Bizim ermənilər

bizim-ermeniler
Oxunma sayı: 3279

Asəf Quliyev

Son günlər istər virtual, istərsə də real məkanda erməni ailəsinin Azərbaycandan sığınacaq alması çox müzakirə olundu. Müzakirənin səngiməsi müşahidə olunan zaman erməni ailəsinin Azərbaycana gəlməsində vasitəçi olmuş hüquq müdafiəçisi Novella Cəfəroğlu barıtı bir az da artırdı: “Daha 50 erməni ailəsi Azərbaycana gəlmək istəyir”.

Çoxları bu fikirləri nizə-qılıncla qarşıladı. Amma bir qədər əsəblər soyuyub deyə, soyuq başla düşünmək üçün yaxın tariximizin bəzi maraqlı faktlarını diqqətinizə çatdırmaq istəyirəm.

Bir neçə gün əvvəl sosial şəbəkədə Azərbaycandan sığınacaq almış ermənin ictimai fəal qonşusu belə bir fikir bildirdi ki, guya o erməni bizim başımıza oyun açacaq. Əlbəttə, bu, əsəblərinə hakim ola bilməyən bir erməninin “vətənə xəyanət” eləmiş həmvətəni haqda fikirləri idi.

Mən xeyli erməni tanıyırdım ki, onlar müharibə olmasını istəmirdi. Heç ərazi iddialarına da qoşulmurdu. Ümumiyyətlə, münaqişə başlayanda Dağlıq Qarabağda yaşayan ermənilər 3 qrupa bölünürdü. Separatçılar, anti-separatçılar və biganələr. Kimin necə qiymətləndirməsindən asılı olmayaraq bu, belə idi. Zaman-zaman proseslər getdikcə balans separatçıların xeyrinə dəyişdi. Və proseslərə biganə olan çoxluq separatçıların təsiri altına düşdü.

Ehtimal etmək olar ki, eyni situasiya Ermənistanda da var idi. Və bu gün də istər Dağlıq Qarabağda, istərsə də Ermənistanda anti-separatçılar var və onlar separatçıların və separatçıların təsiri altında olan biganələrin sadəcə əsirinə çevrilib.

Bu gün separatçıların əsas liderlərinin Ermənistanda hakim elitanı təşkil etməsi və sözün həqiqi mənasında faşist rejimi qurması heç kim üçün sirr deyil. Əlbəttə ki, bu, dünyanın güc mərkəzlərinin maraqlarını təmin etdiyinə görə, onların anti-insani fəaliyyətinə göz yumulur.

İndi isə Dağlıq Qarabağ münaqişəsinin müharibə fazasına keçidi ərəfəsində baş vermiş iki faktı diqqətinizə çatdırmaq istəyirəm. Əslində hər iki fakt çox oxşardır. Bu oxşarlıq təsadüf və digər təkzibləri rədd edir.

Birinci. Şuşada icra hakimiyyətinin başçısı öz kabinetində güllələndi. Mikayıl Gözəlovun ölümü əlbəttə ki, Şuşanın müdafiəsində təkzibolunmaz boşluqlar yaratdı. Bu, başqa mövzudur. Amma Mikayıl Gözəlov qətlə yetiriləndən sonra Şuşa ətrafındakı erməni kəndlərindən ona müraciət olunduğu məsələsi ortaya çıxdı. İcra başçısına ətraf erməni kəndlərindən separatçılara qoşulmadıqlarını və Azərbaycanın tabeliyini qəbul etdiklərini bildirən məktublar ünvanlanmışdı.

İkinci. Azərbaycan Xalq Cəbhəsi Ağdam rayon şöbəsinin sədri, millət vəkili Eldar Bağırov Bakıda qətlə yetirildi. Eldar Bağırov öldürülməmişdən əvvəl çoxları bilirdi ki, Ağdamın ətrafındakı erməni kəndlərindən analoji müraciət ona da çatdırılıb.

Hər iki şəxs öldürüldü. Müəmma hələ də qalır. Əlbəttə, bu hadisələrinin istintaqında bu faktın araşdırılıb-araşdırılmadığını dəqiq deyə bilmərəm. Amma araşdırılması çox vacib bir məqamdır.

Kimsə bu müraciətlərin qondarma olduğunu, yəni təşkil edildiyini deyə bilməz. Çünki Azərbaycan hakimiyyəti həmin kəndlərdə iş apara bilmirdi, erməni liderlərinin isə belə bir cəhd etməsi qeyri-mümkündür. Kimsə ehtimal edə bilər ki, erməni separatçılar bunu özləri təşkil edib və məqsəd Azərbaycandan qovulmaq təhlükəsini önləmək olub. Elədirsə, niyə həmin müraciətlər verilmiş şəxslər ikisi də eyni ssenari ilə aradan götürüldü? Əlbəttə, bu müəmma araşdırılmalıdır. Amma bu dəfə söhbətimizin mövzusu başqadır.

Bəli, istər dünən, istər bu gün, istərsə də sabah həm Dağlıq Qarabağda, həm də Ermənistanda separatçılara qoşulmayan ermənilər olub, var və olacaq. Onlara “bizim ermənilər” də demək olar.

P.S. Əgər biz Qarabağa qayıtmaq istəyiriksə, “ermənilərin hamısı düşməndi, hamısının başını kəsmək lazımdır” kimi şüarlar bizim yolumuzu açmayacaq. Təsadüfi deyil ki, Azərbaycan rəsmiləri də hərdən “Dağlıq Qarabağdakı ermənilər bizim ermənilərdir” deyir. Və hətta Dağlıq Qarabağdakı QHT-lərə qrant verilməsi ideyası da səslənir. Təbii ki, bütün bunlar bir gündə həll olan məsələ deyil. Amma “bizim erməniləri” də bizdən küsdürməmək üçün baxış bucağını korrektə etmək lazımdır.