Bizi aldada bilməyəcəklər - Araşdırma

bizi-aldada-bilmeyecekler-arasdirma
Oxunma sayı: 1102

Ölkədə məşhur markaların adı altında istehsal olunan saxta mobil telefonların satışı günbəgün artır. Bununla bağlı həyəcan təbilləri çalınıb, qeyri-leqal yolla daxili bazarlara yol tapan bu mobil telefonların hansı ciddi fəsadlara səbəb olacağı dəfələrlə söylənilib. Hətta Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də bu xəbərlərə etinasız yanaşmayıb müəyyən tədbirlərin görüləcəyini bəyan edib. Nəhayət, söylənənlər nəticəsini verdi. Belə ki, mayın 1-dən ölkədə Mobil cihazların qeydiyyat sistemi (MCQS) tərəfindən mobil cihazların qeydiyyat işlərinə start veriləcək.

“Qafqazinfo”nun apardığı araşdırmalara görə, Azərbaycanda hər 100 adamdan 84-də mobil telefon var. Hər ay orta hesabla ölkəyə 12 000-dən artıq mobil telefon idxal olunur. Satışda olan saxta telefonların sayı isə 1 milyonu keçib. Bu telefonların çoxu Azərbaycana əsasən, Cənub-Şərqi Asiya, Koreya, Dubay və Çindən gətirilir. Avropa ölkələrindən fərqli olaraq, bu ölkələrdən sərfəli qiymətlərlə ölkəyə gətirilən telefonlar sexlərdə yığılır, daha sonra dövriyyəyə buraxılır. Həmin aparatların qiymətinin ucuz olması isə böyük alıcı kütləsini özünə cəlb edir.

Məşhur mobil telefon istehsalçısı olan “Nokia” şirkətinin hesablamalarına görə, dünya bazarında satılan hər 5-ci mobil telefon ya qeyri-leqal, ya da lisenziyasız nüsxədir. Bu telefonlar əsasən bir dəfə istifadə etmək üçün nəzərdə tutulur, xarab olduqda onlar düzəldilmir, yararsız hala düşür.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da deyir ki, hazırda ölkə bazarındakı telefonların 30-40 faizi saxtadır: “Müxtəlif dükanlardan alınan telefonlara illərlə təminat verilməsinə baxmayaraq, xoşagəlməz hallar baş verir. Telefon partlamalarının səbəbi isə aparatın qiymətli komponentlərindən biri olan akkumulyatorun saxta olması ilə bağlıdır. Telefonların qiymətli detallarının əksəriyyəti çox vaxt onların istehsalçısı deyil, digər ölkələrə məxsus firmalar tərəfindən saxta yolla hazırlanır. Nəticədə yığma aparat alınır ki, bu da keyfiyyətsiz məhsul deməkdir”.

Saxtanı orijinaldan necə seçək?!

Əslində diqqətlə nəzər yetirsək saxta telefonları orijinaldan tamamilə fərqləndirmək olar. İlk öncə telefonun xarici görünüşünə baxmaq lazımdır.
Bütün saxta telefonlar keyfiyyətsiz tərcümə və çoxsaylı orfoqrafiya səhvlərinə malikdir. Onların funksionallığı da orijinaldan xeyli fərqlənir.

MÇQS bizə nə vəd edir?

Nazirliyin Məlumat Hesablama Mərkəzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na uyğun yaradılan MÇQS gələn aydan məlumatlar tam toplanıldıqdan və onlar üzərində uyğun təhlillər aparıldıqdan və şəbəkə bütünlüklə analiz edildikdən sonra tam gücü ilə fəaliyyətə başlayacaq. Qeydiyyat sistemi istismara başladığı tarixədək şəbəkədə istifadə edilən bütün mobil cihazların İMEİ nömrələri qeydiyyata alınmış hesab ediləcək və onların şəbəkədə maneəsiz işləməsində heç bir problem yaşanmayacaq. Sistem işə düşdükdən sonra qeydiyyatsız, oğurluq və klon cihazların İMEİ kodları vasitəsilə identifikasiya olunaraq mobil rabitə şəbəkələrində istifadəsi məhdudlaşdırılacaq.

