Keçmişini danan Seymur Baycan

kecmisini-danan-seymur-baycan
Oxunma sayı: 1217

Bizim eradan əvvəl 246-cı ildə Çinin Tsin sülaləsinin 4-cü imperatoru məşhur İn Çjen sonralar öz adını dəyişərək Sixuandi qoydu - mənası da birinci imperator deməkdir. O, keçmiş-keçəcəyin üzərindən xətt çəkərək, keçmişə olan böyük nifrətini bildirmişdir. Əmr etmişdir ki, tarix onun özünün adı ilə başlamalıdır. “Keçmişdə iki min il ərzində arası kəsilmədən Çində imperatorların hakimiyyətdə olmasının ondan ötrü heç bir əhəmiyyəti yox idi.”

Nəinki imperatorların, keçmişin bütün adamlarının adı bir yolluq unudulmalıdır. O, fərman verərək göstərirdi ki, keçmişdən bəhs edən bütün kitablar konfutsiçilik, klassik tarixçi və ədiblərin əsərləri tamamilə məhv edilsin. Həmin fərmanın bir bəndində deyilir: “Hazırkı dövranı məhv etmək niyyətilə qədim dövrlərə üz tutan şəxslər qohumları ilə birlikdə edam olunacaq. “O, sözünə əməl etdi. Sevimli kitablarını gizlətməyə cəhd edən yüzlərlə alim diri-diri torpağa basdırıldı. Görünür insanların keçmişlə bağlı xəyalpərvərliyinə Allahın özünün də münasibəti mənfi imiş, əks halda gözümüzü peysərimizdə yaratmadığına görə şükür edib sevinmək lazım gələrdi. Həmdə Allaha şükür edirəm ki, nə yaxşı bizim eradan 246 il əvvəl Çində yaşamamışam. Həmdə böyük imperator Sixuandinin qohumu olmamışam.

Bizdə tanınmış yazıçı Seymur Baycanın keçmişlə bağlı fikirləri isə bambaşqadır. O, keçmiş və qədim ata-baba muğamlarımızı da ucdan tutma qaralayır və bəyənmir. Həm də muğam barədə hansısa ziyalı, ya da musiqiçi ilə dialoqa getməyə hazırdır. Bu günkü, ya da əvvəlki xanəndələr Alim Qasımov, Arif Babayev və başqa gözəl xanəndələrimiz haqqında xoşagəlməz söz-söhbətlərini yazmıram. Ancaq yazıçının bir neçə cümləsini nəzərinizə çatdırıram: ...”Özünə hörmət edən adam, muğama çox dərindən aludə olmaz”, ”muğam bədbinlik musiqisidir, muğam məğlubiyyətdir, muğam gerilikdir, muğam keçmişdir”, “Muğama aludə olan adam gələcək haqda düşünə bilməz, muğamdan darçın, xalça, daima gücün yanında olmaq, İran, Hindistan, gerilik, cahillik iyi gəlir”, “Muğam gücün, zülmün yanındadır”, “Azərbaycanda muğam yoxdur. Mən bunu efirdə istənilən adama sübut etməyə hazıram. Azərbaycanda muğam, muğam deyil, muğamın suyunun suyudur. Azərbaycanda muğam deyilən bir şey, bizim toylarda qırmızı gitarayla oxunan “ana ürəyi” segahı kimi qondarma bir janırdır.

Seymur Baycan böyük xanəndəmiz Ağabala Abdullayevin yaşadığı Füzuli torpağında anadan olmuşdur. Yeniyetmə və gənclik illəri, elə vaxta düşür ki o dövrlər toylarda, Azərbaycan musiqi alətlərindən ancaq nağara olardı. Foema, gitara meydan sulayırdı. Milli musiqi təfəkkürünün formalaşdığı yeniyetmə dövrləri əsas şərtdir. O vaxt imkanlı valideynlərin övladları hərə çiyninə bir maqnitafon asıb, əcaib-qəraib musiqi dinləyib, o günə qədər görünməmiş rəqslər edərdilər. Bunlara görə yazıcının muğam zövqünü qınamıram. Onun yazdığı hekayələrin bir neçəsini oxuyandan sonra, bütün bunlara baxmayaraq, onun muğamlarımıza muğam ifaçılarımıza rəğbəti olmasa da, “Azərbaycana istedadlı bir yazıcı gəlir” deyə düşündüm...

Muğam haqda yuxarıdakı fikirlərdən fərqli düşüncələrimə ayrıca yazı həsr edəcəyimə görə fikir bildirmirəm.