Jurnalistin malları gömrükdə müsadirə edildi

jurnalistin-mallari-gomrukde-musadire-edildi
Oxunma sayı: 680

“Qafqazinfo”ya bu barədə məlumat verən NMR-da yaşayan və fəaliyyət göstərən jurnalist bu ayın 14-də İstanbuldan qayıdarkən gömrükdə ona aid 9-10 kiloqramlıq yükün və 300 manat məbləğin alındığını və geri qaytarılmadığını deyib. Jurnalistin sözlərinə görə, İstanbuldan ailəsi üçün aldığı malların kommersiya məqsədli olduğu bildirilərək gətirdiyi malları gömrükdən keçirməsinə icazə verilməyib. Onunla gələn digər sərnişinlərdən belə bir tələb olunmadığını deyən RATİ-nin Naxçıvandakı bölgə müxbiri E. Abbasov bunun ona qarşı hazırlanan təxribat olduğunu qeyd edib: “Onlar kommersiya məqsədli olub-olmadığını yoxlamaq üçün mənim gətirdiyim mallara baxmaq istədilər. Bununla da, hər hansı malı ələ keçirərək sonradan məni gömrükdə malı qeydiyyatdan gizlətməkdə ittiham etmək istəyiblər”. E. Abbasova gətirdiyi malların kommersiya məqsədli olduğunu desələr də jurnalist 50 kilo və 1000 dollardan yuxarı mala rüsum düşdüyünü deyib. Gömrük işçiləri bir çeşiddən bir neçə ədəd olduğunu əsas gətirsələr də jurnalist qanunvericilikdə belə bir qaydanın olmadığını qeyd edib. Ondan malların fakturasını göstərmək tələb edilib. Hazırda Elmar Abbasov məsələ ilə bağlı vəkillə danışdığını deyib. Jurnalist qeyd edib ki, ona və ailəsinə qarşı bu cür təzyiqlər birinci dəfə deyil.

Xatırladaq ki, keçən ayın 28-də jurnalist səkkizinci sinif şagirdi olan qızı Aişə Abbasovanın yuxarı sinif oğlanları tərəfindən döyüldüyünü bildirmişdi.

Səidə