Bizə o tipli məhsullar lazım deyil

bize-o-tipli-mehsullar-lazim-deyil
Oxunma sayı: 2021

Azər Qismət

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib.

Qeyd edək ki, son illər Azərbaycan transgen məhsullar bazarına çevrilmişdi. Belə olan surətdə dövlət başçısı tərəfindən fərmanın verilməsi əhalinin sağlamlığında köklü dəyişikliklərə gətirib çıxaracaq. 

Son illər artan xəstəliklər, immunitetin zəifləməsi, üstəlik sonsuzluq əsasən transgen məhsulların ucbatından baş verir. Bəzən xaricdən gətirlən məhsulların tərkibindəki kimyəvi qatqılar yoxlanmadan ölkəmizə keçirilirdi. Artıq bəzi ölkələr qida təhlükəsizliyinə dair qurumlar yaratmaqdadır. Onlardan biri də Azərbaycan oldu. Daha heç bir ölkə buranı poliqona çevirməyəcək.

Bəzən belə bir fikir də hökm sürür ki, gündən-günə artan planetin əhalisinin qidaya olan təlabatını qarşılamaq üçün transgen məhsulların olması zəruridir. Ancaq istənilən halda əgər ölkəmizdə təbii məhsullar yetişdirmək mümkündürsə, bizə o tipli məhsullar lazım deyil. 

Transgen məhsulların 7 nəslə ötürülmə riski var. Mərkəzi sinir sistemi xəstəlikləri, ürək çatışmazlığı və immun sistemindən əziyyət çəkənlərin sayının kəskin artması təkcə ekologiyanın çirklənməsi ilə izah edilməməlidir. Burada əsas qida qabardılmalıdır. Doğrudur, indiyədək qeyri-ənənəvi ərzaq məhsullarının orqanizmə təsirilə bağlı mübahisəli fikirlər söylənilib. Lakin aparılan tədqiqatlar sübut edir ki, belə məhsullar hətta bir neçə nəsil sonra gendə dəyişiklik edə bilər.

Bu məsələnin qismən nəzarətsiz buraхılması əhalinin maariflənmə səviyyəsinə təsir etmişdi. Azərbaycanda hər 10 nəfərdən 9-u geni dəyişdirilmiş məhsulların nə demək olduğundan хəbərsizdir. Fermerlər əkdikləri bitki növünün transgen ola biləcəyini düşünmürlər. Əslində, yaxşı bilirlər. Sadəcə, bu, onlara sərf etmir. Onlar əksər toxumları Niderlanddan gətirib əkirlər. Çünki ölkəmizin aqrar sektora dair institutlarında hazırlanan yeni sortların toxumlarını əkmək onlara sərfəli deyil. Əvvəlki sortlarla hər hektardan 2-5 ton kartof götürən fermer, indi transgen toxumlarla hər hektardan 50-60 ton məhsul götürür. Onun heç eyninə də gəlmir, təki məhsul bol olsun. 

Qida təhlükəsizliyi təkcə xaricdən bura gətirilən transgen məhsullarla ölçülmür. Hər bir fermer əkinə başlamazdan əvvəl torpağının tərkibində hansı mikroelementlərin çatışıb-çatışmamasını bilməlidir. Bundan ötrü o əkin yerindən nümunə götürərək torpaq laboratoriyasına təqdim etməlidir. Ümumi nəzarət isə Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki Respublika Layihə Axtarış Kimyalaşdırma Stansiyadır. Həmin stansiya torpağın münbitlik və humus qatının parametrlərini, qida maddələrindən mütəhərrik fosforun miqdarını, mübadiləvi kalium, asan hidroliz olunan azotun miqdarını, torpaqların udma tutumu, zərərli duzların miqdarı və tərkibini və şorakətliliyini analiz edir. Respublikanın rayonlarında yerləşən kimya stansiyaslarının əməkdaşları daim fermerlər arasında deyirlər ki, torpaqlarından analiz versinlər. Amma bütün bunlara baxmayaraq əksər fermerlər əkin aparacağı torpaq sahəsindən nümunə götürüb analiz üçün bizim yerlərdəki stansiyalara vermirlər. Nəticədə torpaq gübrələrlə daha da yüklənir, məhsulun tərkibində bəzi mikroelementlər üstünlük təşkil edir. Halbuki bu iş pulsuz həyata keçirilir. Əkinçi gününü çayxanada keçirir, lakin öz torpağının qeydinə qalmır. Fermerlər bu ölkəyə öz töhfələrini vermək istəyirlərsə, sahib olduqları əkin sahələrini yararsız hala salmamalıdır.

