Bizi Sizdən qurtarın!

bizi-sizden-qurtarin
Oxunma sayı: 645

Pulumuzu zibil kimi yeri qazıb içinə gömürsünüz susuruq, dinə bilmirik, qohum-qardaşınızı, oğul-uşağınızı vəzifələrə yerləşdirib, korrupsiya ilə məşğul olursunuz danışmırıq, birimizin atası, digərimizin qardaşı, həyat yoldaşı olan taksi sürücülərini tabeliyinizdə olan qoçular vasitəsilə döydürürsünüz səsimiz çıxmır. Amma mənəviyyatımıza toxunmayın hisslərimizə dəyməyin yetər... Bəsdirin!

Bu sözləri sizə deyirəm. Çünki nəqliyyat nazirliyində əldə olunan hər bir uğur sizin adınızla anılır. Neqativ hallara, mövcud çatışmazlıqlara da birbaşa Siz məsuliyyət daşıyırsınız. Biz ayrı-ayrı sürücüləri, onların tabe olduğu marşrut-avtobus sahiblərini tanımırıq cənab nazir, biz sizi tanıyırıq.

Ərəb baharını gətirən qığılcım Tunisdə bir göyərtisatanın özünü yandırması ilə başladı. Amma o zavallını özünə od vurmağa vadar edən hadisə nə idi yəqin çoxlarımız bilmir. Onun da hisslərinə toxunulmuşdu, polis bir qadın ona şillə vurmuşdu çünki. O polis qadın deyil, kişi olsaydı nə o adam özünü yandırardı nə də bu boyda haray həşir, hay-küy qopub qoca diktatorlar rəzil-rüsvay olmazdılar. İndi insanların mənəviyyatı ilə oynayan, hisslərini təhqir edib əzən diktatorun arvadının ayaqqabısından tutmuş alt paltarınacan satışa çıxarılıb Tunisdə. İllərin diktatoru Bin Əli bütün bu biyabırçılığa xaricdən baxıb utanmaqla məşğuldur yəqin. İnsanları bu həddə çatdırmayın cənab nazir.

Çox uzağa getmədən Quba hadisələrini xatırlamaq kifayətdir. Keyfiyyətsiz çəkilsə belə insanları təhqir edən sözlərin açıq eşidildiyi bircə video ilə icra başçısı yalvar-yaxar edirdi, camaatdan üzr istəyirdi nə fayda ki, yenə vəzifəsində qala bilmədi. Təhqir olunmuş qubalılar tutuldu, incidildi amma yenə Rauf Həbibovu barındırmadılar Qubada. Siz belə minnətə getdiniz, unutmamısınız yəqin.

Bunları xatırladıram çünki, nazirliyinizə tabe avtobuslarda hər gün təhqir olunuruq, alçaldılıb incidilirik. Gündə bir taksi sürücüsünü döyən qoçularınızı bir dəfə də bəzi harınlamış, sadist avtobus sürücülərinin üstünə göndərin. Yetər hər gün belimizdə beş kişi ilə sürtüşə-sürtüşə getdiyimiz yollarda abrımızın töküldüyü. Yetər artıq bir az yavaş sür dediyimiz sürücünün acığa daha möhkəm sürməyi. Qapısı açıq avtobusdan sallandığımız yetər. Həyatımız təhlükədədir qurtarın bizi... Qurtarın “siz”dən.

Bütün bu kinimin, öfkəmin səbəbi bəlkə də hər gün hər birimizin rastlaşdığı, artıq hamımız üçün adiləşən sürücü özbaşınalığı, sürücü tərbiyəsizliyidir. Sovet vaxtı sürücülər həyat məktəbi keçmiş, davranış diplomunu yollardan almış müdrik kişilər olardı. İndi sərnişinlərin canını bəzi sürücülük vəsiqəsi olmayan, ailə tərbiyəsi görməmiş, harın “böyümüş uşaqların” tapılmayan vicdanına həvalə etmisiniz. Yolları avtoş qırıntıları olan adi davranış, danışıq qaydalarından xəbərsiz bəzi yeniyetmələrin ümidinə buraxmısınız. Olmaz belə. Səbrimiz dolub, daşmaqdadır cənab nazir.

P.S. 170 saylı avtobusun adını verməyə cürəti çatmayan tərbiyədən kasad, cavan sürücüsü. Sənin adını soyadını tapmaq bir jurnalist kimi mənə heç çətin deyildi. Sadəcə yaşadığımız ölkədə səni aidiyyatı qurumlara şikayət etsəydim mənim hüquqlarımı sənin hüquqlarını tapdalamaqla bərpa edəcəkdilər. Sürücülük vəsiqən olmadığı, sərnişinləri təhqir etdiyin üçün rüşvət alacaqdılar səndən. Sən mənim haqqımı tapdaladın. Amma mən sənin haqqın tapdalansın, valideynlərin, ailən get-gəldə qalsın, incidilsin istəmədim. Mənim vicdanım buna yol vermir manqurtlaşmış başdan başqa heç nəyi olmayan dəliqanlı qardaşım.