Bizim bayram bayram deyil?

bizim-bayram-bayram-deyil
Oxunma sayı: 2280

Dünya Sakit

Rusiyada böyük supermarket şəbəkələri Yeni ilqabağı bayram endirimləri elan ediblər. Bəzi bölgələrdə 15-20 faizə çatan endirimlər ölkə əhalisinin xeyli hissəsinin marketlərə axışmasına səbəb olub. Rusiya mətbuatının bir qədər zarafatla yazdığına görə, camaat marketlərin piştaxtalarını ikicə günə boşaldıb. “Maqnit”, “X5 Retail Group”, “Pyateroçka”, “Diksi” kimi şəbəkələr əhalinin bu reaksiyasından istifadə edərək boşalan piştaxtaları bir günə doldurublar: daha çox satıb daha çox qazanmaq üçün. Mətbuat isə səhər dolub, axşama boşalan marketlərdən reportajlar yayımlamaqdadır...

Qeyd etmək artıqdır ki, Yeni il kimi böyük bayramlar öncəsi belə endirimlər təkcə Rusiya deyil, dünyanın əksər ölkələrində aparılır. Və bu endirimlər yalnız ərzaq deyil, bütün mal və məhsulları, hətta xidmətləri əhatə edir. Əksər turfirmalar Yeni il üçün hazırlanan turların, gəzinti səfərlərinin, bayram şənliklərinin qiymətlərini maksimum ucuz edirlər ki, daha çox müştəri cəlb edə bilsinlər.

Ərzaqlardan isə məxsusi olaraq bayram süfrəsində istifadə olunan qidalar, hədiyyələr daha çox qiymət endiriminə məruz qalır. Çünki qiymət ucuzluğu alıcını cəlb edən əsas amillər sırasında birinci yerdədir. O ölkələrin sahibkarları camaatın bayram üçün hazırlıq həvəsindən istifadə edərək maksimum qazanc götürməyə çalışırlar. Lakin bunu qiymətləri qaldırmaqla deyil, qiymətləri endirib, əziyyət çəkib daha çox satmaqla etməyə çalışırlar. Dünya ölkələrində pərakəndə satış statistikasını izlədikdə Yeni il kimi bayramlar ın olduğu aylarda satış həcminin digər aylara nisbətən kəskin fərqləndiyini görmək olur: həm dəyər, həm də həcm ifadəsində.

Onu da deməyə ehtiyac yoxdur ki, Azərbaycan hələ də o “əksər” ölkələr sırasına çatmayıb: bizdə Yeni il, ondan daha müqəddəs olan Novruz bayramları öncəsi qiymətlər nəinki endirilmir, əksinə, daha da bahalaşdırılır. Əlbəttə, bizdə də böyük super, hətta hipermarketlər var. Qiymətlərin onlardan daha ucuz olduğu deyilən kənd təsərrüfatı yarmarkaları da var. Lakin ucuzlaşma, özü də bayramlar ərəfəsində buralarda “dəb” deyil.

Yeni il ərəfəsində bayram süfrəsi üçün zəruri olan bütün növ ərzaq məhsullarının qiyməti artırılır. Novruz ərəfəsində eyni aqibətlə xarakterik süfrə nemətləri, quru meyvələr, çərəzlər dəvənin belinə qaldırılır. Hətta iş o yerə çatıb ki, hava soyuyanda göyərtinin, Qurban bayramı ərəfəsində ətin qiymətini artırırlar. Yəni hər fürsətdən istifadə edirlər ki, daha az satıb, daha çox qazansınlar. 

Qeyri-ərzaq məhsullarında isə vəziyyət bir qədər fərqlidir. Müsbət mənada yox, daha çox mənfi mənada. Belə ki, endirim elanları verilməzdən əvvəl qiymətləri qaldırıb, elandan sonra əvvəlki vəziyyətinə qaytarırlar – bu da olur endirim...

Bayram şənlikləri, konsertlər, gəzinti yerləri də market-mağazalardan geri qalmırlar. Bir neçə saatlıq bayram şənliyində iştirak etmək üçün elə fantastik qiymətlər təyin edirlər ki, az-çox pulu olan insanlar belə harasa getmək fikrindən daşınıb bayramı evində keçirməli olur. 

Düzünü deyim, bu günlərdə marketlərə girib alış-veriş etdikcə qiymətlərin az-az da olsa bahalaşdığını gördükdə hətta Rusiyada belə bayramqabağı endirimlərdən yararlananlara həsəd aparmaya bilmirəm. Nə vaxtsa Azərbaycanda da belə endirimlərin olacağını xəyal etmək belə insanı həvəsləndirir. Amma hələ ki, bizə xəyal etmək düşür. Görək, milli sahibkarlarımız nə vaxt dünya bazar qaydalarına real olaraq əməl etmək yolunu seçəcəklər...