Bizə qalan Mövlud

bize-qalan-movlud
Oxunma sayı: 1788

Fərid Hüseyn

Mövlud Mövlud...

Haçansa özümüz də bilmədən qoşalaşdı bu ad... Elə bil quş qanadı idi...
Təkcə Mövlud olsaydı nə olardı?
İndi hamı “Mövlud intihar edib” yazır... İkisindən birinin payına düşüb ölüm...
Biri qalıb... öz ölümüylə qalıb.
Ürəkləri yandıran bir Mövluddu...

***


İstedadların, həmkarların aramsız ölüm xəbərlərini eşidirik... Dünən Kəramət Böyükçöl bir az ağrıyla, həm də istehzayla ləbələb bir status yazmışdı: “Görəsən, sabah kim öləcək?”

Ancaq bilmirmiş ki, növbə ayağı – quyruq o qədər də uzaqda deyilmiş... Yazıçı dostunun, badə yoldaşının, sirdaşının başının üstündəymiş əlidəryazlı əzrayıl?

Bizim ədəbi nəslin yarpaq tökümü 8 ildir başlayıb... Fərhad Mete, Zərdüşt Şəfi və sən... Sizlər çoxaldıqca, ölənlərin sayı dirilərlə ayaqlaşmaq istəyərkən lap “qatılaşır qaranlıq”.

Bu ki, yarpaq tökümü olmadı. Bu ki, xəzəldi... Bu ki, elə bil göydən ələnir...

Ayaqlamaq, ayaqlayıb payızın səsini eşitmək istəmədiyimiz xəzəl...

***

Sən öldün, bu dünyada bir sirr artdı, o dünyada biləcəklərimizin biri də çoxaldı...

İndi hamı gülüşündən danışır və düşünürlər ki, o gülüş ölə bilməz...

İndi hamı optik aldanmalarına bəraət qazandırır...

***

Sonuncu dəfə ucaldın...

Zirvəyə qalxdın...

Zirvədən zirvəyə yol yoxdu... Enməliydin...

***


Bir yerdə işləyirdik. Yadımdadı, Binəqədidə kirayə qaldığın ev yanırdı. Tərcümə Mərkəzinin həyətində siqaret çəkən həmkarla gərdişi-dövrandan dəm vururduq... Çölə qaçdın... “Evim yanır” dedin... Oğlun Ucal və həyat yoldaşın orda idi... “Evim yanır” sözünü elə dedin ki, elə bil on altı mərtəbəli binanın hamısı sənin idi... Nə xoşbəxt imişsən onda, evin yanırmış... İndisə ocağın söndü...

***

Tərcümə Mərkəzində çalışdığım otağa gəlirdin, “müəllim” deyirdin mənə... Sən mənə “müəllim” deyəndə “qalstukundan asılmış adam” şeiri sayrışırdı gözümün önündə. Haçansa dilindən qopan “Fərid” sözü, “abi” sözü daşlaşıb olmuşdu “müəllim”. Bilirdim ki, sancmaq üçün, ironiya ilə deyirdin... Sonra hər ikimiz işdən çıxdıq... Və həmin “müəllim” sözü yenə də döndü “Fərid doğmalığına”... “Arı bir yol vurmağı bəzən üstün tutur yaşamaqdan”.

***

Bu yazını yazmazdım, nədənsə könlümə doldu, elə bildim, yazmasam ürəyimin əleyhinə gedəcəm...

Demişdim ölənlərdən yazmayacam, olmadı, qoymadız...

***

Söz qoşmaq, yozmaq səninçün “iki vur iki” idi...

Ölürdün yozmaqdan, don geyindirməkdən, hadisələrə məna biçməkdən ötrü...

Cibindən 85 qəpik, alışqan və kirayə evin açarı çıxıb...

Başqasının cibindən çıxsaydı indi min yerə yozardın, sarsılardın...

De görək, nə demək istəyirdin?