Kefli İsgəndər Avropaya qayıtdı

kefli-isgender-avropaya-qayitdi
Oxunma sayı: 808

Əgər məsələ bir qədər öncə verilmiş bəyanatı gözdən salmaqdırsa, bunun üçün mütləq bəyanat müəlliflərindən biri haqda çirkin fikrlər yaymaqmı lazımdır? Bəyanat müəlliflərindən olan Ağalar Məmmədov real təhlükə qarşısında ölkəni tərk edibsə, bu bəyanatda səslənən fikirlərin, ifadə olunan həyəcanın, haqli olduğu demək deyilmi? Bir bəyanati hətta demokratik adlanan cəbhə üstündən 3 ay ötməsinə baxmayaraq hələ də sinirə bilmirsə, hər nə yolla olursa olsun bəyanatı imzalayanları ciddi cəhdlə harasa, kiməsə bağlamaq, arxasında hansısa planlaşdırılmış bir məqsədin dayandığını əndirəbadi dəlillərlə "sübut" etməkdə qərarlıdırlarsa o zaman "qeyri-demokrat"ların nə düshündükləri və bəlkə də nə planladıqlarını təsəvvür etmək çətin deyil. Zatən "54-lərin bəyanati"nda da bu fikr vurğulanmışdı: Azərbaycanda artıq elə bir durum yaranıb ki, bu ölkənin hətta demokratina, insan haqları ve söz azadlığından danışanına belə güvən qalmayıb, o da ola dindarı, klerikalisti. Bu ölkədə can güvərənliyi, fikir insanlarının mövqələrini ortaya qoymalarına görə öldürülməyəcəklərinə zəmanət yoxdur. Budur sübutu ortadadır: son günlər "ateist filosof ölkədən qaçdı" başlıqlı yazılar dinçi və dinyönlü "demokratik" mətbuatın səhifələrini bəzəyir. Məncə bir filosofu arasında barındıra bilməmək, filosof sözünə, mövqeyinə dözümsüzlükdən, onu baş götürüb ölkəsindən evini, işini, doğmalarını atıb mühacirətə vadar etməkdən utanmaq lazımdır nəinki bu xəbərləri qəzetlərin şerlovhəsinə çıxartmaq. Bəs niyə Sabirə sabun bişirtdirib satdıranları, Mirzə Cəlili əl yazmalarını yandırmaqla evini isitmək məcburiyyəti qarşısında qoyanları, Axundovun nəşinə belə kin saxlayan canları biganəlikdə, laqeyidlikdə qınayırıq? Biz ki, biganəlikdə, laqeyidlikdə, pisniyyətlilikdə onlardan da öteyik.

Bəyanat ortaya çıxanda bəziləri bunu cəmiyyətdə ateist-dindar qarşıdurması yaratmaq cəhdi, guya arxasında hansısa bir məqsədin dayandığı aksiya kimi qavramiş, yaxud da bu cür təqdim etməyə çalışmişdılar. Demək dini kəsim istədiyini yazmalı, deməli və etməlidir, bunun qarşısında hamı, hər kəs susmalıdır? Səsini çıxartdınsa, mövqe nümayiş etdirdinsə bu qarşıdurma yaratmaq kimi təqdim olunacaq. Yəni birinə meydan verilib, o istədiyini deyə, edə bilər, digərindən isə müdrikcəsinə susmaq tələb olunur. Nədən?! Biri hədələyə, təhqir edə, aşağılaya, hətta əlinə silah alıb öldürə də bilər, bu qarşıdurma yaratmaq demək deyil, ancaq təhdid edilən, aşağılanan səsini çıxaranda bu qarşıdurma yaratmaq olur?

Bu qarşıdurmanı kim yaradır, kim insanları inanan-inanmayan deyə sortlaşdırır? Bizmi, ya qarşımızdakılarmı? Inanmayanları, ateistləri "şeytanın eşşəyi" adlandırmaq və bunu ümumiləşdirmək ateist yazarların deyil, dindar mirzələrin ağlına gəlib. Özü də öydüyü deyil, söydüyü, kafir hesab elədiyi Ingiltərədə oturaraq.
Etiraf edin ki, bu kimi ifadələri indiyədək bir ateist yazar dindarlara qarshi ifadə etməyib və etməz də. Ən azı bu bir etika məsələsidir.

