Bizi aldadıblar...

bizi-aldadiblar
Oxunma sayı: 4199

Sahilə İbrahimova

Bu günlərdə istəmədən sosial şəbəkələrdə çox aktiv oldum. İlin sonuna bitirməyi hədəflədiyim romanım üzərində xeyli iş varkən, saysız-hesabsız şərhlər oxudum, düşündüm və yoruldum. Müsbət tərəfləri tapmaq, bütün işləri kənara atıb bu yazını yazmağa həvəslənmək isə an məsələsi oldu. İttihamlarını blokladığım izləyicilərdən biri rəfiqəmə “məni bloka atıb, budu dözümü, budu böyüklüyü? Biz də xalqı düşünür deyib az qala başımıza çıxarmışıq” yazıb gileylənməsi oldu. Məni bu istiqamətdəki fikirlərimi sistemləşdirməyə yönəltdiyi üçün keçmiş izləyicimə təşəkkür borcluyam. 

İki-üç il öncə sosial şəbəkələrdə indi olduğundan daha aktiv idim. Uzun illər blok siyahım bom-boş, ağappaq oldu. Hər fikri önəmsəmək və dözmək lazımdır deyə təkrarladım gələn-gedənə. İndi də bu fikirdəyəm; hər fikir doğrudan da fikirdirsə, ittiham və böhtan, başqa doğrunu sənə qəbul elətdirmək cəhdi deyilsə... 

Adam yazdığın məğzi beynində bloklayıb, öz anladığı şeyi sənin fikrin olaraq gözünə soxursa, bunun qarşısını almağa məcbursan. “Belə deyil, yazdığım başqa şeydir, rica edirəm, daha diqqətlə oxuyun, başqa bucaqdan baxmağa çalışın dediyinə” rəğmən, sənin səmimiliyinə inanmırsa, adamı durdurmaq lazımdır. Artıq insanlarla bu ünsiyyət şəklini seçmişəm. Çünki məqsədim daha çox insana çatmaq, fikirlərimi böyük auditoriyaya daşımaqdır. Məqsədim fərdlərə başqa cür düşünməyi təklif etmək olsa da, enerjimi təklərə deyil, çoxlara sərf etməli olduğumu anlayıram. 

Xanım “biz də xalqı düşünür deyə sayıb, hörmət etmişik, başımıza çıxarmışıq” yazıb. Açığı, insan kimi xanımı məyus etdiyim üçün məyus olsam da, müəllif-oxucu tandemində yaranmış vəziyyətdən çox məmnunam. Çünki mən xalq yazıçısı, xalqın sözcüsü olmaq istəmirəm. Əksər hallarda xalq özünə qəhrəman seçib ondan alət kimi istifadə edir. Daha doğrusu, xalq yazıçını, yazıçı da xalqı istismar edir. Bu gedişlə xalq yazıçını sözün həqiqi mənasında, yazıçı da xalqı çıxışlarında, bəzəkli cümlələrində “əziz xalqım, qüdrətli millətim...” müraciətləri ilə başına çıxarır. Nəticədə ikisi də bir-birini itirir. Bu aqibət təkcə yazıçı-xalq duetində baş vermir, bütün başa çıxarılan hallarda izlənilir. 

Mən xalqla dalaşmaq istəmirəm, anlaşmaq istəyirəm. Anlaşmaq - o məni (yazdığımı) anlamağa çalışsın, mən onu. Buna rəğmən, mən xalqla həmişə onun dediyini təkrarlayacam, eşitmək istədiyini deyəcəm deyə razılığa gəlməmişəm. Xalqın şairi, yazıçısı olmaq mənim üçün qorxulu şeydir. Bu öhdəlik, məhbusluq məni olduqca narahat edər. Ən azından ona görə ki, mən çox zaman kütlənin lazım olan yerə getməyib, lazımsız ünvanlarda toplandığını bilirəm. İnsanların keçmişdən yapışıb indini görmək istəmədiyini, gələcəyi qurmaq üçün hər vəchlə fərdi məsuliyyətdən qaçdığından xəbərdaram. Xalqa küylə, bölücülüklə liderlik etməyi dəstəkləmirəm. Beyin olaraq liderindən asılı olan kütlə başındakından məhrum olan kimi yoxa çıxır. Konsept olaraq dəstəklədiyim - nə mənə, nə bir başqasına ümid olub, yaşamayın. Bol-bol düşünün. Çək-çevir edin. Şübhə altına alın. Bucağınızı dəyişin, başqa qapıdan boylanın, divarı dağıdın, nəfəslik açın... Sizə çatmalı olanı tələb edin! Fərdi qaydada mübarizə aparmağı öyrənəndən sonra. 

