Bizi dədə-babalar öldürəcək...

bizi-dede-babalar-oldurecek
Oxunma sayı: 3148

Azər Qismət

Metronun “Nəriman Nərimanov” stansiyasının girişindəki tarixi fotolara baxmısınızmı? Elə isə baxıb müqayisə aparın. Dünənimizlə bu günümüzü. Xarici fotoqrafların çəkdiyi o illər barədə dolğun məlumat əldə edəcəksiniz. Yolun kənarında, toz-torpaqlı yerdə göy-göyərti satılır, zibilli yerdə ürəyi yananlara su təklif edilir, uşaqların gözü qarşısında inək kəsilir, qanı hara gəldi axıdılır.

Üstündən illər keçdi. Bizim dövrün qəssabaları da inəklərini tozlu-torpaqlı yerdə, uşaqların gözü qarşısında kəsirlər. Aidiyyatı qurumlar heyvanların qapalı və səliqəli yerlərdə kəsilməsini məsləhət görəndə isə qəssablar əsəbləşir. Deyirlər ki, “dədə-babadan belə görmüşük”. Hətta bəziləri inəyin kəsilməsinin uşaqların psixikasına mənfi təsirindən söz düşəndə haray-həşir qoparır ki, “müharibə şəraitində yaşayan uşaq indidən qan görməlidir”. Kartof perajkisi bişirilən yerlərdə çörəyin eyni qabdakı acikoya batırılıb yeyilən onlarla obyektlər var. Hələ nəzərə alaq ki, üstündən illər keçib. Təfəkkür isə mağara təfəkkürüdür.

On iki il Almaniyada yaşayan yaxın adam mənə dini məktub göndərib ki, “bunu 10 nəfərə göndər, işlərin yaxşı gedəcək, daha qəm-kədər görməyəcəksən, pulun başından aşacaq”. O boyda Avropanın göbəyində də təfəkkür dəyişməyib. İnsan övladının beynində reforma yoxdursa, Amazonkaya da aparsan dəyişməyəcək. Necə ki Hüqo Fransadan çıxmadığı halda dünyanı təsvir edən əsərlər yazıb.

Almaniya demişkən. Telekanallardan biri eyvanlarda paltar asmağın düzgün olmadığı barədə süjet yayımlamışdı. Adamlardan sorğu götürəndə çoxları belə dedi: “Dədə-babadan görmüşük ki, paltarı eyvandan asarlar”. Sonra telekanalın Almaniya üzrə müxbiri yerli sakinlərdən müsahibə alıb. Onlar isə belə dedilər: “Bizə paltarı eyvandan asmağa kimsə qadağa qoymayıb, amma düşünürük ki, şəhərin görünüşünə xələl gətirir, ona görə də asmırıq”. Təfəkkür öz sözünü dedi.

Kənddə taxıl əkən fermerə deyirəm ki, “əgər torpağını lazımi pestisidlərlə zənginləşdirsən, bir hekltar sahədən 40-45 sentner məhsul götürərsən”. Deyir ki, “dədə-babadan belə görmüşük ki, bir hektardan 20-25 sentner məhsul götürülər”.

Stadion tikilir, deyirlər ki, “elə bizə stadion yaraşır”. Daha deyilmir ki, qonaq komandalar gələndə ot örtüyündə inəklər gəzən stadiondan xəcalət çəkirdik. İri konsert kompleksi tikilir, deyirlər ki, “bizə konsert salonu lazım deyil”. Daha deyilmir ki, bu boyda ölkənin Respublika sarayından savayı müasir konsert kompleksi yox idi.

Hərdən oturub heyrətlə təəccüblənirsən, necə olub ki, belə təfəkkürlə Qız Qalası, İçərişəhər dövrümüzə qədər gəlib çatıb. Niyə dağıdılmayıb, daşalrı bağ evlərində hasarlara hörülməyib. Allah etməsin, ölkədə özbaşınalıq yaransa, ya Qız Qalasını çayxanaya çevirəcəklər, ya da silos anbarına. Adını da qoyacaqlar ki, köhnə binadır, üstündə əsməyinə dəyməz. Amma sanki hansısa 3-4 təfəkkür sahibi o abidələrin dağılmasına imkan verməyib. Hər bir dövrdə belə qanadlı mələklərimiz olub. Yoxsa, balta-çəkici götürüb dağıdardılar ki, evimin qarşısını kəsir, hava gəlmir.

SSRİ təzə dağılanda un milyonçularından biri telekanala pul verib ki, Nəriman Nərimanovu pisləsinlər. Fikrini belə əsaslandırıb ki, “Nərimanov kimi bolşeviklər ölkəmizi boyunduruq altına salıb, imperiya siyasətinə qurban verib”. Televiziya əməkdaşları Nərimanovu geninə-boluna asıb-kəsiblər. Bir müddətdən sonra əvvəlkindən də xeyli pul verib ki, bu dəfə Nərimanovu qəbrində o üz- bu üzə fırladın. Onlar da el dili ilə desək Nərimanovun atasını yandırıblar. Özü də jurnalistlər öz aralarında pul verən milyonçunu “patriot” - deyə çağırarmışlar. Sonra məlum olub ki, o pul verən yekəqarın kişi Nərimanovun ev muzeyini ələ keçirmək istəyirmiş. Bakı meriyasına verdiyi pullar batıb. Kimsə qanadlı mələk buna imkan verməyib.

Qanadlı mələklərimiz bizi tamam dağılmaqdan qoruyur. Nə yaxşı ki, hələ qanadlarını tam sındırmayıblar.