“Biz bütün xoşagəlməz hallara son qoyduq”

biz-butun-xosagelmez-hallara-son-qoyduq
Oxunma sayı: 637



Bu gün prezident İlham Əliyev “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin paytaxtın Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyanın açılışında iştirak edib. Həmçinin videokonfrans vasitəsilə Nəsimi rayonundakı 117 nömrəli, Suraxanı rayonundakı “Hövsan”, Binəqədi rayonundakı 207 nömrəli, Səbail rayonunun Bibiheybət qəsəbəsindəki 102 və 118 nömrəli 35 kilovoltluq yarımstansiyaların, eləcə də Xəzər, Suraxanı, Sabunçu, Qaradağ, Yasamal rayonları idarələrinin inzibati binalarının və Nəzarət Departamentinin ofisinin açılış mərasimləri olub.

“Bakıelektrikşəbəkə” ASC-nin idarə heyətinin sədri Baba Rzayev dövlət başçısına yarımstansiya barədə məlumat verib. O, qeyd etdi ki, bu yarımstansiya 1974-cü ildə Nərimanov rayonundakı sənaye müəssisələrini, o cümlədən Bakı məişət kondisionerləri zavodunu elektrik enerjisi ilə təchiz etmək üçün tikilib istismara verilib.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb. Yarımstansiya işə düşdükdən sonra paytaxtın Nəsimi rayonundakı 117 nömrəli yarımstansiya və Sabunçu rayon Elektrik Təchizatı və Satışı İdarəsinin ofisi ilə canlı bağlantı yaradılıb. Videokonfrans vasitəsilə Nəsimi rayonundakı 117 nömrəli, Suraxanı rayonundakı “Hövsan”, Binəqədi rayonundakı 207 nömrəli, Səbail rayonunun Bibiheybət qəsəbəsindəki 102 və 118 nömrəli 35 kilovoltluq yarımstansiyaların, eləcə də Xəzər, Suraxanı, Sabunçu, Qaradağ, Yasamal rayonları idarələrinin inzibati binalarının və Nəzarət Departamentinin ofisinin açılışı olub.

Yeni yarımstansiyaların və inzibati binaların açılışı münasibətilə “Bakıelektrikşəbəkə”nin kollektivini təbrik edən Prezident İlham ƏLİYEV deyib:

- Sizi təbrik edirəm. Bu gün Bakı şəhərində çox əlamətdar bir gündür. Bakı şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün bir neçə yerdə gözəl obyektlər açılır. Bu işlər mütəmadi qaydada aparılır və son illər ərzində Bakı şəhərinin elektrik təchizatı böyük dərəcədə inkişaf etmişdir. Əgər əvvəlki illəri yada salsaq görərik ki, işıqla problem həmişə insanları incidirdi. Ancaq Bakı elektrik şəbəkəsini dövlət sərəncamına qaytarmaqla və işləri yüksək səviyyədə qurmaqla biz bütün xoşagəlməz hallara son qoyduq. Bu gün Bakı şəhərində elektrik enerjisi ilə təchizatda heç bir problem yoxdur. Əksinə, ildən-ilə, gündən-günə elektriklə təchizat yaxşılaşır, maddi-texniki baza möhkəmlənir, yeni xətlər çəkilir, gözəl yarımstansiyalar tikilir və beləliklə, şəhərimizin bundan sonrakı dövrdə inkişaf proqramını həll etmək üçün yeni güclər yaradılır.

Ölkəmiz də, Bakı şəhəri də inkişaf edir. Şəhərimizdə çoxsaylı tikinti işləri aparılır, yeni sənaye müəssisələri, iş mərkəzləri, ticarət obyektləri yaradılır. Əlbəttə ki, bütün bu obyektlər qidalanmalıdır. Dayanıqlı elektrik enerjisi ilə təchizat hər bir ölkə üçün başlıca vəzifədir və bunsuz heç bir inkişaf mümkün deyildir. Bu il də bu işlər görülür. Əminəm ki, növbəti illərdə də bu sahədə böyük işlər görüləcəkdir. Dövlət bu sahəyə çox böyük diqqət, qayğı göstərir. Təkcə Bakıda deyil, ölkəmizin bütün yerlərində, bütün yaşayış məntəqələrində dayanıqlı enerji ilə təchizat bizim başlıca vəzifəmizdir. Hazırda ölkədə elektrik enerjisi ilə bağlı hazırda heç bir problem yoxdur. Ancaq ötürücü, paylayıcı xətlər hələ də lazımi səviyyədə deyildir və yaxın illərdə bu məsələ də öz həllini tapacaqdır.

Bu gözəl hadisə münasibətilə, - bu gün Bakının bir neçə yerində gözəl mərkəzlər açılır, - sizi və Bakı sakinlərini ürəkdən təbrik edirəm. Sizə uğurlar arzulayıram.