Jurnalistlər ölümlə hədələndi

jurnalistler-olumle-hedelendi-
Oxunma sayı: 681

Bu gün saat 12:54-da “Xural” qəzetinin baş redaktoru və “Azadlıq” qəzetinin köşə yazarı Anar Mahmudoğlunun mobil telefonuna 012 – 514-28-67 nömrəli telefondan zəng edən naməlum şəxs onu və övladlarını öldürməklə təhdid edib. A. Mahmudoğlunun telefonuna zəng edən şəxs bildirib ki, “Sən son zamanlar qudurmusan! Çox sərt yazırsan! Səni tikə-tikə doğrayacağıq. Bağırsaqlarını çölə tökəcəyik”. A. Mahmudoğlu həmin şəxsə bildirib ki, “Əcəb edəcəksiz”. Bundan sonra naməlum şəxs bildirib ki, “Sənin qızların var. Qızının harada oxuduğunu, saat neçədə və hansı maşınla məktəbə getdiyini bilirik. Kiçik qızın barədə də məlumatımız var. Bilirik ki, evdən çölə çıxmır. Gör, onların başına nə oyun acırıq.” A. Mahmudoğlunun telefonuna edilən zəngdən beş dəqiqə sonra, saat 12:59-da eyni nömrədən “Xural” qəzetinin redaktoru Nurəddin Xocanın mobil telefonuna zəng edilib. Naməlum şəxs N.Xocaya bildirib ki, “Gah “Boz Qurd” olursan, gah Xoca olursan. Çolaq ayağını kəsib... soxarıq. Belə qudurmusuz ki, “ASİ” nı buraxırsız? Anara da de ki, 2 qızı var və biz bunu bilirik”.

A. Mahmudoğluya zəng edən şəxsin səsinə görə orta yaşlı kişi olduğu güman edilir. Azərbaycan ədəbi dilində danışıb. Eyni nömrədən N.Xocaya zəng edən şəxs də orta yaşlı olub, lakin Naxçıvan ləhcəsi ilə danışıb. Baş vermiş hadisə ilə bağlı A.Mahmudoğlu dərhal Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə məlumat verib. Bundan sonra A.Mahmudoğlu hadisə ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinə dəvət edilib və izahat alınıb. Polis Bölməsindən operativ təhqiqat qrupunun yaradıldığı bildirib.

“Xural” qəzetinin kollektivi hesab edir ki, A.Mahmudoğlunun və N.Xocanın təhdid edilməsi qəzetə qarşı aparılan təzyiqlərin davamıdır. “Xural” qəzetinin kollektivinin “ASİ” qəzetini nəşr etməsi siyasi hakimiyyəti və Əvəz Zeynallını həbs tdirən dairələrin narahatlığına səbəb olub.

Xatırladaq ki, bundan əvvəl “Xural” qəzetinin əməkdaşı Kamran Zamanlı nömrəsiz avtomobilin təqibinə məruz qalıb. K.Zamanlı təqibdən polis bölməsinə getməklə xilas olub. Hadisə ilə bağlı “102” xidmətinə məlumat verilib. K.Zamanlının təqibi ilə bağlı 18-ci polis bölməsində bir aydan artıqdır ki, təhqiqatın aparılmasına başlansa da, nəticəsi yoxdur. N.Xocanın avtomobili bir dəfə nömrəsiz “KAMAZ” markalı maşın tərəfindən vurulub, daha sonra N.Xocanın avtomobili Atatürk prospekti ilə Ziya Bünyadov prospektinin kəsişdiyi yerdə səkidə dayanarkən küt alətlə dağıdılıb. N.Xocaya zəng edən şəxslər onu Ə. Zeynallının müdafiəsindən əl çəkməyəcəyi təqdirdə başına oyun acacaqları ilə hədələyiblər.

Bu hədə və təzyiqlərlə bağlı Daxili İşlər naziri Ramil Usubova edilən müraciətə də bu vaxta qədər cavab verilməyib.