Bizə niyə at - eşşək əti yedirirlər?

Bizə niyə at - eşşək əti yedirirlər?
Oxunma sayı: 2518

Son zamanlar Bakıda və bölgələrdə baytarlıq xidməti əməkdaşlarının müsadirə etdikləri at-eşşək ətləri əhalinin qida təhlkəsizliyinə dair şübhələrini bir az da artırıb.

Ötən həftə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkənin tanınmış qida şirkətlərindən “Elba” MMC-nin anbarından və şirkətə məxsus yükdaşıyan avtomobildən aşkarlanmış “mənşəyi məlum olmayan” tonlarla ətin mənşəyini müəyyən edib. “Elba” MMC hər nə qədər iddiaları yalan və şirkətə yönəlmiş qərəz adlandırsa da, Dövlət Baytarlıq Xidməti bu ətlərin ölmüş at ətləri və “aqoniya vəziyyətində kəsilmiş” inək əti olduğunu açıqlayıb.

Baytarlıq Xidmətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Amma təəssüflə qeyd etməliyik ki, qanunvericilikdə, insanların sağlamlığını düşünmədən bu cür fəaliyyətlə təhlükəyə atan sahibkarlara qarşı cinayət məsuliyyəti nəzərdə tutulmayıb. İşbazlar murdar olmuş at-eşşək ətini insanlara yedizdirir, hansısa məqamda saxlanıldığı zaman isə heç nə olmamış kimi ictimaiyyət arasında dolaşmağa başlayır. Və heç kim də həmin şəxslərin yenidən öz fəaliyyətlərini davam etdirmədiyinə dair zəmanət vermir...
 
“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Modern.az-a deyib ki, bu cür ətlərin satışı qadağan olunsa da, Cinayət Məcəlləsində hər hansı məsuliyyət nəzərdə tutulmayıb: “Mən hesab edirəm ki, bu cür vəziyyətdən çıxış yolu kimi belə ətlərin satışına görə, cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. Əgər Azərbaycanda at, eşşək əti yeyilmirsə, üstəlik bunların ölmüş ətləri satışa çıxarılırsa, cinayət işinin açılması mütləqdir”.
 
E.İbrahimov bildirib ki, təkliflər daxil olduğu halda, məsələyə müsbət cavab veriləcək: “Bizə təklif daxil olarsa, məmnuniyyətlə, qəbul edərik. İnzibati Məcəllə və Cinayət Məcəlləsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən keçir. Mən vətəndaşlarımızla tamamilə razıyam. Satışdakı ətlər bizim yediyimiz ətdən olmalıdır. Daha dana əti adı altında at-eşşək əti satılmamalıdır. At ətini dondurub istifadəyə verirlər. Bu kimi insanlara cəmiyyətdə yer olmamalıdır. Bunları təkcə İnzibati Xətalar Məcəlləsi ilə cərimələmək yox, cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Bunun üçün qanunvericilikdə dəyişiklik edilməlidir”.
 
Komitə sədrinin fikrincə, son vaxtlar bu cür ətlərin satışının artmasının səbəbləri çoxdur: “Ətin mənşəyi bilinməlidir. Dana əti adı ilə insanlara at-eşşək əti satmaq olmaz. Alverçinin xalqı, vətəni yoxdur? Necə yəni mən pulumu verim, sən mənə murdar ət sat. Bunu edən işbazlar oğrular, tüfeylilərdir. Onlara başqa ad vermək olmaz”.
 
Qanun nə deyir?
 
Hüquqşünas Əliməmməd Nuriyev də Modern.az-a deyib ki, qanunda bu kimi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsilə bağlı maddə yoxdur: “Qanunda göstərilib ki, satılan məhsulun adı və tərkibi barədə məlumat verilməlidir. Digər tərəfdən, sanitar tələblərə cavab verməyən, keyfiyyətsiz mal-məhsul, ölü at, eşşək ətlərinin satılması ilə bağlı məsələdir. Gigiyena və Epidemiologiya Mərkəzinin rayon idarələri kəsilən ətin keyfiyyətini təsdiq etməlidir. Möhürsüz və baytarlıq xidmətinin tələblərinə cavab verməyən ətlər satıla bilməz”.

Murdar əti sat, cəriməni ödə, get azadlıqda gəz...

Ə.Nuriyevin sözlərinə görə, bu cür ətlərlə qidalanmadan sonra insan sağlamlığına zərər dəyibsə, nəticəyə görə, İnzibati Xətalar Məcəlləsində cinayət işi açıla bilər: “Amma insan sağlamlığına ziyan dəyməyibsə, keyfiyyətsiz qida, ət satışına görə, məsuliyyətə cəlb oluna bilər. Məsuliyyət dedikdə, cərimələr nəzərdə tutulur”.
 
Hüquqşünas qida təhlükəsizliyilə bağlı cəzaların sərtləşdirilməli olduğunu vurğulayıb: “İnsanların səhhətinə ziyan dəyə, hətta ölümlə nəticələnə, yaxud infeksion xəstəliklərə yoluxa bilər. Qanunvericilikdə infeksion xəstəliklərin yayılması və xəstəliyə tutulmanın mənbəyilə bağlı məsələ var. Əgər xəstəlik heyvan mənşəli qidaların keyfiyyətsizliyilə bağlıdırsa, bu zaman həm keyfiyyətsiz qida, həm də nəticəsilə bağlı məsuliyyətə cəlb etmək mümkündür.

Amma indiki halda, həmin şəxslər yalnız İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cəriməni ödəyir, ona cinayət işi açılmır və həbs edilmir”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi