“Bizim küçə göldür, üzürük...” - Şikayət

bizim-kuce-goldur-uzuruk
Oxunma sayı: 1563

Xırdalan rayonu, Quşçuluq massivi, İslam Səfərli küçəsinin sakini Leyli Abbasova Abşeron rayon icra hakimiyyətindən şikayətçidir.

Bu barədə “Qafqazinfo”ya müraciət edən L. Abbasova qeyd edib ki, 3 ilə yaxındır ki,  sözügedən küçənin su turbaları və kanalizasiya xəttləri partlayıb: “Bizim küçə elə bil ki göldür, üzürük. Bu məsələ ilə bağlı dəfələrlə Abşeron İcra Hakimiyyətinə, Prezident Administrasiyasına, “Azərsu”ya sakinlər adından müraciət olunub. Administrasiyanın tapşırığından sonra icra nümayəndəsi həmin yerə bir ay bundan öncə baxış keçirsə də, heç bir tədbir görülməyib. 

Dəfələrlə zəng etməyimizə baxmayaraq icra nümayəndəsi telefona cavab vermir. Əraziyə baxış zamanı isə icranın bir su xəttini dəyişməyə belə imkanı olmadığını, “Azərsu”nun əməkdaşlarının isə onların müraciətin saymadığını deyirlər. İcra nümayəndəsi deyir ki, 20 metr su turbası almağa belə pulları yoxdur”.

“Qafqazinfo” məsələ ilə bağlı icra nümayəndəsi ilə əlaqə saxlasa da o zənglərə cavab vermiyib.

“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı isə məsələ ilə bağlı “Qafqazinfo”ya bildirib ki, Xırdalan şəhərinin Quşçuluq massivində mövcud su xətləri insanlar tərəfindən fərdi qaydada çəkilib: “Tikinti norma və standartlarına uyğun olmayan bu xətlərin əksəriyyəti bu gün istismara yararsızdır və şəbəkədə tez-tez qəzalar baş verir. “Azərsu” ASC-nin balansında olmasa belə, Abşeron sukanal idarəsi su itkilərinin qarşısını almaq və abonentlərin su təchizatında fasilələrin yaranmaması üçün mütəmadi olaraq həmin fərdi xətlərdə təmir-bərpa işləri aparır. Yeri gəlmişkən 2017-ci lin yayında Azərbaycan hökumətinin Səudiyyə İnkişaf Fondu ilə birgə maliyyələşdirdiyi layihəyə uyğun olaraq Xırdalan şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanılıb. Hazırda Quşçuluq massivi də daxil olmaqla Xırdalan şəhərinin müxtəlif ünvanlarına yeni su və kanalizasiya xətlərinin tikintisi davam edir və layihə 2019-ci ildə başa çatdırılacaq. 

Bununla da Quşçuluq Massivində insanlar tərəfindən primitiv qaydada yaradılmış su və kanalizasiya şəbəkəsi ləğv ediləcək. Standartlara cavab verən yeni şəbəkənin istismarına başlanılacaq. Qeyd edim ki, dekabrın 1-5 tarixlərində 955 Zəng mərkəzinə Quşçuluq massivindən 2 şikayət daxil olub və onlar da kanalizasiya xətlərindəki tutulmalarla bağlıdır”.

Günel Türksoy