Jurnalistlərə tikilən evin yerində su çıxdı - Gözünüz aydın

jurnalistlere-tikilen-evin-yerinde-su-cixdi-gozunuz-aydin
Oxunma sayı: 689

Bir ildən çoxdur dövlət başçısı jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırması üçün sərəncam verib. Sərəncama əsasən jurnalistlərə ev tikilməlidir, bunun üçün büdcədən 5 milyon manat pul da ayrılıb.

Sərəncam verilərkən, jurnalistlər ekspert rəylərinə əsaslanıb, uzağı il yarıma mənzillərin hazır olacağını xəyal etsələr də, bir il ötüb hələ binada bir daş o birinin üzərinə qoyulmayıb.

Bu çağacan müxtəlif sənədləşmə işləri əsas gətirilərək təməlqoyma mərasimi ertələnib. Sonuncu dəfə vəd olunmuşdu ki, bu il “Mətbuat günü” bu hadisə baş verəcək. Lakin, baş vermədi. Əvəzində yenə vəd verildi ki, binanın təməlqoyma mərasimi avqustdan o tərəfə keçən deyil. Real mənzərə isə bu cür optimist düşünməyə əsas vermir.

Binanın tikintisi Bibiheybətdə nəzərdə tutulub. Yazda həmin yerdə işlərə start verilsə də, əldə etdiyimiz məlumata görə, iki aya yaxındır işlər tam dayanıb.

Ərazidə olarkən eşitdiklərimiz təsdiqini tapdı. Ərazi dəmir lövhələrlə əhatələnib. Binaya özül olacaq yer dərin qazılıb. Burda faktiki olaraq heç bir iş görülmür. Qazıntının dib hissəsinə bir qat beton tökülüb. Özülün qıraqları uçub tökülüb, içəridəki betonun kənarları isə suyla əhatələnib.

Əldə etdiyimiz məlumata görə, binanın tikintisinin ləngiməsi həmin yerin tikinti üçün yararsız olmasıdır. İndiki halda orda özül atmağa yerdən çıxan sular imkan vermir.
Ərazidəki gözətçi də deyir ki, ekspertiza binanın tikintisinə razılıq vermir. Binanın tikiləcəyi ərazi Azərbaycan Dövlət Neft Şirkətinindir. “Azadlıq”ı məlumatlandıran mənbə bildirib ki, əslində ARDNŞ ilk gündən həmin yerdə ev tikməyin mümkünsüzlüyünü bilə-bilə ora razılıq verib. Mənbə deyir ki, hələ bir neçə il əvvəl bu yerlərdə neftçilər üçün ev tikmək istəyiblər. Torpağın analizdən məlum olub ki burada ev tikmək olmaz. Nə qədər qəribə görünsə də, məqsədin İlham Əliyevi sobataj etmək olduğu bildirilir. Bu səbəbdən də tikintinin vaxtı müxtəlif izahlarla uzadılır...

Belə bir ehtimal da var ki, nəzərdə tutulan yerdə ümumiyyətlə hündür mərtəbəli binalar tikilməyəcək. Əvəzində ARDNŞ bu ərazini dövlət vəsaiti hesabına yararlı vəziyyətə gətirib, özü üçün müxtəlif istirahət əyləncə mərkəzləri yaradacaq.

“Azadlıq” qəzeti