Bizi ölümə aparan yol - Araşdırma

bizi-olume-aparan-yol-arasdirma
Oxunma sayı: 942

Bunları nəzərə alaraq “Qafqazinfo” gənclərin zərərli vərdişlərə aludə olmasının səbəblərini və çıxış yollarını araşdırıb.

Mütəxəssislər bu barədə nə düşünür?

Mütəxəssislərin qənatincə, keçirilmiş hər hansı bir stresdən, həyəcandan, yorğunluqdan sonra insanın müsbət əhval yaradan hallara ehtiyacı olur. Bir stəkan isti çay və ya bumbuz su (şəraitdən asılı olaraq), dadlı yemək, yumşaq kürsü insanı xoşallandırır. Bu zaman insanın orqanizmində endorfinlər adlanan maddələr əmələ gəlir. Bunlara “həzz hormonları” da deyirlər. Onlar ağrını kəsir, əhvalı yüksəldir, immuniteti stimullaşdırır. Orqanizmə daxil olan spirtli içkilər və narkotik maddələr bu daxili həzz hormonlarının azad olmasına səbəb olur. Narkotik vasitələrin bəziləri öz quruluşu etibarilə orqanizmdə əmələ gələn endorfinlərə bənzəyir və daxili “həzz hormonlarına” ehtiyac qalmır. Onları yaradan mexanizm zəifləyir, sıradan çıxır. Sağlamlığın səviyyəsi – insanın sağlamlığının “miqdar” göstəricisidir. Bu, 1 km yolu piyada zorla gedən adamla, marafon məsafəni qət edən adamın fərqində özünü göstərir. Bu, düzgün qidalanan, fiziki cəhətdən aktiv istirahət etməyi bacaran, siqaret çəkməyən, spirtli içki və narkotik istifadə etməyən adamla əlinə düşəni yeyən, az hərəkət edən, sutkada 3 saat yatan, gündə 2 qutu siqaret çəkən adamın fərqindədir. Narkotik maddələrdən, spirtli içkilərdən, tütün məmulatlarından, toksiki (zəhərli) maddələrdən asılılıq zərərli vərdişlər kimi xarakterizə olunur. “Zərərli” ona görə ki, bu maddələrin həm asılı fərdin orqanizminə, həm də bütövlükdə cəmiyyətə ziyanı vardır. “Vərdiş” ona görə ki, asılılıq çox möhkəm olur və ondan xilas olmaq çətin olur. Lakin xilas olmaq çətin olsa da, onların istifadəsindən çəkinmək o qədər də çətin deyildir.

Bizi ölümə aparan vərdişlər nələrdir?

İnsanların ziyanlı vərdişləri onların ömrünü illərlə qısalda bilər. Oslo Universitetinin alimləri 20 il müddətində minlərlə insan üzərində apardığı araşdırmadan sonra bu qənaətə gəlib. Belə ki, siqaret çəkmək, spirtli içki qəbul etmək, gündə 3 dəfədən az meyvə və tərəvəz yemək, eləcə də həftədə 2 saatdan az fiziki işlə məşğul olmaq kimi ziyanlı vərdişlərin hamısı olan 314 nəfərdən 91 nəfər (29 faizi) araşdırma müddətində dünyasını dəyişib. Bu vərdişlərin heç biri olmayan, tam sağlam 387 nəfərdən isə 32 nəfəri (8 faizi) ölüb.

Nəticələrə görə, bu ziyanlı vərdişlərin hamısı ölüm riskini artırır və belə insanlar sağlam adamlardan 12 dəfə daha sürətlə yaşlanırlar. Ancaq təəssüf ki, sağlam həyat tərzi daha uzun ömür mənasına gəlmir.

“Gənclərin daxilində boşluq var”

Psixoterapevt Elmir Əkbərin fikrincə, gənclərin zərərli vərdişlərinin olması birinci növbədə onunla bağlıdır ki, onlar özlərini sağlam şəkildə realizə edə bilmirlər: “SSRİ dövründə məktəblərdə, universitetlərdə hər sahə üzrə müxtəlif dərnəklər var idi. Uşaqlar özlərini realizə edə bilirdilər. Amma indi bunlar yoxdur. Ona görə də gənclər maraq hissini zərərli istiqamətlərə yönləndirirlər. Gənclər onlara olan mənəvi yanaşmaları başa düşmədiklərinə görə daxilindəki boşluq hissi onları nəyəsə sövq edir. Onlar zərərli vərdişlərdən boşluq hissini doldurmaq üşün istifadə edirlər. Onlar bu vərdişlərdən çıxarmaq niyə çətin olur.

