Bizə zəfər yaraşır

bize-zefer-yarasir
Oxunma sayı: 1322

Fərid Hüseyn

İndi əksər problemlər boş şey kimi görünür. “Vətən”, “torpaq” deyib birləşib hamı. Gözəli odur ki, “Vətən” sözü Vətən, “Torpaq” sözü Torpaq statusundadır, qəti pafos-zad görünmür. Başqa vaxt olsaydı son günlərdəki kimi çıxışlar bizə inandırıcı görünməzdi. Ancaq son günlər hamı bir amal ətrafında birləşib, hər bir qələbə sevinci, düşmənin məhvi hamını sevindirir, hər şəhid bütün evləri matəmə qərq edir. Müharibə itkisiz olmur, arzulayaq ki, itkimiz az olsun və nəticədə uğurların, qələbələrin sevincini çox adam dadsın.

Anam xəstədir deyə hər gün bir dəfə xəstəxanaya gedirəm. Adətən, ağrılardan inildəyən, zarıyan, koridorlarda narazı ifadəylə gəzənlər belə dikəlib, gümrahlaşıb sanki. Koridorda hamı müharibədən danışır, deyirlər ki, bizimkilər bəzi yüksəklikləri işğaldan azad edib, inşallah, Qarabağ da düşmən tapdağından təmizlənəcək.

Bəlkə də biz bu hissləri hamılıqla yaşamaq üçün, bu düşüncəyə gəlib çatmaq üçün belə bir mənəvi mərtəbəyə yetişməliyikmiş. Bu günə qədər sözdə olan birlik bu gün əməldədir və hamını, hər cür, hər düşüncədə, müxtəlif cəbhədə olan Azərbaycanı bir amal altında görmək vətəndaş kimi adamı qürurlandırır.

Ətrafımda olan bircə nəfərdə belə təlimçilik ruhu yoxdur, bu dəfə hamı işləyir. Jurnalistlər jurnalist kimi, siyasətçilər siyasətçi kimi... Gücü, imkanı olmayan dua, alqış edir. Bu gün Azərbaycan bir oddur və hamı onun başına toplaşıb, qızınır, işığını görür və bundan hamıya pay düşür.

Müharibəni ermənilər istəyir və bunun üçün hər cür itkilərə də hazır olmalıdırlar və bu dəfə artıq bıçaq sümüyə dirənib. Bu döyüşlər beş gün də, bir ay da, bir il də çəksə yenə də bu birlik olmalıdır. Bu artıq Sovet İmperiyasının maraqları üçün döyüşdüyümüz II Dünya Müharibəsi deyil, bu bizim öz müharibəmizdir. Onun üçün də xalq da mübarizəyə daha ürəklə girişib. Öz müharibəmiz bizə təbii ki, daha maraqlıdır, çünki burda bütün məsuliyyət öz üzərimizə düşür... ...bütün itkilərə rəğmən...

Müharibəni Azərbaycan yaratmayıb, münaqişə illəri ərzində atəşkəsi biz pozmamışıq, son məlum hadisələrin bu şəkildə yaranmasını da biz istəməmişik. 24 ildir ki, bütün dünyaya sülh təklif edən, xalqları dincliyə dəvət edən bizik, ermənilər isə sonu naməlum prosesi uzatmağa, müharibə başlatmağa çalışır. Proses elə yerdə gəlib dirənib ki, daha nə isə məlum olmalıdır və heç olmasa, ermənilər də bilməlidir ki, bir Azərbaycan əsgərinə görə onlarla erməninin həlak olması qaçılmazdır.

Ermənilərin idiotluqları ondadır ki, münaqişənin ilk günündən seçdikləri yolda bu gün də eyni şəkildə yürüyürlər: Hansı əclaf yoldur o? Onlar daim dinc əhalini hədəf seçirlər, əsgərlərlə, döyüş zəmində vuruşmağa hünərləri, qeyrətləri çatmır və dinc sakinlər öldükcə biz daha da hiddətlənir və ağır zərbələr endirməli oluruq.

Düzü, çəkilişləri, kadrları gördükcə, zəfər xəbərlərini oxuduqca və insanlarımızı belə mətin gördükcə, aydın görünür ki, zəfər bu millətə, dövlətə və xalqa necə yaraşır... Elə bil xalq olaraq gözəl bir paltar geyinmişik və bu paltar bütün rəngi, ölçüsü və biçimi ilə bizi min qat gözəlləşdirir...