Məktəbli şagirdlərə çadra örtdürmək tələbiylə dünyəvi qanunlara məhəl qoymayan, övladını təhsildən yayındırıb öz övladının gəlcəyi, təhsili ilə dövləti seçim qarşısında qoyan, onu sabotaj edən, "mənim dediyim kimi olmasa mən övladımı məktəbə buraxmayacam və bununla da bu ölkəyə təhsilsiz, savadsız vətəndaş verib onun gələcəyini məhv edəcəm" ritorikasıyla dünyəviliyi saya salmayan, qanunlarla "çilingağac" oynayan bizik ya sizin dindar kəsim? Məhbuslar belə "vicdan məhbusları" (məntiqlə digərləri "vicdandan uzaq məhbuslar"dır) kimi qruplaşdırılır. Sanki vicdanlılıq məktəb yaşlı şagirdlərə çadra tələb etməkmiş. Çadra vicdan deməkmiş, ancaq siyasi fəaliyyətinə görə həbs edilmş digər məhbusları bu kateqoriyaya daxil deyillərmiş kimi təqdim etmək... bunudamı biz edirik? Ya bu qarşıdurma yaratmaq deyil?
Bu cür qarşıdurma bizim bəyanatadək yox idimi? Ya bu qarşıdurma bir tək bizim bəyanatımızlamı meydana gəldi? Əgər bir ölkədə 54 nəfərin imzaladığı bir bəyanat qarşıdurma yaradırsa etiraf edin ki, bu ölkə qarşıdurmaya həssasdır və ya bu tip reaksiyalara həssaslaşdırılıb. Demək ölkə qarşıdurmanın kəndarında, bir addimlığındadır. Od olmayan yerdən tüstü çıxarmaq 54 imzanın ishi deyil, məlum bəyanat heç də təqdim olunduğu kimi "qaşınmayan yerdən qan çixarmadı", sadəcə faktı konstatasiya etdi, ölkədə belə bir durumun həqiqətən də mövcud olduğunu, dindar kəsimin getdikcə radikallaşdığını, bunun qarşısının alınması zərurətini diqqətə çatdırdı. Bu mövqe bir gün-tez, bir gün gec, ifadə olunmalıydı. Bu gun bu ifadə olunmayacaqsa bir sonrakı gün artıq gec olacaq.

Ağalar Məmmədovun ölkədən getməsi arxasından dolandırlan söz-söhbətlərdəki bədniyyət məyyusluğu, təəssüfü hiss etməmək mümkün deyil. Sanki biriləri gözləyirmişlər ki, filofos öldürülsün və bunlar qalmaqallı bir mövzu əldə etsinlər. İnsan həyatını bir mövzu qədər əhəmiyyətsizleşdirmə ancaq körpə balasına çadra geyindirən zehniyyəti müdafiə edənlərin bacaracağı işdir.

"Ateist filosof qaçdi(?)" başlıqlı yazıların hər cümləsi arasından "axx, əldən çıxdı" xəbisliyi boylanır. Özü də təəssüf ki, hakimiyyət deyil, demokratların dilindən. Nədənsə bəyanata, orada səslənən fikrlərə də hakimiyyətdən deyil, müxalifətdən təpki gəldi. Nədənsə İrana, fanatizmə, əlisilahlı radikalizmə atilan daş müxalifətdə olanların bostanına düşüb. Cəhalətlə, fanatizmlə qonşuluqda bostan əkməyin axiri belə olar - ora atılan daşlar hərdən yayınıb sizin də bostanınıza düşə bilər.

Bir başqası A.Məmmədovun ölkədən çıxmasını uğursuz bir yazıyla "Şeyx Nəsrullah ölkədən getdi" kimi oksimoron cümlələr qurmaqla guya öz ağlınca „şərh edib“. Mirzə Cəlil "Ölülər"də Şeyx Nəsrullahın kimin obrazı olduğunu qayət açiq şəkildə ifadə edib. Bənzətməni sapdırmayın, xeyri yoxdur... Şeyx Nəsrullah başqa birisinin prototipidir və o yüz faiz Ağalar Məmmədov deyil. Bənzətməniz uğursuzdur, sayın fanatizm keşikçiləri. Ölkədən "qaçan" (əslində qaçirdılan) "Ölülər" personajlarıyla ifadə etsək Şeyx Nəsrullah deyil, sizlərin dışladığı, səsini kimsənin eşitmədiyi Kefli İsgəndərdi. Nə zamandan Avropa dəyərlərini təbliğ etmək, avropalı olmaq "Şeyx Nəsrullahlıq" sayılmağa başlayıb? Kefli İsgəndər Avropada "keflənib" gəlmişdi, baş cıxara bilmədi aranızda, barındıra bilmədiniz, dəli elədiniz, "ağ qarğa"ya çevirdiniz üz tutdu Avropaya. Ziyarətə Ərəbistana gedib, amma ishi dara düşəndə Avropaya sığınan başqa "şeyx"lərdir, yaxşi diqqət yetirin.

"Şeyxnəsrullahlar"a gəlincə isə, onlar hələdə orada, yan-yörənizdədirlər. Bir fərqləri var ki, indiki “ılüdirildənlər”in başında əmmamə, əynində əba-qəba deyil, ütülü kosytumlu, dilində "demokratiya", beynində, qəlbində klerikalizm, teokratizm sevdası, yüksək tribunalardan yeni aranjımanda "ölüdürültmə" nitqləri söyləyir, insan haqlarından, demokratiyadan, vicdan azadlığından dəm vurur(lar). Ətrafında da yüzlərlə kostyumlu-qalstuklu modern "Heydərağalar".
...Və eşşəyinin boynundan yapışıb "şeyxanə, bizə tərəf buyurun" deyib özünə tərəf çəkməyə çalışan "hacıhəsənlər".