Jurnalist bağça rəhbərini məhkəməyə verdi

jurnalist-bagca-rehberini-mehkemeye-verdi
Oxunma sayı: 689

Bakının Xətai rayonunda yerləşən 335 saylı bağçanın müdirəsi məhkəməyə verilib. Səbəb müdirənin bağçada tərbiyə alan uşağı qanunsuz olaraq oradan qovmasıdır. Bu barədə məhkəməyə müraciət edən valideyn isə “Yeni Müsavat” qəzetinin əməkdaşı Röya Rəfiyevadır. R. Rəfiyevanın “Qafqazinfo”ya verdiyi məlumata görə, azyaşlı oğlunu bağçaya qoymaq üçün 335 saylı bağçanın müdirəsi Sevda Almuradovaya dəfələrlə müraciət etsə də, müdirə bağçada yer olmadığını bildirərək onun uşağını götürməkdən imtina edib: “2011-ci ilin iyul ayından, oğlum Qurbanlı Aminin 1 yaşı tamam olandan sonra dəfələrlə bağça müdirəsinin yanında olmuşam. O da hər dəfə bağçada yer olmadığını deyib, jurnalist olduğumu bildiyi üçün bağçaya qəbul üçün pul da istəməyib. Ancaq öyrəndim ki, bağçaya qəbul həyata keçirilir və bunun üçün valideynlərdən 250-300 manat pul tələb edilir. Nəhayət, 2012-ci ilin yanvarında isə bir tanış vasitəsi ilə xahiş etdim və müdirə uşağı bağçaya götürməyə razılaşdı. Oğlum fevralın 1-dən sonunadək bağçaya getsə də, müdirə uşağın sənədlərini götürmədi. Dedi ki, uşağın 2 yaşının bitməsinə hələ 5 ay var, sənədləri 5 ay sonra gətirərsən. Bir ay ərzində isə o, dəfələrlə məni otağına çağırıb işlədiyim qəzeti oxumaq üçün istədi, həmçinin dolayısı ilə pul söhbəti etdi. O, bir neçə dəfə bağçanın vəziyyətinin yaxşı olmadığını, ərzağın əksəriyyətinin özü tərəfindən alındığını bildirərək mənə bağçaya maddi köməklik etməyin vacibliyini xatırlatdı. Mən bir neçə dəfə “Yeni Müsavat” qəzetini müdirəyə apardım. Fevralın 29-da isə mənə bildirildi ki, uşağı təcili şəkildə bağçadan götürüm və bir daha gətirməyim”.

R. Rəfiyevanın sözlərinə görə, müdirə səbəb kimi bağçaya yoxlama gəldiyini və Amin Qurbanlıya görə müdirə ilə körpə qrupundakı müəllimələrə protokol tərtib edilərək cərimə yazıldığını göstərib. Ancaq müdirə protokolu göstərməkdən imtina etdi: “Səhəri gün - martın 1-də bir çox qurumlara, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə, Xətai rayon Gigiyena və Epidemiologiya Mərkəzinə, Səhiyyə Nazirliyinə müraciət edərək bağçada baş verənləri aydınlaşdırmağa çalışdım. Bu qurumlardan bildirildi ki, bağçada heç bir yoxlama keçirilməyib və protokol da təbii ki, tərtib edilməyib. Bunlardan sonra təkrar müdirəyə zəng edib bunları bildirdim və mənə qarşı qurduğu oyunun səbəbini soruşdum. Müdirə məni sonadək dinləməyərək qışqırdı və məni məhkəməyə verəcəyini bildirdi. Dedi ki, onu şantaj edirəm. Mən onun iddia etdiyi protokolu tələb etdim. Dedim ki, mənə göstərsin. Müdirə isə yenə də üstümə qışqırmağa başladı. Mən isə ona dedim ki, əvvəlki gün də məni təhqir edib və bu, ona yaraşmır. O isə məni bir daha təhqir etdi və bildirdi ki, uşağıma məhz müxalifət qəzetində işlədiyim üçün, müxalifət düşərgəsini təmsil etdiyim üçün baxmaq istəmir. Üstəlik, məni tərbiyəsiz adlandırdı və dedi ki, mənim uşağımı bağçasına qoymayacaq. Mən isə ona bildirdim ki, bağça dövlətindir, onun şəxsi bağçası deyil və o uşağıma baxmağa borcludur. Müdirəyə bildirdim ki, baş verənlər mənə və uşağıma qarşı ayrı-seçkilikdir. Mən ayrı-seçkiliyin və oğlumun bağçadan qovulmağının səbəbini soruşdum. Müdirə izah edə bilmədikdə bağçaya qəbul zamanı pul verə bilmədiyimi səbəb kimi göstərib ondan sualıma cavab istədim. Dedim ki, jurnalist olduğumdan başqa məsələlərdən, yəni puldan danışa bilmirsiniz, buna görə uşağımı bağçadan qovursunuz. O isə məni onu şantaj etməkdə günahlandırdı, məni təhqir edərək ağzına, ağlına gələni danışma deyərək otaqdan qovdu”.

R. Rəfiyeva qeyd etdi ki, o, müdirə tərəfindən təhqirə məruz qaldığı üçün, eyni zamanda azyaşlı oğlunun pozulan hüquqlarının bərpası üçün Bakının Xətai Rayon Məhkəməsinə müraciət edib. İşə hakim Raziyyə Ataşovanın sədrliyi ilə baxılacaq. Növbəti proses bu gün, saat 14.30-dadır. O, məsələ ilə bağlı uşaq hüquqları ilə məşğul olan yerli qeyri-hökumət təşkilatlarına da müraciət ünvanlayaraq onlara baş verənləri çatdırıb.

Nigar Məmmədli