Psixoloq hesab edir ki, onların həyatını daha maraqlı nələrləsə doldurmaq lazımdır: “ Bunun üçün dünya təcrübəsində həyata keçirilən xüsusi mərkəzlər var. Amma çox heyif ki hazırda postsovet ölkələrində belə mərkəzlər açılmayıb. Yaradılan QHT-lər də heç də həmişə gənclərlə işləmək istəmirlər”.

“Valideynlər övladları ilə maraqlanmır”

Onun sözlərinə görə, asılılığa meyillikdə xaraketerin də rolu var: “Elə insanlar var ki, təsirə çox tez düşürlər. Bundan əlavə televiziyalarda maarifləndirmə də demək olar ki, yoxdur. Sosial roliklər çəkilməlidir Özəl televiziyalar bu rolikləri o gece saat 1 də verir. O saatda da həmin verilişə gənc oturub baxmayacaq. Bundan əlavə zərərli vərdişlərin ziyanları barədə cəmiyyətə dolğun informasiya verilmir. Məsələn, içkinin ziyanı haqında düzgun informasiya gənclərə çatdırılmır. Gənclərin düzgün çevrələri yoxdur. Valideyn övladı illə maraqlanmır. Gənclərə “olmazlar” ı dedikcə uşaq o onlara daha çox meyillənir.

Narkotikaya aludə olan gənclər

Gənclərin ən təhlükəli zərərli vərdişlərindən biri onların narkotik istifadəçisinə çevrilməsidir. Ölkədə narkotik istifadəçilərinin sayı hər il 2000-2500 nəfər artır. Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda ölkədə 26 min 716 nəfər qeydiyyatda olan narkotika istifadəçisi var. Narkotika istifadəçiləri arasında gənclərin də sayı çoxdur.

Mütəxəssislərin fikrincə, yeniyetmə və gənclər müxtəlif üsullarla narkotik vasitələrə alışdırılır. Yeniyetmələrin dönüşü çətin olan bu yola düşməməsi üçün onların ətrafında olan bütün insanların diqqətli və məsuliyyətli olmasını vacib hesab edirlər. Narkoman qruplar adətən yoluxdurmaq üçün imkanlı ailələrin uşaqlarını hədəf seçirlər. Belə ki, əvvəlcə narkotika pulsuz verilir. Yeniyetmənin bu vasitəyə alışmasından sonra isə pul tələb olunmağa başlayır. Pul əldə etmək mümkün olmayanda isə oğlanlar oğurluq etməyə, qızlar isə fahişəliklə məşğul olmağa başlayırlar. Uşaqların pis yola yönəlməməsi üçün valideyn qayğısını, sevgisini kifayət qədər etməlidir.

Dövlət çox iş görməlidir

Mütəxəssislərin fikrincə, dövlət orqanları bu sahədə çox az tədbirlər həyata keçirir. Mübarizə zəif şəkildə aparılır. Problemin əleyhinə yönələn treninq və ya seminar, rəsm müsabiqələri keçirmək, müzakirələr aparmaqla problemin öhdəsindən gəlmək olmaz. Seminarlarda daha çox fəal uşaqlar iştirak edir. Problem də ondadır ki, həmin uşaqlar risk qrupuna daxil olmayan uşaqlardır. Risk qrupuna daxil olan uşaqlarla fərdi şəkildə söhbətlər aparmaq lazımdır. Mətbuatda, televiziyada bu mövzulara geniş yer verilməlidir. Dövlət bu işi aktiv şəkildə idarə etməlidir. İctimai təşkilatlara dövlət qurumları ilə bir yerdə işləmək imkanı yaradılmalıdır. Sənədli filmlər çəkilməlidir. Bu gün uşaqlar bir portalı açanda hər nə desən tapa bilsə də, ona ziyanlı olan məqamlarla bağlı məlumat və ya reklam çarxı tapa bilməz. Bundan əlavə, yeniyetmələr üçün reabilitasiya mərkəzləri yoxdur.

Günel

Araşdırma “Qızılbaş” GMİB-nin QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən “Gənclərin problemlərinin mediada müzakirəsi, ictimai debatlar” layihəsi çərçivəsində hazırlanıb.