“Biz də özümüzə görə bir komandayıq” - Kamran Ağayev

biz-de-ozumuze-gore-bir-komandayiq-kamran-agayev
Oxunma sayı: 643

“Qafqazinfo” Qol.az-a istinadən həmin müsahibəni təqdim edir:

- Qarşıda sizi Rusiya millisiylə səfər matçı gözləyir. Bu qaşılaşma haqda nə düşünürsən?
- Rusiya çox güclüdür. Xüsusilə də doğma meydanda. Lakin bu o demək deyil ki, səfərə məğlub olmağa gedəcəyik. Biz ruslarla oyuna nəticə qazanmaq üçün yollanacağıq, uduzmağa yox.

- Moskvadakı görüşdən nə gözləyirsən?
- Hər şey özümüzdən asılı olacaq. Biz səfərdə əsl xarakter nümayiş etdirməliyik. Biz də özümüzə görə bir komandayıq. Əgər qələbə qazanmaq istəyiriksə, meydanda əlimizdən gələni etməliyik.

- Yəqin ki, bir xal bizim üçün yaxşı nəticə hesab olunacaq.
- Səfər matçlarında qazanılan bir xal böyük şeydir. Əgər evdə oynasaydıq, yalnız qələbəni düşünərdik. Düzdü, səfərə də üç xal üçün gedəcəyik. Ancaq hər şeyə real baxmaq lazımdır. Əsas məsələ məğlub olmamaqdır.

- Amma Rusiyada hesab edirlər ki, millimizə asanlıqla qalib gələcəklər.
- Biz rusların nə dediyini deyil, öz oyunumuzu fikirləşməliyik. Necə olacağını meydanda görəcəyik. Lakin mən bildiyim qədər onlar artıq Azərbaycanın futbolda yaxşı inkişaf etdiyindən xəbərdardılar. Əvvəllər isə belə deyildi. Bizim adımızı eşidən komanda asan qələbə qazanacaqlarını söyləyirdilər. Məncə, onlar bizi qiymətləndirirlər.