Qeydiyyat sistemi istismara verildikdən sonra şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilərək istifadə olunan (respublikamızın mobil operatorlarının SİM kartları vasitəsi ilə) hər bir mobil cihazın İMEİ nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 gün müddətində qeydiyyata alınacaq. Bu qayda respublikamıza gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmayacaq. Yəni onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə biləcəklər.

Ölkəmizdə yaradılacaq qeydiyyat sistemi Beynəlxalq GSM Assosiasiyası tərəfindən təşkil olunan “vahid qlobal qara səhifə”yə qoşulmaqla, müxtəlif ölkələrdə oğurlanmış mobil cihazların respublikamızda istismarının qarşısını alacaq.

Mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlarından rahatlıqla istifadə edilməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan (xalq arasında “pirat” kimi tanınan) mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin edilməsindən ibarətdir. Eyni zamanda, qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir. İtirilən mobil cihaz sahibinin qeydiyyat mərkəzinə müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır və oğurlanmış mobil cihaz qısa müddətdə lazımsız əşyaya çevrilir.

Proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanan bu qeydiyyat sistemi qeyri-qanuni yollarla ölkə ərazisinə idxal olunan mobil cihazlardan istifadənin qarşısının alınmasını təmin edir.

RİTN-in Məlumat Hesablama Mərkəzində mərkəzi baza sistemi quraşdırılıb. Eyni zamanda, mobil operatorların şəbəkələrində uyğun avadanlıqlar quraşdırılıb və mərkəzi baza sistemi ilə uyğunlaşdırılıb. Dövlət Gömrük Komitəsi və Naxçıvan Muxtar Respublikası da mərkəzi baza sisteminə qoşulub.

Qeyd edək ki, hazırda belə sistemdən Türkiyədə, ABŞ-da, Hindistanda istifadə edilir. Ukraynada da bənzər sistemin tətbiqinə cəhdlər edilib, lakin müvəffəqiyyətlə sonlandırılmayıb. Avropa ölkələrində isə oğurluq mobil cihazlar barədə məlumat mübadiləsi vahid qara siyahı üzərindən təşkil olunur.

Qeydiyyatsız telefonlar nömrələri “qəbul etməyəcək”

Mobil telefon nömrələri yalnız “Mobil cihazların qeydiyyat sistemində” qeydiyyatda olan mobil telefonlarda işləyə biləcək. Telefonların qeydiyyatına gəldikdə isə bunu satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə mobil telefonları ölkəyə idxal edən bütün hüquqi və fiziki şəxslər həyata keçirəcəklər. Onlar idxal etdikləri mobil cihazların markaları, modelləri, sayı və İMEİ nömrələri barədə məlumatları ərizə ilə yaradılacaq qeydiyyat mərkəzinə təqdim edəcəklər. Qeydiyyat mərkəzi tərəfindən üç iş günü ərzində məlumatlar araşdırılacaq və Dövlət Gömrük Komitəsi tərəfindən MCQS-ə elektron formada göndərilən İMEİ nömrələri ilə müqayisə ediləcək. Sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə ərizədə göstərilmiş İMEİ nömrələri dərhal ağ səhifəyə daxil ediləcək. Əgər ərizədə göstərilmiş İMEİ nömrəsinin ağ səhifədə olduğu və ya onun surətinin köçürüldüyü aşkar edilərsə, həmin İMEİ nömrəsi dərhal qara səhifəyə daxil ediləcək.

Bəs xaricdən aldığımız telefon...

