Bizə artıq-urtuq sırınır

bize-artiq-urtuq-sirinir
Oxunma sayı: 1917

Azər Qismət

Əgər 1906-cı ilə qədər yaşasaydıq, anlayardım ki, dünyada baş verən hadisələrdən xəbərimiz yoxdur. Nə teleqraf, nə internet var. Bu o vaxtlar idi ki, oxuyanları “mirzə” deyə çağırar, məktub və arayış yazıb-oxumağı onlara həvalə edərdik. Üstündən bir il keçdi, 1906-cı ildə “Molla Nəsrəddin” dərgisi işıq üzü gördü. Həmin dərgidən sonra dünyada baş verənləri Mirzə Cəlil və onun komandası biçarə xalqa çatdırdı. Adamlar bildi ki, dünyada kino və dəb anlayışı mövcuddur. Onu da bildilər ki, kişilər ütülü şalvar, qadınlar don geyinir. Hətta onu da bildik ki, oralarda it-pişiyin də “veterinar” deyilən həkimi var.

Üstündən illər keçəndən sonra 21-ci əsrin 2015-ci ilinə gəlib çıxdıq. Niyə məhz həmin ili deyirəm. Söhbətə dizi cırıq şalvarlarla başlamağı qərara aldım. Ötən il yaşlı-qoca - fərqi olmadı, millətin 50 faizi dizi cırıq şalvarlar geyindi. Kimsə havaya söz üfürmüşdü ki, “indi belə şalvarlar Avropada dəbdir”. Amma bir adam internetə girib oxumadı ki, orada dəbdə olan nədir? Bir adam məlumat vermədi ki, o şalvarlar 3 il bundan əvvəl dəbdə olub. 2015-ci ilin dəbi başqa idi. Deməli, neçə il əvvəl Avropada dəbdə olub, sonra satılmadığını görüb anbarlara yığıblar. Həmin toz basan şalvarları bizim kimi ölkələrə sırımaq üçün yalandan dedilər ki, “Avropada dəbdə olan budur”. Daha kimə satası idilər ki? Bizi 3-cü sort gözündə görürlər axı. Harda artıq-urtuq var bizə sırınır. Elə öz ticarətçilərimizdə də az yoxdur. Hansı ölkənin anbarında artıq-urtuq görürlər ucuz qiymətə alıb gətirirlər.

Hələ dünya səviyyəli müğənniləri demirəm. Məşhur olanda Avropa turnesinə çıxırlar, Asiyanın inkişaf etmiş ölkələrinə gedirlər, ancaq Azərbaycan yadlarına düşmür. Yalnız qocalanda, səsləri xırıldayıb öskürəndə respublikamıza gəlirlər. Özü də çox maraqlıdır ki, bizim səhnədə canlı ifanı özlərinə sığışdırmayıb fonoqramma ilə oxuyurlar: dekorasiyasız-zadsız. Həm də belə baxanda biçarə qoca yaşında necə canlı oxusun?! Bircə pencək-şalvarla oxuyub çıxıb gedirlər. Vaxtında həmin qonorarı biz də verirdik, lakin gəlib ölkəmizdə oxumağı özünüzə sığırdırmırdınız. Birdən dost-tanış hansı ölkəyə qastrola getdiyinizi soruşsa, ayıb olar. Deyirəm də bizi 3-cü sort gözündə görürlər. Hələ öz Vətənlərinə qayıdanda fanatları barədə ağızlarına gələni danışırlar.

Hələ aqrar sektoru demirəm. İndi Avropanın bütün ölkələri geni modifikasiya olunan meyvələrdən imtina etmək qərarına gəliblər. Daha çox ekoloji təmiz məhsullara üstünlük verirlər. Çünki bilirlər ki, bunun sonu yaxşı qurtarmayacaq. Görürlər ki, adamlar əvəzinə robotlar yetişir. Bizim fermerlər isə qədim meyvə tinglərini kökündən kəsib transgen mer-meyvə gətirib əkirlər: Avropanın artığını.

Təsəvvür edin, “Qızıləhmədi” alma ağacını kəsib Avropanın “Qran Smit”, “Pikleri”, “Fuje” sortlu alma tinglərini gətirib əkirlər. Bununla da öz işlərini asanlaşdırırlar. Əvvəllər bir hektar kartof sahəsindən 1,5 ton məhsul götürən fermer Hollandiyadan gətirilən toxumlar hesabına 3-4 ton məhsul əldə edir. Heç həmin kartof-soğanlara həşarat da yaxın durmur. Kalorado böcəyi o kartofun iyini 2 kilometrdən hiss edib qaçır.

Kim deyir ki, bizə artıq-urtuğu indi sırımağa başlayıblar. Bizə hörmətsizlik hələ sovet illərində də olub. Faktlar var ki, Mingəçevir Su Elektrik Stansiyasının avadanlıqları Mancuriyadan sökülüb gətirilib. Sovet qoşunları Mancuriyaya daxil olanda oranı Qıpçaq Məlik kimi yağmalayıblar. Yağlı qənimət Moskvaya gedib, bizə Elektrik Stansiyasının avadanlıqlarını qıyıblar. Hələ metropoliten sahəsində də belə hallar müşahidə edilib. Bakıda ilk dəfə metropoliten sistemi qurulanda Moskva bizə köhnə qatarlar verib. Öz sakinləri təzə vaqonlarda şütüyüblər, cır-cındırı çıxanda orasına-burasına əl gəzdirib bizə sırıyıblar. Yalnız neçə ildən sonra təzə qatar üzü görmüşük.

Hərdən anlamıram ki, niyə bizə artıq-urtuğu qıyırlar. Yaxşı, bizi avropalı hesab etmirsiz, bunu bildik. Axı, nə edək ki, coğrafi cəhətdən sizə yaxınıq?! Bizim mədəniyyətimiz, adət-ənənələrimiz barədə bir kəlmə yazıb işıqlandırmırsız, bunu da bildik. Daha artıq-urtuğu bizə sırımaq nə deməkdir?!