Bizdən çox oturan millət yoxdur

bizden-cox-oturan-millet-yoxdur
Oxunma sayı: 3174

Qismət

Zəhləmgetmiş avqustun axır-axırında çoxdandı baş verməyən bir şey oldu. Təxminən eyni vaxtda dost-tanışlar inboksa yazdılar ki, axşama neynirsən, çoxdandı oturmuruq.

Dodağımda bir təbəssüm gəzindi. Hə, deyəsən sezon başlayır. Bir az da keçsin, kafelər çöldən içəri yığışacaq və yenə eyni ssenari işə düşəcək: bütün menyunu soruşub, axırda kabab sifariş verəcəyik. Ənənə bizi ən birinci mətbəxdə məğlub edir. 

Məni həmişə həyatımızdakı, dilimizdəki, davranışlarımızdakı klişelər, şablonlar cəzb edib.  Məsələn, yığışaq, yeyib-içək mənasında dost-tanış arasındakı bu cümlə: “Çoxdandı oturmuruq.”  

Günümüzün yarıdan çoxu kompüter arxasında oturmaqla keçir, amma imkan düşən kimi yenə “oturmaq” istəyirik. 
Vəzifəli adamlarla bağlı deyirik: “Oturub filan vəzifədə, yerini möhkəmlədib.”

Mənə görə bu “oturmaq” məsələsinin kökündə uzaq-yaxın bir neçə səbəb var.  Uzaq səbəb kültürümüzün genetikasındakı köçəriliklə bağlıdır. Neçə əsr at üstündə dünyanı boydan-boya arşınlayan adamlar üçün “oturmaq” yəqin ən lüks şeylərdən biri idi. Məncə, “çoxdandı oturmuruq” ifadəsi böyük köçlər zamanında anlamlı idi, bu günsə elə deyil. İndi bizdən çox oturan millət yoxdur.

Keçək yaxın səbəbə: bu ifadənin altında sadomazoxist müəllimlərimizin “əl işləri” də görünür. Yadıma gəlir, müəllimlərimizin tez-tez ya partanın arxasında, ya da otağın küncündə dərsin axırına qədər ayaq üstə saxladığı bir sinif yoldaşım vardı, biz futbol oynayanda deyirdi, mən oturum baxım, biz rəqs edəndə deyirdi, mən oturum əl çalım... 
Bu “oturmağın” libasını dəyişmiş formaları da var. İlin-günün bu vaxtında, dünyanın bu çağında cəmiyyətimizdə əksər adamların əsas arzusu kabinetli bir vəzifə yiyəsi olmaqdır. Mən bunu ən çox restoranlarda hiss etmişəm. Ofisiantlara ən çox verilən sualımız budur: Boş kabinet var? 

Deməyin ki, bu kabinetin o kabinetlə əlaqəsi yoxdur. Bəzən dilimizdəki sözlərdə bizim idarə etmədiyimiz, amma təhtəlşüurumuzda dəmlənib hazır olandan sonra bir görünüb, bir itən mənalar sayrışır. 

Yazının çıxhaçıxında yadıma bizim məclislərlə bağlı bir məsələ də düşdü. Bizim məclislər adətən üç-dörd nəfərlə başlayır, sonra söhbətin “qradus”u çoxaldıqca kimə zəng gəlirsə, həmin adam zəng vuran dostuna deyir ki, otur bir taksiyə, gəl filan yerə, yolpulu mənnikdir. Sonra o təzə gələn də başqa adamı çağırır, o da bir başqasını... beləcə, eynən məşhur nağıldakı kimi, nənə babadan, baba nəvədən, nəvə də turpdan...

 Bir dəfə üç nəfərlə başladığımız məclisin axırında gördüm içəridə o qədər tanımadığım adam var ki, tanıdığım adamları tapa bilmirəm. Birinə mesaj yazdım ki, hardasız, əlinizi qaldırın. Onlar məclisin o başından, mən də bu başından əllərimizi qaldırdıq. Yanımdakı təzə qonaq soruşdu: “Nolub, niyə əllərinizi qaldırırsız?” Dedim, dostlarımdır, bir yerdə təslim oluruq. Gülüşdük.   

Unutmadan, kabinetlərin boş görünməyinə tələsik sevinməyin, çox güman ki, rezerv ediliblər.