Aylar öncə Bakı kəndlərindən birinin olduqca kasıb məhəlləsində çəkiliş edirdik. Operatorun əlində kamera, mənim əlimdə kağız görən adamlar “kino çəkməyin e, bizim güzəranı çəkin göstərin, görün nə vəziyyətdə yaşayırıq deyib, işimizə acıqlandılar. Mən “iki gün öncə icra başçınız vətəndaşları qəbul edirdi, niyə şikayətlərinizi toplayıb, etiraza getmədiniz? Niyə sizi görsünlər deyə kiminsə gəlib çəkib göstərməsini gözləyirsiz?” deyincə adamlar təxmin etdiyiniz kimi, etiraz sözündən diksinib, “əşşi” ilə söhbəti uzatmadılar. Bizim çətinliklərdən qurtulmaq istəyimiz hələ də “İmam Mehdi gələcək” mexanizmi ilə işləyir. 

Bu yaxında verilişlərin birinə dəvətli idim. Bir meyxanaçı, 3 yazıçıdan biri olaraq qatıldığım verilişdə özümü lazımsız hiss edir, necə davranacağıma qərar verə bilmirdim. Verilişin baxımlı olması üçün meyxanaçıya, onun duet ortağı olan qıza möhtac qaldığımızı anlayırdım. Söz tez-tez meyxanaçıya verildiyindən, mən boş vaxtdan yararlanıb ədəbiyyatın da Azərbaycanda eynən mənim kimi özünü rahatsız hiss etdiyini düşündüm. Səhifəmdə “ədəbiyyatı dəstəkləyən” minlərlə adam kitabım çıxanda üz qabığını bəyənib “təbrik edirəm” yazmaqla kifayətlənir, onu almaq üçün vaxtından, pulundan keçmək istəmir. Azərbaycan xalqı Azərbaycan yazıçısına nə vaxt dəstək oldu ki, sonra onun hanısısa daha gəlirli işdə çalışmasına irad bildirərək haqlı olsun?

Məni yüksək maaşlı şirkətdə çalışdığım və onu dəstəklədiyim üçün ittiham edən oxucu, əvvəllər səmimi olduğumu düşündüyünü yazırsan. Mənsə, bu sözlərinə inanmıram. Necə ki sən mənim çalışdığım şirkətlə bağlı bir-iki cümləlik xoş münasibətimin səmimiliyinə inanmırsan, bunu əmək haqqı xatirinə yazdığımı düşünürsən. Dediyimi olduğu kimi qəbul eləmə demirəm. Demərəm! Dediyimdə doğru payı ola bilər deyə düşün istəyirəm. Həyat ağla, qaranın sərhədləri arasında deyil. Nisbətləri nəzərə almadan yaşamaq, başqasına rəğmən daha yaxşının yanında durmaq və onu dəyərləndirmədən ömür sürmək olmur. Bizə yalanın, səhvin balacası, böyüyü olmur deyiblər. Bizi aldadıblar. Bu fikri böyük yalançılar başımız balaca işlərə qarışsın deyə uydurublar. 

Fərdlərə gedən yolun kütlədən keçdiyini bilirəm. Bu səbəbdən hərdən kütlənin məni görə biləcəyi yerlərdə görünürəm. Lakin bu, orda qalmaq məqsədi ilə bağlı deyil. Hədəfim fərdlərlə anlaşmaqdı. O fərdlər ki, bir gün onların doğrusunun əksini deyəndə həmən hücuma keçməyəcəklər, onları acıqlandıran fikrin həqiqət olmaq ehtimalı üzərində düşünəcək, etirazlarını incimiş eqolarının diktəsi ilə deyil, məntiqə əsasən dilə gətirəcəklər. O fərdlər çevriliş edəcəklər.