Bizə göz vuran işıq

bize-goz-vuran-isiq
Oxunma sayı: 1480

Nadir Qocabəyli

Küləklər şəhərində külək əsən kimi işıqlarımız sönür. Bu o deməkdir ki, haradasa elektrik xətləri xarabdır, dirəklər köhnədir, transformatorun nə bilim nəyi nədir, əsaslı təmir olunmur, təzələnmir. Hər dəfə külək xətləri qırıb yerə atandan sonra, gedib növbəti yel əsənə qədər alabaşına-külbaşına bağlamaqla işlərini bitmiş hesab edirlər. Ya da elə külək əsən kimi özləri söndürürlər ki, xətlər qırılıb-tökülməsin, bunlar da özlərinə əziyyət verib, bağlamalı olmasınlar. Amma kağız-kuğuzda yazsınlar ki, qırılmışdı, getdik bağladıq, filan qədər məftil sərf etdik, filan qədər yanacaq və sairə... 

Əminəm ki, o xətlərə, dirəklərə, tarnsformatorlara görə dəfələrlə büdcədən pul ayrılıb, kağız üzərində dəfələrlə əsaslı təmir aparılıb, hər şey guya dəfələrlə dəyişdirilərək təzələnib, amma amansız təbiət, şairlərin şeirlərində, yazıçıların əsərlərində, müğənnilərin mahnılarında şikayətləndiyi, lənətlədiyi, qarğıdığı, “insanları bezdirən”, “ümidimizi kəsən”, işıqçılarımızın isə sevinc mənbəyi, ümid işığı, çox sevdiyi dolanışıq yeri, tükənməz korrupsiya qaynağı olan külək bütün “görülən işləri” elə kağız kimi havaya sovurub, özü də qiymətli kağız kimi...

Qardaş, bu küləklər güclü olsa da, Amerika Tornadosu deyil ki, adamı quş kimi havaya uçursun, okeandan əsən adlı qasırğa da (məsələn, Əl-Baba qasırğası) deyil ki, evlərin damını götürüb aparsın, ağacları kökündən qopartsın. Yəni demək istəyirəm ki, bizim bu çiçəyi neft qoxan Bakımızda əsən küləklər hər nə qədər şiddətli olsalar da, çox nadir hallarda fövqəladə vəziyyətə səbəb olurlar. Fövqəladə vəziyyətdə işığı, qazı, suyu kəsəndə isə gərək onu elan edəsən ki, camaat vəziyyətin nə yerdə olduğunu bilsin. Axı əhali bu işığın hər kilovatına görə sizə pul ödəyir, ödənişi bir gün gecikdirəndə ona barmaq silkələyir, işığını kəsib qaranlıqda qoyacağınızla hədələyirsiniz. Əgər haqqınızı bu qədər dəqiqliklə, vaxtında, həm də zorla almağı xoşlayırsınızsa, zəhmət çəkib vəzifə və öhdəliklərinizi də vicdanla, kişi kimi yerinə yetirin! Əgər güclü külək işıqlarımızın sönməsinə səbəb olan xətləri hər dəfə qırırsa, bəs niyə bizim küçənin kabelləri qırılmır, mənim özümün küçədəki dirəkdən evimə çəkdiyim kabeli bu 8-9 ildə niyə bircə dəfə qıra bilməyib?

Bir neçə il əvvəl təzə tikdiyim evə ilk dəfə işıq çəkdirmək üçün sahənin nəzarətçisinə müraciət etdim. Bir müqavilə gətirdi, imzaladıq. Müqaviləyə görə, mənə hələ sayğac qoyulmayacaq, sayğac qoyulanacan ayda 15 manat ödəməklə elektrikdən istifadə edəcəkdim. Bir il hər ay ödəniş edərək, istifadə elədim. Bir ildən sonra gətirib sayğac qoyanda cərimə yazdılar ki, guya qeyri-qanuni yandırmışam. Nəzarətçini işdən çıxardıb, qeybə çəkdiklərindən sözümü deməyə adam da tapmadım. Qəbzlərə məhəl qoymayıb, işığı da kəsdilər işıqsızlar. Getdim Suraxanı rayon elektrik şəbəkəsinə cəriməni ödəməyə. Cərimə mənə görə çox olduğundan (300 manat), xahiş elədim ki, yarısını indi ödəyim, yarısını sonra. Dedilər, gözlə rəis gəlsin, o icazə versə, olar. Həyətə çıxıb, rəisi gözləməyə başladım. Bir azdan binanın qarşısında qara qaloş kimi par-par parıldayan, qabağının nikkelinin işıltısı lazer şüası kimi adamın gözünü çıxardan bir “Range Rover” dayandı. İçindən sünbülündən su daman, qəşən geyinmiş, azca irəli çıxmış qarnını nəzərə almasaq, qüsursuz (bunu milli atributumuz kimi qəbul etsək, qüsur saymaya bilərik) fizionomiyaya malik bir adam düşüb, əzəmətli addımlarla binaya daxıl oldu. Rəis!!! O mənə 150 yox, 200 manat ödəyəcəyim halda işığımın yanacağını vəd etdi. Mən də onun bu bahalı maşını nəylə aldığı, Bakeletrikşəbəkənin sahə rəisinin aylıq məvacibinin nə qədər olduğu, bu vəzifənin qiymətinin neçəyə olduğu barədə düşünə-düşünə cibimdəki pulun hamısını kassaya ödədim.

Sözüm ondadır ki, bizim işıqlarımızın hər külək əsəndə sönməsinin həmin o şıq geyimli yaraşıqlı rəislərin gəzdikləri rəncroverlər, getdikləri restoranlar, saunalar, saxladıqları ceyranlar, cüyürlər, marallarla yüzdə yüz əlaqəsi var...

Eşitdiyimə görə, ölkəmizin ən varlı adamlarından biri də, məhz Azərişıq Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayevdir. Deyirəm görəsən, onun maaşı nə qədərdir, hansı maşından sürür, mənzili neçə otaqlıdır, villası Eldan Mahmudovunkundan zəifdimi, əzəmətlidimi?..