Bizim də ağzımız var...

bizim-de-agzimiz-var
Oxunma sayı: 3835

Seymur Verdizadə

Sovet hökumətinin yaxşı cəhətlərindən biri də o idi ki, ata ilə oğlun eyni qurumda çalışmağına icazə vermirdi. SSRİ rəhbərliyi atanın öz oğlunu himayə edəcəyindən, nəticədə, digər şəxslərin hüquqlarının pozulacağından ehtiyyat edirdi. Çünki sovet vətəndaşları öz övladları ilə qonşunun övladları arasında bərabərlik işarəsi qoyacaq qədər demokratik təfəkkürə sahib deyildilər...

Rəhmətlik Bəxtiyar Cavadov sovet dövründə prokuror postuna ən gənc yaşlarında yiyələnmiş beş-altı adamdan biri olub. Atalarının çiynindəki ulduzlar oğlanlarının gözlərini qamaşdırdığı üçün onlar da hüquq-mühafizə orqanlarında çalışmağa qərar veriblər. Övladlarının bu arzusunu gözlərində qoymaq istəməyən qayğıkeş ata dərhal öz vəzifəsindən istefa verib. Sabiq prokuror ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olaraq, gənc nəslin yetişməsinə layiqli töhfələr verib.

Tələbə yoldaşlarının savadlı hüquqşünas kimi xarakterizə etdikləri Azərbaycanın Hindistandakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayevə isə çiynindəki ulduzların sayını artırmaq nəsib olmayıb. Həmin vaxt müstəntiq işləyən Qarayev sovet hökümətinin məlum qərarından sonra tutduğu vəzifədən istefa verərək, indiki BDU-da müəllim kimi fəaliyyət göstərməyə başlayıb. Çünki hələ cavan yaşlarında prokurorluq orqanlarında ad-san çıxarmış ata Qarayev yeni-yeni zirvələr fəth etməkdə israrlı idi...

Mərhum Bəxtiyar Cavadovun 18 il əvvəl çay süfrəsi arxasında nəql etdiyi bu iki epizodu təsadüfən xatırlamadım. Son vaxtlar hansı məmurdan yazıramsa, dərhal dost-tanış başımın üstünü alır: “Bilirsən o kişinin oğlu harada işləyir?” Bilmədiyim üçün çiynimi çəkib dururam. Amma “sual yağışı” ara vermir: “Xəbərin var ki, müəllimin kürəkəni hansı nazirlikdə çalışır?” Yenə susuram. Çünki bunun mənimçün heç bir əhəmiyyəti yoxdur. 

Bəzən isə bu məzmunda təhdidlərlə qarşılaşıram: “Ağlını başına yığ! Həmin oğlanın atasının tabeliyində beş min adam işləyir” 

Axırda səbr kasam daşır: “Atamı əlimizdən erkən aldığı üçün indi mən Allaha üsyan etməliyəm?!”

İki il əvvəl 40 yaşım tamam olanda saytların birinə bu məzmunda müsahibə vermişdim: “Qardaşım prezident olsa, mən yenə jurnalist qalacağam”.

Mənim heç kimin kürsüsündə gözüm yoxdur. Danışmaqdan və yazmaqdan başqa əlimdən heç nə gəlmir. Amma bu ölkədə “köhnə qvardiya”nı əvəzləməyə layiq olan minlərlə gənc kadr var. Onların önünü açmaq, estafeti gənc nəslə vermək lazımdır. Azərbaycan təkcə qocaların deyil, həm də cavanların vətənidir...

İnsanın yaşaması, fiziki mövcudluğunu davam etdirməsi üçün işləməsi lazımdır. Amma bir nəfər beş vəzifəni qamarlayanda, dörd nəfər işsiz qalır. Mən həmin o dörd nəfərin yanındayam...

Allah-Təala Azərbaycan xalqından öz səxavətini əsirgəməyib. Xalqımız naz-nemət içərisində üzür. Bu nemətlərdən faydalanamq üçün Allah bizə də ağız verib. Amma bəzi məmur dostlarımız elə bilirlər ki, Allah ağzı onlara yemək, bizə isə danışmaq üçün verib...