Bizim nəyimiz o arvadlardan əskikdir?

bizim-neyimiz-o-arvadlardan-eskikdir
Oxunma sayı: 652

Dünya Sakit

Bizdə, daha doğrusu, sadə insanlarda jurnalistlər barədə maraqlı bir rəy formalaşıb: əksəriyyət hesab edir ki, jurnalist hər şey barədə məlumatlıdır. Bunu son aylarda uşaqları bağçaya qoyandan sonra öz üzərimdə dəfələrlə hiss etmişəm.

Düzünü deyim, demək olar ki, hər həftə azı bir ananın, yaxud tərbiyəçinin yaxınlaşıb hansısa məsələ barədə məlumat, bir çox hallarda isə məsləhət istəməsi hər nə qədər vaxtımı alsa belə, xoşuma gəlir. Sevinirəm ki, jurnalistlərin cəmiyyətdə yalnız yalançı, soyğunçu, reket deyil, həm də savadlı, hər sahədən məlumatlı, hamıya yardım edən bir peşə sahibi obrazı da var. Buna görə də soruşulan bütün məsələlər barədə bildiklərimi, həm də sonradan oxuyub, araşdırıb bimədiklərimi öyrənərək ətraflı məlumat verməyə çalışıram.

Bu günlərdə məlumat istəyən bir hamilə ananın sualına cavab tapmaq çox da çətin olmadı, lakin sualın arxasınca gedib xırda bir araşdırma apardıqda maraqlı və Azərbaycanda ana olmaq istəyənləri məyus edəcək mənzərə üzə çıxdı.

Qeyd edim ki, həmin qadın doğuşdan sonra uşağa görə dövlət tərəfindən ona hansı ödənişlərin olacağını soruşmuşdu. İşləməyən bu qadına analıq məzuniyyəti haqqı ( “dekretnoy”)  və hər hansı uşaqpulu ala bilməyəcəyini, yalnız birdəfəlik 90 manat müavinətə ümidli olmasının lazım gəldiyini deyəndə çox təəccübləndi, həm də məyus oldu... 

Bu söhbətdən sonra bizimlə birlikdə Sovet şinelindən çıxan Qazaxıstan, Rusiya, Belarus, həmçinin bir çox Avropa ölkələrində bu sahədə olan vəziyyəti araşdırdım. Və bu dəfə özüm məyus oldum. Uşağa görə müavinətlərin ən yüksək həddə olduğu Avropa ölkələrini bir qırağa qoymaqla, 3 keçmiş Sovet respublikasındakı vəziyyəti ifadə edən və məni az qala şoka salan rəqəmləri təqdim edirəm:

Qazaxıstanda uşağın anadan olmasına görə birdəfəlik müavinət bu il 1 iyuldan etibarən 1, 2 və 3-cü uşağa görə 86 222 təngə, yaxud 465,6 manat, 4-cü və ondan sonrakı hər uşaq üçün isə 142 947 təngə və ya 771,9 manat təşkil edəcək. 

Bundan əlavə, uşaqların 1 yaşınadək işləməyən analara dövlət 1-ci uşağa görə ayda 13069 təngə(70,6 manat), 2-ci uşağa görə ayda 15 452 təngə (83,4 manat), 3-cü uşağa görə ayda 17812 təngə(96,1 manat), 4-cü və ondan sonrakı hər uşağa görə ayda 20 194 təngə(109 manat) “uşaqpulu” ödəyir. İşləyən analar üçünsə bu məbləğ 3-4 dəfə artıq olur. 

Rusiyada uşaqların 1,5 yaşınadək 1-ci uşağa ayda minimum 2718,35 rubl (81,2 manat), 2-ci və ondan sonrakı hər uşağa görə ayda minimum 5436,67 rubl (162,5 manat) müavinət ödənilir. Bundan əlavə, 2-ci uşaq doğulanda anaya “analıq kapitalı” adlı birdəfəlik müavinət ödənilir ki, hazırda onun həcmi 453026 rubl və ya 13 545,5 manat təşkil edir. 3-cü və ondan sonrakı hər uşaq 3 yaşına çatanadək valideynlər hər ay uşaqlar üçün müəyyənləşdirilən regional yaşayış minimumu həcmində vəsait də alırlar. 

Belarusda isə 01 may-31 iyul 2017-ci il tarixinə 1-ci uşağın doğulmasına görə birdəfəlik müavinətin həcmi 1838,2 rubl və ya 1671,1 manat, 2-ci və sonrakı hər uşağa görə isə 2573,4 rubl və ya 2339,5 manat təşkil edib. Əkizlərə, üçəm və ya dördəmlərə görə əlavə olaraq hər uşaq üçün 367,64 rubl (334,2 manat) birdəfəlik kompensasiya ödənilir. Özü də ölkə üzrə orta aylıq əmək haqqına bağlı olduğu üçün bu məbləğlər hər il, əksər hallarda isə hər rüb artır. Hətta orta aylıq əmək haqqı azalsa belə, uşaq doğulandan əvvəlki yüksək məbləğə uyğun hesablanır. 

Belaruslu qadınların doğuşdan qazancları bununla da bitmir. Belə ki, dövlət səhiyyə müəssisələrində hamiləliyin 12-ci həftəsində qeydiyyata düşən hər ana daha 183,82 rubl (166,5 manat) əldə edir. 

“Batka”nın ölkəsində birdəfəlik ödənişlərdən əlavə, uşaqların 3 yaşınadək hər ay valideynlər 1-ci uşaqda ölkə üzrə orta aylıq əmək haqqının 35 faizi həcmində - hazırda 261,38 rubl (237,6 manat), 2-ci və sonrakı hər uşaqda isə 40 faizi həcmində - 298,72 rubl (271,6 manat) müavinət (“uşaqpulu”) alırlar. Əlil uşaqlar üçün bu məbləğ 336,06 rubl (305,5 manat) təşkil edir. Əgər ana işləyirsə və tutalım ki, uşaq 6 aylıq olandan sonra işə çıxırsa, ailədəki yaxın qohumlardan kimsə (nənə, baba, xala, dayı, bibi və sair) məzuniyyət götürüb uşağa baxarsa, müavinət yenə ödənilir. Bundan əlavə, 3 yaşınadək uşağa baxan valideynin ondan başqa 3-18 yaş arasında uşaqları da varsa, onların hər birinə görə ayda 91,91 rubl (83,55 manat) ödənilir... 

Heç bir əlavə müqayisə gətirmədən qeyd edim ki, Azərbaycanda hazırda orta aylıq əmək haqqı 514 manat, 3 yaşadək uşağa qulluq edən və yalnız işləyən analara verilən müavinətin həcmi 1 yaşadək 30 manat, 1-3 yaşadək isə 15 manatdır...