Kamaləddin Heydərov Əhmədinejatla 1996-cı ildə görüşmüşdü - XXIII Yazı

kamaleddin-heyderov-ehmedinejatla-1996-ci-ilde-gorusmusdu-xxiii-yazi
Oxunma sayı: 790

İran tərəfindən də Mahmud Əhmədinejad Ərdəbil vilayətinin valisi kimi Biləsuvara gəldi. İran tərəfində iclas keçirildi və yekunda belə qərara gəlindi ki, Biləsuvardan da KAMAZ və avtobuslar gediş-gəlişə başlasınlar. O zamana qədər Biləsuvar sərhədindən ancaq vətəndaşlar və kiçik maşınlar gəl-get edirdilər. Eyni zamanda, razılıq əldə olundu ki, yaxın gələcəkdə Biləsuvar sərhədində 2 ölkənin sərhəddə yaşayanların iqtisadi vəziyyətinin yaxşılaşması üçün müştərək bazar yaransın. Bir neçə aydan sonra bazar yarandı və işə düşdü. Sonralar müxtəlif səbəblərə görə bazar bağlandı. Əlbəttə bazar bağlananda mən İranın Ukraynadakı səfirliyində birinci müavin olaraq çalışırdım. Hər halda gömrüyün fəaliyyəti təzə başlamışdı və bəzi problemlər ortaya çıxırdı, çalışıb həll edirdik. Əslində Naxçıvanın blokada olduğu üçün Biləsuvar sərhədi naxçıvanlılara çox önəmli idi. Elə indi də bu yoldan gedib gəlirlər. O zaman Azərbaycanda bütün avtobuslar və kamazlar köhnə idi və standart deyildi. Buna görə də problemlər az deyildi. Yadıma gəlir həmin vaxtlar bir gün Kəmaləddin Heydərovla görüşdə idim. O İranın Biləsuvar sərhədində Azərbaycandan gəlib-gedən kamazların problemlə üzləşdiyindən gileyləndi. Mən dedim çalışırıq həll edək, amma İran tərəfi deyir maşınlar standartlara uyğun deyil, İran yollarında problem yaranır. Kəmaləddin müəllim dedi ki, biz də bilirik standart deyil. Axı biz dost, qonşu və qardaş ölkələrik. Azərbaycanın indiki vəziyyətini nəzər almaq vacibdir. Mən dedim sizinlə razıyam və bunun üçün də İran tərəfi ilə hər gün davadayam. Əlimdən gələn qədər həll edirəm. Sonra onun kabinetindən Şərqi Azərbaycan vilayətinin valisinin nömrəsini yığdım və dedim Kəmaləddin müəllim bəzi problemlərlə bağlı sizinlə danışmaq istəyir. Telefonu verdim danışdılar. Əbdüləlizadə söz verdi ki, bütün imkanlarından istifadə edib bu məsələləri həll etməyə çalışacaq. Elə də oldu, xeyli problemlər ardıcıl həll olundu. Bu zaman hələ Ərdəbil təzə vilayət (ostan) olmuşdu və Təbriz onun işlərin görürdü.
Mənim Azərbaycanda müvəqqəti işlər çalışdığım zaman Biləsuvar sərhədinin işə başlanması bir sıra işlərin ardında gerçəklənən işlərdən birisidir. Keçən hissələrdə yazdım ki, o zaman bir sıra işlərin yerinə yetirilməsində bəzi adamlarla bərabər mənim də əməyim var. O cümlədən Naxçıvana İrandan işığın ötürülməsi, Poldəşt-Şahtəxti müvəqqəti körpünün bərpa edilməsi (səfirliyim zamanında da hən körpünün dayımı inşası İran dövlətinin grantı ilə) naxçıvanlılara vizanın qaldırılması, Naxçıvan-Biləsuvar-Bakı maşrutunun başlanması və Naxçıvanın yanacağının təmin olunması.
Başqa işlərdən biri də İran Tacirlər Birliyinin Azərbaycanda yaradılması idi ki, İran tacirlərinin iştirakı ilə onu həyata keçirdik. O vaxtlar Südabə Həsənova AZR nin Ədliyyə naziri idi. Onunla görüşdüm. Dedim Südabə xanım bu İran Tacirlər Birliyinin qeydiyyat məsələsi çox uzanır. Mən gəlmişəm sizə deyəm ki, bu birlik sadəcə tacirlər birliyidir və məqsədimiz budur ki, İranın güclü iş adamları bu çərçivədə Azərbaycanda yaxşı işlər görsünlər və Azərbaycan xalqının xeyrinə iş görsünlər. Başqa bir söz ola bilməz. Mən təzminat verirəm. Əgər bir zaman kimsə Azərbaycan qanunlarına zidd olan bir iş görsə, siz onun haqqında qanun tələblərini tətbiq edərsiniz. Hər halda çox sağ olsun göstəriş verdi, birlik