Yaradılan yeni sistemdə bu cür hallar nəzərə alınıb. Vətəndaş mobil operatorların müştəri xidmətlərinə və poçt şöbələrinə yaxınlaşaraq xaricdən aldığı telefonun İMEİ kodunu qeydiyyata saldıra biləcək. Müştəri xidmətlərinin və ya poçt şöbələrinin nümayəndələri tərəfindən qəbul edilən sənədlər dərhal elektron formaya çevrilərək, qeydiyyat mərkəzinə göndəriləcək. Təqdim edilmiş məlumatlar qeydiyyat mərkəzi tərəfindən üç iş günü ərzində araşdırılacaq və sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə ərizədə göstərilmiş İMEİ nömrələri dərhal ağ səhifəyə və ya uyğunlaşdırılmış ağ səhifəyə daxil ediləcək və bu barədə abunəçiyə məlumat veriləcək. Ərizədə göstərilmiş İMEİ nömrəsinin ağ səhifədə olduğu və ya onun surətinin köçürüldüyü aşkar edilərsə, həmin İMEİ nömrəsi dərhal qara səhifəyə daxil ediləcək və bu barədə müraciət edən şəxsə (onun nümayəndəsinə) səbəb göstərilməklə, qeydiyyat mərkəzi tərəfindən rəsmi cavab veriləcək. Mobil cihaz istifadə edildiyi halda isə abunəçiyə aidiyyəti mobil operator tərəfindən qısa mesaj göndəriləcək. İMEİ nömrələri qara səhifəyə daxil edilmiş telefonlara 24 saat ərzində telekommunikasiya xidmətinin göstərilməsi dayandırılacaq.

Mobil telefon itsə və ya oğurlansa?

İMEİ nömrəsi ağ səhifədə və ya uyğunlaşdırılmış ağ səhifədə qeydiyyatda olan mobil telefonu, onun istifadəçisi (sahibi) itirildiyi, yaxud oğurlandığı halda, həmin mobil cihaza mobil operatorların şəbəkələrindən xidmət göstərilməsinin məhdudlaşdırılması üçün qeydiyyat mərkəzinə və ya onun məlumat-sorğu xidmətinə müraciət edə biləcək. Müraciət edən abunəçi bunu şəxsiyyət vəsiqəsini qeydiyyat mərkəzinə təqdim etməklə, mobil nömrəsini və ya mobil cihazının İMEİ nömrəsini bildirməklə edə biləcək. Təqdim olunacaq məlumatlar sistemdə olan məlumatlarla müqayisə olunacaq və uyğunsuzluq aşkar edilmədiyi halda, mobil cihazın İMEİ nömrəsi dərhal qara səhifəyə daxil ediləcək.

Mobil operatorlar da cərimələnəcək

Qeydiyyat sistemi qurulmadan öncə qarşıya çıxan problemlərin həll edilməsi və onun mərkəzi baza sistemi ilə əlaqələndirilməsi üçün mobil operatorlarla birgə müzakirələr aparılıb və nəticəyə uyğun tədbirlər görülüb.

Mobil operatorlar tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara xidmət göstərilməsi aşkar olunarsa, bu halda onlar cərimələnəcək. Bu barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 180-2-ci və 180-3-cü maddələrdə deyilir. Məcəlləyə edilən əlavəyə görə, mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsinə görə vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə ediləcək.

İMEİ nömrəsini necə müəyyən edək?

Yeni mobil cihazların qeydiyyatının yüksək səviyyədə təşkil edilməsi üçün əhali “qaynar xətt”dən və ya internet səhifəsindən bu barədə aldığı məlumatlarla yanaşı, eyni zamanda mobil operatorların müştəri xidmətlərindən ətraflı məlumat əldə edə biləcəklər.

Mobil cihazlardan *#06# yığmaqla İMEİ nömrəsini müəyyən etmək olar.

Yaradılacaq xüsusi internet səhifəsindən istifadə etməklə abunəçilər istifadə etdikləri mobil cihazların İMEİ nömrələri ilə cihazların orijinallığını müəyyənləşdirə, eləcə də əlavə məlumatlar əldə edə biləcəklər.

Nigar Məmmədli