Biznesin inkişaf etdirilməsi mövzusunda görüş

biznesin-inkisaf-etdirilmesi-movzusunda-gorus
Oxunma sayı: 1226

Dövlət Gömrük Komitəsində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının və Azərbaycan-İtaliya Ticarət Palatasının üzvləri ilə görüş keçirilib. Biznesin inkişaf etdirilməsi mövzusunda keçirilən görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri, "Societe General", "Suez", "Sigma Technical Services", "Total", CCİAF", "İCOG", "İTAREZCOM" və "Ekvita" konsaltinq şirkətlərinin nümayəndələri iştirak edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov çıxış edərək Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatlar barədə məlumat verib. Bildirilib ki, kadr və struktur islahatları hesabına idarəetmənin təkmilləşdirilməsinə, daha çevik və dinamik şəkildə fəaliyyət göstərməsinə nail olunub. Korrupsiya hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, düzgün uçot sisteminin qurulması məqsədilə vergi orqanları ilə birgə fəaliyyətin təşkili fiskal sahədə uğurlu nəticələrin əldə olunmasına şərait yaradıb.

İsmayıl Hüseynov "Yaşıl Dəhliz" buraxılış sisteminin tətbiqi və faydaları barədə də görüş iştirakçılarına məlumat verərək qeyd edib ki, artıq cari ilin fevral ayından tətbiq edilən sistem idxal-ixrac əməliyyatlarının sürətləndirilməsinə, gömrük prosedurlarının sadələşdirilməsinə, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə şərait yaradıb və ən əsası biznes nümayəndələrində könüllü riayət prinsipinin formalaşdırılmasına təkan verib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov Azərbaycanda münbit biznes mühitinin yaradıldığını, gömrük orqanlarının da bu sahəyə öz töhfəsini verdiyini bildirib və bütün ölkələrin işadamlarının Azərbaycanda uğurlu fəaliyyəti üçün şərait yaradıldığını diqqətə çatdırıb.

Sonda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.