“Jurnalistlər həbs olunur, qətlə yetirilir” – Mətn

jurnalistler-hebs-olunur-qetle-yetirilir-metn
Oxunma sayı: 711

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan təbrikdə deyilir:

“Hörmətli media mənsubları!
Əziz və dəyərli jurnalistlər!

Sizi 22 iyul Milli Mətbuat Günü münasibəti ilə təbrik edirəm!
136 il əvvəl Azərbaycan oxucusu ilə görüşə gələn "Əkinçi" qəzeti Milli mətbuatımızın ilk nümunəsidir. Böyük maarifçi Həsənbəy Zərdabi “Əkinçi” qəzetini nəşr edərək, xalqımızın oyanışında, onun cəhalət və xurafatdan qurtulmasında müstəsna xidmətlər göstərmişdir. O zaman bu əsl qəhrəmanlıq və mübarizlik nümunəsi idi.

1875-ci il 22 iyuldan etibarən Azərbaycanda yaradılan müxtəlif nəşrlər ümümmilli problemlərimizin həllində müstəsna rol oynamışdır. Ötən əsrin əvvəli və sonlarında da milli mətbatımız fədakarlıq göstərmiş, jurnalistlərimiz Azərbaycanın müstəqil dövlət olması üçün bütün imkan və bacarıqlarından layiqincə istifadə etmişlər. Azərbaycan mətbuatı həmişə Milli Azadlıq Hərəkatının aparıcı qüvvələrindən biri olmuşdur. Mediamız demokratiya və azadlıq mücadiləsinin ön sıralarında dayanmışdır. Bu yolda Həsənbəy Zərdabi həmişə nümunə olmuşdur.

Dəyərli dostlar!

İndi Azərbaycanda saysız jurnalist var. Müxtəlif sayda və adda dövri mətbuat nəşr olunur. Azərbaycan mətbuatı böyük ənənəyə və mübariz tarixə malikdir. Bütün bunlara baxmayaraq, mətbuat və söz azadlığı sahəsində ölkəmizdə hələ də ciddi problemlər mövcuddur. Jurnalistlər həbs olunur, qətlə yetirilir, əsassız yerə məhkəmələrə çəkilir. Mətbuatın maddi durumu çətindir. Mətbuatın əsas gəlir yeri sayılan reklam sifarişləri hakimiyyətin nəzarətindədir və müstəqil, azad mətbuata həmin sifarişlərin verilməsi problemlidir.

Dəyərli media mənsubları!
Sizlər yenə də mübarizədən yorulmur, ölkədə demokratik dəyərlərin bərpası üçün durmadan mücadilə aparırsınız. Bu çətin, şərəfli yoldur. İnanıram ki, Azərbaycanda məhz sizlərin fəaliyyəti ilə azad və demokratik cəmiyyət formalaşacaq və tarixdə medianın bu yoldakı fədakarlığı xüsusi yer tutacaqdır.

Dəyərli media mənsubları!

Sizi bir daha Milli Mətbuat Günü münasibəti ilə təbrik edir, hər birinizə ailə səadəti, demokratiya, söz və mətbuat azadlığı yolundakı mübarizənizdə uğurlar arzulayıram.

“And olsun qələmə”.
Qələminiz kəsərli olsun!
Tanrı Sizi qorusun!”