“Biz 15 dəqiqə futbol oynadıq” - Foqts

biz-15-deqiqe-futbol-oynadiq-foqts
Oxunma sayı: 640

“Qafqazinfo” Azerisport.az-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:

Rusiyanı layiqli qələbə qazanması münasibətilə təbrik edirəm. Meydan sahibləri fiziki cəhətdən güclü idilər. Biz çox duruş gətirdik. Amma təəssüf ki, qarşımıza qoyduğumuz hədəfimizə - Moskvada qol vurmağa nail ola bilmədik.

- Komandamızın birinci və ikinci hissədə fərqli oyun sərgiləməsinin səbəbi nədi?
- Biz sadəcə ilk 15 dəqiqədə yaxşı futbol oynadıq. Ondan sonra nəsə oldu və hər şey dəyişdi.

- Sizcə, penalti var idi?
- Mən təkrara baxmamışam. Əgər referi penalti nöqtəsini göstərirsə, deməli, var idi. Biz idmançılar öz səhvlərimiz kimi, başqalarının da səhvlərini qəbul etməliyik.

- Biz son iki oyunda nəinki qol vura, heç qol vəziyyəti də yarada bilmirik. Bunun üçün nəsə etməyi düşünürsüz?
- Bizim rəqiblərimiz kimlər idi? Portuqaliya və Rusiya. Bizim eyni səviyyədə olduğumuz rəqiblər Şimali İrlandiya və Lüksemburqdu.

- Rusiya yığmasını üç il əvvəlki ilə müqayisə edə bilərsiz?
- Mənim fikrimcə, hazırda bu komandada inkişaf prosesi gedir və bu, hələ başa çatmayıb. Bizim futbolçularımız Rusiya yığmasından da gəncdi. Amma rəqib komandada beynəlxalq oyun təcrübəsi daha böyükdü.

- Rəşad Sadıqovun yoxluğu özünü çoxmu hiss etdirdi?
- Rəşad komandamızın lideridi. Amma onun yoxluğu o qədər də hiss olunmadı. Məncə, Ruslan Abışovla Vladimir Levin yaxşı oynadılar. Eyni zamanda çoxlu səhvlərə də yol verdilər.