qeydiyyatdan keçdi. Birlik rəsmən təsdiq olunandan bir həftə sonra (1997.02.05) missiyamın davamı olaraq Kiyev şəhərinə getdim və birlik haqqında fikirlərimi yerinə yetirə bilmədim. Təəssüf ki, birlik olan şəxslərdə müştərək mənafeyi düşünə bilməmişdilər və önəmli bir iş görməmişdilər. İranda əhali elə özü deyər ki, İran camaatı toplum şəklində, qrup və komanda kimi ümumiyyətlə yaxşı çalışa bilmirlər. Əlbəttə istisnalar da olur. Bunu deyəndə də futbolu misal üçün ortaya qoyurlar və deyirlər ki, futbol ona görə komanda kimi olmalıdır o qədər də uğur qazana bilmirlər. Amma güləş, tekvando, ağır əşya qaldırmaq və buna oxşar idmanlarda ki, tək-tək mübarizə aparılır yaxşı uğur əldə edirlər və dünya çempionu olurlar. Əlbəttə mənə belə gəlir ki, bu ancaq İranın problemi deyil. Ümumiyyətlə müsəlman xalqlarının və demokratik olmayan ölkələrin problemidir.
Burada 1996-cı ilin son 3 ayında və 1997-ci ilin yanvar ayında xatırladığım bəzi səfərlər və işləri yazmaq istəyirəm ki, bununla da müvəqqəti işlər olduğum zamanın xatirələri bitir və mən 1997-ci ilin fevral ayının 5-də missiyamın davamı olaraq İranın Ukraynadakı səfirliyinin birinci müavini kimi Kiyev şəhərinə getdim. Səfirlər missiyalarının sonunda ölkə başçışı və digər məsul şəxslərlə görüşüb və sağollaşırlar, mən də bütün yüksək səviyyəli şəxslərlə sıx əlaqəm və dost olduğum üçün Kiyevə getmədən öncə mərhum H.Əliyev, baş nazir və bir neçə nazirlərlə görüşüb vidalaşdım. H.Əliyevlə sağollaşan zaman o öz şəklinin arxasında Dostum Süleymaniyə yazdı və mənə hədiyə etdi.
Missiyamın son 4 ayında İrandan Azərbaycana bir sıra səfərlər oldu o cümlədən:
- 1996-cı il oktyabrın 28-dən 31-dək, İran prezidentinin birinci müavini Doktor Həsən Həbibi iki ölkə arasında son 20 ildə ancaq bir dəfə İran prezidentinin birinci müavini Bakıya, Gəncəyə və Naxçıvana gəlib. Bu səfəri mən şəxsən H.Əliyevlə razılaşdırmışdım. Həsən Həbibini baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Murtuz Ələsgərov aeroportda qarşıladı. Həsən Həbibi Milli Məclisdə də çıxış elədi ki, bu da indiyədək ancaq bir kərə olub.
- 1996-cı il noyabrın 4-dən 9-dək Məhəmməd Füzulinin 500 illik yubileyində iştirak etmək üçün Əli Əsgər Şeirdust Bakıya gəldi. O indi İranın Tacikistandakı səfiridir.
- 1996-cı il noyabrın 18-də Doktor Kiyani İranın Milli Sənədlər Təşkilatinin sədr müavini
- 1996-cı il noyabrın 27-də İran İslam Şura məclisinin millət vəkilləri Seyidrza Əkrəmi başçılığı ilə. (o indi də millət vəkilidir. Radikal deyil, normal sağ hesab olunur)
- 1996-cı il dekabrın 6-da Heydər Əliyev Lissabon səfəri haqqında çıxış etdi. Mən də iştirak elədim. Səfirlər dəvət olunmuşdular.
- 1996-cı il dekabrın 12-də Azərbaycanın ticarət naziri Miri Qənbərovla Astara sərhədyanı bazarın yaranmasını öyrənmək üçün Astara şəhərinə getdik.
- 1996-cı il dekabrın 16-da İranın mədəniyyət və irşad naziri Mustafa Mirsəlimin Bakıya rəsmi səfəri.
- 1996-cı ilin yanvar ayı mən ardıcıl ölkə başçısı, baş naziri, Milli Məclisin sədri, nazirlərin və dövlət komitələrinin sədrlərinin əksəriyyəti ilə vida görüşləri etdim.
Ukraynadan təxminən 2 il yarımdan sonra İrana döndüm. (2000-ci ilin iyunu)
2003-cü il oktyabr ayına qədər Xarici İşlər Nazirliyində MDB ölkələri üzrə idarə rəisinin müavini, sonra da idarə rəisi işlədim. 2003-cü ilin oktyabrında İranın Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri olaraq Bakıya gəldim. 24-cü hissədən səfirlik dövründən yazacam inşallah...

Ardı var