“Bizə dərman verildiyi üçün halsız idik…”

bize-derman-verildiyi-ucun-halsiz-idik
Oxunma sayı: 2932

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə zərərçəkmişlər ifadə verib. 

Arzu Rzayev deyib ki, ağciyər xəstəsi olan oğlu Əkbəri hadisədən iki gün əvvəl ora yerləşdiriblər və yanğın nəticəsində vəfat edib: “Oğlum işləyirdi, ora 10 günlük getmişdi. Beş aylıq uşağı vardı”.

Əsgərxan Ələkbərovun oğlu İsmayılı narkotik aludəçisi olduğu üçün fevralın 26-da mərkəzə yerləşdirilib və martın 2-dəki hadisədə vəfat edib.

Elşən Hüsyenov isə yanğın vaxtı orada müalicə alan xəstədir: “Mən 6-cı palatada Elnurla qalırdım, məni də o oyatdı. Bizə dərman verildiyi üçün halsız idik. Eşitmişdim ki, həmin gecə də Məhəmməd dərman istəyib, amma vermədikləri üçün hay-küy salıb”.

Proses sentyabrın 28-də davam etdiriləcək.

Murad Əhməd