Bizə xəfiyyə lazım deyil

bize-xefiyye-lazim-deyil
Oxunma sayı: 2081

Azər Qismət

Xaricilərin xəfiyyə filmlərinə hər birimiz baxmışıq. Bir ölkəyə göndərdikləri xəfiyyələrə təlimatlar verirlər. Onlar da həmin ölkədə kimisə ələ almağa çalışırlar. Dost olurlar, çaya, qəhvəyə dəvət edirlər, nəhayət əsl amallarının nədən ibarət olduğunu deyirlər. Bununla da xarici xəfiyyəyə yerli xəfiyyə də qoşulur. Pul qarşılığında, ya da xarici ölkədə yaşamağa həvəsləndirməklə.

Əgər xarici rejissorlar bizim ölkədə olsaydılar, daha o cür filmlər çəkməzdilər. Bizdə xarici xəfiyyələrin əziyyət çəkib informasiya toplamasına ehtiyac yoxdur. Heç çay, qəhvə də lazım deyil. Elə ictimai nəqliyyatla bir kilometr yol getsələr, ya da çayxanada otursalar hər şeyi öyrənəcəklər. Amma bir az tərəddüdlə öyrənəcəklər. Çünki bizim adamlar həqiqi xəbərlərin gözünə yalan xəbərləri də qoşurlar. Hələ xarici xəfiyyələr bilmir ki, biz qarışqanı fil edənlərik, birinin də üstünə beşini qoyanıq. Lakin elə məsələlər var ki, onlar ictimaiyyət arasında səslənməməlidir.

Seçki günü rayonlardan birində olduq. Rayon rəhbərliyinin nümayəndəsi süpürgəçilərə yüksək səslə deyirdi ki, “yaxşı süpürün, filan ölkənin səfiri 1 saatdan sonra burda olacaq”. Özü də bunu eşidən təkcə süpürgəçilər olmadı, sadə adamlar da bildi ki, filan ölkənin səfiri filan saatda orda olacaq. Təhlükəsizlik baxımından bunu adamlar arasında demək olmaz.

Yaxud, görürsən ki, hansısa hərbçi çayxanada oturub yüksək səslə dostuna xidmət etdiyi obyektin özəlliklərindən danışır. Hətta bildirir ki, oranın bazasında nələr var, əsgər və zabit heyətinə qədər söyləyirlər, üstəlik mənfi və müsbət halları da bölüşür. Özü də bu azmış kimi hərbi obyektin harada yerləşdiyini və ora hansı yollarla getməyi də deyir. Deməli, istənilən xəfiyyəyə özünə əziyyət verməsi qalmır. Sakitcə məlumatı öyrənib ötürür. Hələ özlərini öyə-öyə guya cəbhə xəttində filan əməliyyatı aparmalarını da danışırlar.

Prezident seçkiləri günü metronun “28 May” stansiyasının daxilində ikən 2 polisin biri eskalatordan aşağı, o biri yuxarı qalxırdı. Biri o birinə uca səslə deyirdi ki,  “andiçmə Respublika sarayında olacaq?”. O biri də qayıtdı ki, “ya Respublika sarayında, ya da Milli Məclisdə. Bayraq meydanında kiçik hərbi parad da keçiriləcək”. Vəssalam, andiçmə mərasiminin harada keçirilməsini ordakıların hamısı bildi. Aydın məsələdir ki, onlara belə şeyləri adamlar arasında danışmamağı tövsiyyə ediblər, hətta qadağan olduğunu vurğulayıblar. Lakin neyləyəsən ki, dil dayanmır. Məsələn, andiçmə mərasimindən əvvəl Milli Məclisin qarşısının asfaltlanması zamanı fəhlələrin öz aralarında andiçmənin məhz orada keçiriləcəyinə dair danışıqlarını hardasa bağışlamaq olar. Çünki fəhlədirlər, nəyin harada deyilib-deyilmədiyini bilmirlər. Lakin hərbçi və polis əməkdaşları bilməlidirlər ki, elə məsələlər gizli qalmalıdır. Allaha şükür ki, ölkəmizin təhlükəsizliyi yaxşı qorunur. Ən kiçik detal belə araşdırılır. Biz evdə sakit yatdığımız halda güc nazirliklərinin fəaliyyətindən əminik. Bu cəhətdən arxayınıq.

Ancaq əməkdaşların nəyi harada deyib-deməmələrini bilmələri çox vacibdir. Başa düşürəm ki, kimsə özünü məlumatlı göstərməyə çalışır. Yəni, “mən məlumatlıyam, mən bunları daha yaxşı bilirəm” prinsipi adamlarımızın canında çoxdan mövcuddur. Elə Nazirlər Kabinetinin tərkibinin yenilənməsindən əvvəl bütün çayxana və kafelərdə, ictimai nəqliyyatda artıq adamlar vəzifələri müəyyən etmiş, kimisə çıxarıb, kimisə təyin etmişdilər. Özü də belə tonda: “Bütün bunları mənə yuxarıdakı yaxın adam məlumat verdi”. Sözləri yalan çıxanda isə belə deyirlər: “Əvvəl belə idi, son anda fikirlərini dəyişdilər”. Yalansa elə...