“Bizdən gözlənilməyənləri etmişik” - Yurgen Klopp mətbuat konfransında

bizden-gozlenilmeyenleri-etmisik
Oxunma sayı: 1687

Sabah “Liverpul” və “Real” arasında Kiyevdə baş tutacaq Çempionlar Liqası finalından öncə bu gün mətbuat konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Liverpul”un futbolçuları Vircil Van Diyk, Jordan Enderson və baş məşqçi Yurgen Klopp oyun haqda fikirlərini bildiriblər:

“Sabah fantastik oyun olacaq. Bu Çempionlar Liqası finalıdır. Əlavə motivasiya olmaq üçün heç bir səbəb yoxdur. Çünki onsuz da motivasiyamız yüksəkdir. Biz komanda şəklində yaxşı oyun qurub qalib gəlməliyik”, - deyə Diyk söyləyib.

Jordan Enderson “Real”ın əla komanda olduğunu və bu komanda ilə oynamağın çətin olacağını bildirib:

“Əlbəttə ki, çətin olacaq. Lakin düşünürəm ki, 90 dəqiqə çox güclü olmağa çalışacağıq”.

Klopp isə futbolçularının bu şansı ona verdiyinə görə şad olduğunu deyib:

“Onlar həqiqətən məni sevindirdilər. Çempionlar Liqasının qalibi olmağa çox yaxınıq. Biz birlikdə bura gəlib çıxdıq. Heç kim bura qədər gəlib çıxacağımıza inanmırdı. Amma biz burdayıq. “Real” çox güclü komandadır. Zinəddin Zidan da 2 dəfə ÇL qalibi olmuş məşqçidir. Bu özü hər şeydən xəbər verir. Bizdən gözlənilməyənləri etmişik və çalışacağıq ki, davam edək”.

Elsevər Məmmədov

Kiyev, Ukrayna