Ciddi fəsad həm də torpağın kimyəvi maddələrlə normadan artıq yüklənməsidir. Burada söhbət torpağa ümumiyyətlə gübrə verməkdən getmir. Torpaq hər mövsümdən sonra gücdən düşdüyündən onun özünə gəlməsi üçün gübrədən istifadə edilməlidir. Gücün yenidən bərpası üçün onun tərkibinə istər azot, istər kalium və fosfor verilməlidir. Söhbət normadan artıq yüklənmədən gedir. Məsələn, fermer bilməlidir ki, onun torpağının tərkibinin neçə faizi azot, fosfor və kaliumdan ibarətdir. Tutaq ki, azot çoxdur, fosfor azdır. Deməli, balansın yaradılması üçün fosfor verilməlidir. Bunu necə bilmək olar? Əlbəttə ki, kimyəvi analizin nəticəsinə əsasən. Analiz etdirməyəndə isə azot üstünə azot gəlir. Və torpağın strukturunu birtərəflilik təşkil edir.

Son illər fermerlər bazara tez məhsul çıxarmaq üçün ən çox azot gübrəsindən istifadə edib insanların sağlamlığına təhlükə törədirlər. Məsələn, qarpız əkən fermer onun daha tez yetişməsi və iri olması üçün torpağını zəruri mikroelementlərlə zənginləşdirmək əvəzinə, gəlirinin çox olması üçün onu azotla yükləyir. Nəticədə məhsulun tərkibində nitratın çoxluğu alıcıların orqanizmində bir sıra xoşagəlməz hallar yaradır.

Əksər fermerlərin kimyəvi analizə etinasız yanaşmalarının nəticəsi nə ilə qurtara bilər? Kənd təsərrüfatı bir-birinə zəncirvari şəkildə bağlı olan sahələrdən ibarətdir. Bir sahəyə etinasız yanaşılma digər sahədə problemlər yaradır. Hər bir fermer bilməlidir ki, torpağının tərkibindəki fosfor, azot və kalium çatışmazlığı məhsuldarlığa birbaşa təsir göstərir. Azərbaycanda adambaşına 0,18 hektar əkin sahəsi düşür ki, bu da dünyada orta göstəricidən xeyli azdır. Bu qədər sahədən alınan məhsulla ölkə əhalisini taxılla, tərəvəzlə, heyvandarlıq məhsulları və sənayeni xammalla təmin etmək lazımdır. Bu da əkinçiliyin intensivləşməsini, əkin sahəsindən məhsuldarlığın yüksəldilməsini tələb edir. Mikroelement baxımından torpaqda balans yaranmasa, normadan artıq yüklənmə baş versə, bu, əvvəlcə məhsuldarlığın azalmasına, son nəticədə yararsız hala düşməsi ilə nəticələnəcək. Qida təhlükəsizliyi həm də budur.

Siyasi məqamlara gəlincə. Bəzi xarici ölkələr istehsal etdiyi məhsulunu aldırmaq üçün təzyiq basitələrindən də istifadədən çəkinmirlər. Ancaq inanırıq ki, Azərbaycan özünün qida təhlükəsizliyi üçün dirəniş göstərməyi bacaracaq.