Biz müsabiqə keçirə bilmirik

biz-musabiqe-kecire-bilmirik
Oxunma sayı: 1460

Dünya Sakit

Bir vaxtlar Azərbaycanda çoxsaylı müsbiqələr keçirilirdi – qrant müsabiqələri, yazı müsabiqələri və sair. Əksəriyyətini yerli və xarici QHT-lər, bir qismini də dövlət qurumları təşkil edən bu müsabiqələrdə bəzən o qədər anormal nəticələr qeydə alınırdı ki, adam bilmirdi təəccüblənsin, hirslənsin, yoxsa neyləsin.

İş elə gətirib ki, bu müsabiqələrin bir qismində iddiaçı, bir qismində isə qiymətləndirici kimi iştirak etmişəm. Qiymətləndirici kimi bir neçə dəfə xarici QHT-lərin müsabiqələrinə təqdim olunan layihələrin dəyərləndirilməsini aparmışam. Təkliflərə bir ekspert kimi layiqli hesab etdiyim qiyməti vermişəm. Bəzən müsabiqənin sonunda elə təkliflər qalib olub ki, gözlərim kəlləmə çıxıb. Təsəvvür edin, indi də QHT sektorunda böyük layihələr icra edən bir nəfərin yazdığı layihədə 3 ay ərzində elektron formada  press-relizlərin hazırlanıb KİV-lərə yayılması işinə 1500 dollar ayrılmışdı. Və... Və ən aşağı qiymət verdiyim o layihə müsabiqədən uğurla keçərək böyük həcmdə vəsait aldı. Demək istəmirəm ki, mənim qiymətləndirməm ən obyektivi idi, yox. Amma layihə fəaliyyətlərinin az, məbləğin az qala fantastik həcmdə tələb olunduğu o təklifin keçəcəyini qətiyyən gözləmirdim...

Jurnalistlər üçün keçirilən müsabiqələrdə elə indi də təşkilatçı dövlət qurumudursa, mütləq qaliblər iqtidar mediasından olur. Çox kiçik istisnalar, əlbəttə, var – bəzən tam rəsmi deyil, iqtidara yaxınlığı ilə seçilən mediadan da qaliblər sırasına düşən tapılır. Dövlət qurumlarının müsabiqələrində seçim yazıya və müəllifə görə deyil, bir qayda olaraq, mətbu orqana görə aparılır. 

Beynəlxalq QHT-lərin müsabiqələrinə gəlincə, bir neçə xarici təşkilat vardı ki, hər birinin öz jurnalist çevrəsi formalaşmışdı –müsabiqələrində də əsas yerlər o çevrəyə verilirdi. Çevrədən kənar müəlliflərin nəyi və necə yazmasından asılı olmayaraq...

Bəzi xarici təşkilatlar da var idi ki, iqtidar mediası heç vaxt onların müsabiqələrinə qatılmırdı – mövzu və istiqamət imkan vermirdi. Necə ki, indi bir qrup jurnalist KİVDF və Mətbuat Şurasının iştirakçı olduğu müsabiqələrə qatılmır...

Xarici təşkilatlardan bəziləri obyektivliyi mümkün olan qədər təmin edirdilər. Lakin yerli ekspertlərin, elə həmin təşkilatların azərbaycanlı nümayəndələrinin iştirak etdiyi müsabiqələrdə bu heç də hər zaman alınmırdı.

Özümün iştirakçısı olduğu bir müsabiqəni isə yəqin ki, heç zaman unutmayacam. Çünki həmin müsabiqənin təşkilatçıları obyektivliyin təməl prinsiplərini kobudcasına pozmuşdular – yazıların təqdim olunması üçün müəyyən olunan son tarixdən 2-3 həftə sonra verilən yazıları qiymətləndirməyə qəbul etmişdilər. Müsabiqənin obyektivliyinin təməl prinsipi hamı üçün bərabər şərtlərin təmin olunmasıdır. Bu halda vaxt kimi ən mühüm şərt pozulmuşdu. Baxmayaraq ki, o müsabiqənin qaliblərindən idik, digər bir həmkarımızla birlikdə şərtlərin pozulmasına etirazımızı bildirdik. Mövqeyimiz hamını çaşbaş saldı: qalibdilər, amma etiraz edirlər. Çox təəssüflər olsun ki, nə münsifləri, nə təşkilatçıları, nə də təqdimat tarixindən sonra yazı verən dəyərli həmkarlarımızı inandıra bilmədik ki, etirazımız şəxslərə deyil, prinsiplərin pozulmasınadır. Biz qalib elan olunan yazıların keyfiyyətsiz olduğunu heç vaxt demədik, sadəcə, təşkilatçıların iştirakçıların bərabərliyi prinsipini pozmasına etirazımızı ifadə etdik. Hətta təşkilatçı qurumun rəhbəri, hazırda demokratiya uğrunda ən tanınmış mübarizlərdən biri sayılan şəxslə görüşümüz və müzakirəmiz də fayda vermədi. Gücümüz qalib olaraq almalı olduğumuz min dollardan imtina etməyə çatdı...

Obyektivlik, hamı üçün bərabər şərtlərin təmin olunması kimi şərtlər, meyarlara əməl etmək çox çətindir, dostlar. İndiyədək iştirakçı, iddialı, müşahidəçi olduğum müsabiqələrdən gəldiyim nəticə budur. Sadəcə, təsəvvür etmək istəyirəm ki, 3-5 min manatlıq (dollarlıq, avroluq) fondu olan müsabiqələrdə obyektivliyi təmin edə bilməmişiksə, on, yüz milyonlardan söhbət gedən tenderlərin təşkilatçılarından necə bunu gözləyirik?