Kazan boşuna qaynadı - Yenilənib

kazan-bosuna-qaynadi-yenilenib
Oxunma sayı: 754

Rusiyanın iştirakı ilə Kazanda keçirilən Ermənistan-Azərbaycan danışıqlarında Qarabağ nizamlanmasının əsas prinsiplərinə dair anlaşma əldə olunmayıb. RİA Novosti agentliyinin məlumatına görə, tərəflər əsas prinsiplərin razılaşdırılması ilə bağlı aparılan danışıqlar prosesində tərəqqinin olduğunu qeyd edib.

“Dövlət başçıları bir sıra məsələlərlə bağlı qarşılıqlı anlaşmanın əldə edildiyini vurğulayıb. Həmin məsələlərin həlli əsas prinsiplərin razılaşdırılması üçün məqbul şəraitin yaranmasına kömək edir”, -deyə görüşün yekunlarına dair birgə bəyanatda bildirilir.

***

Kazanda İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedevin iştirakı ilə keçirilən görüş başa çatıb. Ermənistanın Tert.am agentliyinin Tatarstandakı müxbirinin məlumatına görə, təxminən 3 saat davam edən görüşdən sonra Azərbaycan, Ermənistan və Rusiya prezidentləri şam yeməyinə yollanıb.

Kazanda həmçinin Azərbaycan və Ermənistan XİN başçılarının ATƏT-in Minsk qrupu həmsədrləri ilə ayrılıqda görüşləri planlaşdırılır.

***

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazanda keçirilən görüşünü işıqlandırmağa gələn yerli jurnalistləri Kremldən uzaqlaşdırıblar. AzadlıqRadiosunun müxbiri Bikə Timerovanın verdiyi məlumata görə, prezidentlər Prezident sarayına gələndən və görüş başlandıqdan bir qədər sonra bütün yerli jurnalistləri avtobusla ippodroma aparıblar. Azərbaycan, Ermənistan, Rusiya prezidentləri üçtərəfli görüşdən sonra cıdır meydanına gəlib prezident kuboku at yarışlarını izləməlidirlər.

İlkin proqrama görə, prezidentlərin Bakı vaxtıyla saat 21.00-da cıdıra gəlməsi nəzərdə tutulub.

İlham Əliyev, Serj Sarkisyan və Dmitriy Medvedevin danışıqları hazırda Kazandakı Kreml kompleksində davam edir.


Danışıqlar başladı

Rusiya Prezidenti Dmitriy Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında Kazan danışıqları başlanıb.

İTAR-Tass-ın məlumatına görə Dmitriy Medvedev tərəflər görüş sotulna oturarkən deyib ki, “Yaxın oturun, nəticə əldə eləmək üçün bir-birinə yaxın olmaq lazımdır”.

Görüşdə Xarici İşlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Sergey Prixodko da iştirak edir.

******

Rusiya prezidenti Dmitri Medvedev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan üçtərəfli görüşün keçiriləcəyi Kazandakı Kreml sarayına gəlib. ATƏT-in Minsk qrupunun həmsdərləri öncədən görüşün keçiriləcəyi sarayın qarşısında idilər.

Prezidentlərin görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayıb.

"RİA Novosti" agentliyinin məlumatına görə, nümayəndə heyətləri masa arxasına əyləşdiyi zaman D.Medvedev bunları deyib: "Nəticəni əldə etmək üçün bir-birimizə yaxın olmalıyıq".