Jurnalistlər Gəncəyə səfər edəcəklər

jurnalistler-genceye-sefer-edecekler
Oxunma sayı: 685

Mətbuat Şurasının təşkilatçılığı ilə həyata keçiriləcək olan səfər çərçivəsində Gəncədən reportajlar, icra başçısı ilə görüş nəzərdə tutulub. Bu barədə musavat.com-a açıqlamasında mətbuat şurasının sədri Əflatun Amaşov deyib. Onun sözlərinə görə səfərin ertələnməsinin səbəbi Oktyabrın 27-30 arası Bakıda keçiriləcək olan türkdilli xalqların ikinci formuna hazırlıq işlərinin aparılması olub.

Xatırladaq ki, ötən həftə Gəncədə "Media və dövlət müstəqilliyimiz" mövzusunda ümumrespublika konfransı keçirilmişdi. Prezident Administrasiyası, Mətbuat Şurası, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “Bakcell” və ARDNŞ-in sponsorluğu ilə baş tutmuş tədbirə ictimai fikrə təsir göstərən KİV rəhbərləri, ictimai-siyasi xadimlər, dövlət rəsmiləri, müxtəlif bölgələrdə fəaliyyət göstərən qəzetlərin təmsilçiləri qatılmışdı.

Bu tədbirdə iştirak edən “Yeni Müsavat”ın baş redaktorunun I müavini Azər Ayxan icra başçısı Elmar Vəliyevə müraciətlə onun ən çox tənqid olunan məmur olduğunu və bunun mətbuatda da öz əksini tapdığını söyləmişdi. O, icra başçısına təklif etmişdi ki, cəmiyyəti maraqlandıran məsələlərlə bağlı “Yeni Müsavat”a müsahibə versin. A.Ayxanın daha bir təklifi isə MŞ-nin təşkilatçılığı ilə reportyor qrupunun Gəncəyə gedib problemləri işıqlandırması olmuşdu. E.Vəliyev bu təklifləri dəyərləndirib, yaxın günlərdə ona cavab verəcəyini bildirmişdi.