və bundan sonra artıq heç bir iyrənc rejim o xalqın əxlaqını poza bilmir. Əgər möcüzə nəticəsində elə bir rejim hakimiyyətə gələ bilirsə belə, bu, keçici olur və həmin üstün keyfiyyətli xalq o rejimin axırına çıxır.
Yox, azərbaycanlıları qüsurlarına görə çətin deyil sevmək. Sadəcə, talesizdi bu xalq! Onu sevmək mümkün olsaydı, elə Azərbaycan Respublikasının özündə sevərdilər – məsələn heç olmasa gürcüləri, somalililəri, pakistanlıları, heç olmasa bir ingilis muzeyi, bir serb körpüsü, bir İraq xiyabanı, bir Kanada küçəsi, bir Suriya caddəsi qədər sevərdilər. Hətta sevmək nədi, barı adam yerinə qoyardılar, barı Cenifer Lopezin yanbızı, Şakiranın göbəyi, Elton Conun sırğası, Rihannanın dərisi qədər qiymət qoyardılar.

Qardaşım İvanişvili! Deyirsən, Gürcüstan azərbaycanlılarının vətəndə özlərini tamhüquqlu vətəndaş kimi hiss etmələri, bu ölkənin onların əsl vətənlərinə çevrilməsi üçün əlimdən gələni edəcəyəm. Əzizim, axı bu, mümkün deyil. Sən Gürcüstandan danışırsan. Bir dön bizim Azərbaycana bax. Bu azərbaycanlı dediklərin axı heç öz dövlətlərində özlərini tamhüquqlu, nəinki tam, heç milyonda bir hüquqlu vətəndaş hiss eləmirlər, heç onlara bunu hiss elətdirən də yoxdu, o ki qaldı Gürcüstan ola. Sən əlindən gələni edəcəyini deyirsən, halbuki Azərbaycanda bu məhz dövlətin, onu qəsb edənlərin əlindədi, ama hiss etdirmirlər ki, etdirmirlər.
Qardaş, lütfən, sən də bizi sevmə. Sevsən belə, dilinə gətirmə. Biz yüz illərdi sevgiyə yadırğamış xalqıq. Bizi Allahın evinə qədər kövrəltmə. Onsuz da bir himə bəndik. Bax, onsuz da doluyuq, ağlasaq, Gürcüstanı selin-daşqının əlindən ala bilməzsiz. Yazıqsız, dövlətinizi qurun. Qoy biz də ölək öldüyümüz yerdə...