Kəmaləddin Heydərovun “boks zədəsi” sağalmır

kemaleddin-heyderovun-boks-zedesi-sagalmir
Oxunma sayı: 671


Qələbəsi geri alınmış Azərbaycan boksçusunun yarışını idarə edən və Türkmənistandan olan boks referisi XXX London Yay Olimpiya Oyunlarından uzaqlaşdırılıb. Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) yaydığı bəyanatda deyilir ki, referi İşanquli Meretniyazov evinə qayıdır. Hakimin geri göndərilmə səbəbi kimi çərşənbə axşamı keçirilən oyunlarda verilmiş şübhəli qərarlar göstərilir.

“Assoşeyted press” agentliyinin xəbərinə görə, İ.Meretniyazov yarışın Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidovun əldən düşüb yerə yıxılmasına baxmayaraq onun yapon həmkarı üzərində “qələbəsinə” kömək etməkdə ittiham olunur. AİBA bu nəticəni sonradan dəyişib. Məlumata görə, eyni zamanda Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev də əlavə izah verilmədən oyunlardan uzaqlaşdırılıb. Boksun idarəedici orqanı olan AİBA Ağacan Əbiyevin olimpiadadan nə üçün uzaqlaşdırıldığına dair şərh verməyib. Ancaq federasiya Azərbaycan rəsmisinin davranış kodeksini bir neçə dəfə pozduğunu deyib.

Xatırladaq ki, avqustun 1-də Azərbaycanı təmsil edən boksçu Məhəmməd Əbdülhəmidovla Yaponiya boksçusu Satoşi Şimizu arasında keçirilən yarış zamanı hakim tamaşaçıları və idman şərhçilərini şoka salan qərar verib. Azərbaycan boksçusunun yarış zamanı dəfələrlə yerə yıxılmasına, yapon rəqibinə açıq-aşkar məğlub olmasına baxmayaraq hakim onun xal hesabına qələbə qazandığını elan edib. Yapon idmançısının etirazını araşdıran AİBA yarışın nəticəsini elə həmin gün dəyişib və Azərbaycan boksçusunun qələbəsini ləğv edib.

Hakimin bu şübhəli qərarı BBC-nin 2011-ci ilin sentyabrında Azərbaycan hakimiyyəti təmsilçisinin London yarışlarında boks üzrə iki qızıl medal almaq üçün AİBA xətti ilə boks yarışlarını təşkil edən WSB-yə (World Series Boxing) 10 milyon dollar rüşvət verdiyinə dair yaydığı sensasion araşdırmanı yenidən gündəmə gətirib. Dünən onlarla nüfuzlu xarici KİV, o cümlədən “Eurosport”, “New Yorker”, “The Guardian” və s. bu mövzudan bəhs edən geniş materiallar veriblər.

“New Yorker” jurnalının məqaləsində deyilir ki, BBC-nin «Newsnight» proqramının aparıcısı Anna Adams WSB-nin icraçı direktoru İvan Xodabəxşə iki qızıl medal üçün 10 milyon dollar rüşvət verildiyi barədə iddianı soruşanda o, qəzəbli şəkildə belə cavab vermişdi: “Birincisi, bu iddianı şərh etməyə dəyməz, ikincisi, tamamilə yalan söhbətdir”.

Jurnal yazır ki, bu iddia ilə bağlı AİBA tərəfindən komissiya yaradılıb, komissiya müəyyən edib ki, WSB həqiqətən İsveçrədə yerləşən şirkətdən kredit alıb, lakin bu kreditin Azərbaycandan olan “investorun” vəsaiti hesabına verildiyinə və ortada korrupsiya maraqlarının olduğuna dair heç bir sübut yoxdur (Qeyd edək ki, Həmid Həmidov adlı həmin investorun fövqəladə hallar naziri Kəmaləddin Heydərova bağlı şəxs olduğu bildirilirdi). Jurnal yazır ki, indi London yarışlarında Azərbaycan boksçusu ilə bağlı qalmaqal bu rüşvət iddialarını yenidən gündəmə gətirir.

Məqalədə deyilir ki, yarış zamanı yapon boksçu Azərbaycan boksçusunu açıq-aşkar məğlub edib, onu rinqin küncünə sıxışdırıb, Azərbaycan boksçusu dəfələrlə yerə yıxılıb, buna baxmayaraq türkmən hakim onu zorla yerdən qaldıraraq qələbəsini elan edib. Yarışı şərh edən NBC idman şərhçisi heyrətini gizlətməyərək deyib ki, bu cür qərar verən hakim dərhal yarışlardan uzaqlaşdırılmalıdır. Jurnal yazır ki, AİBA-nın qərarı özünü çox gözlətməyib. Qurum həmçinin Azərbaycandan olan texniki rəsmi Ağacan Əbiyevi də yarışlardan kənarlaşdırıb. O, AİBA-nın davranış kodeksini pozmaqda günahlandırılır.

“Boks həvəskarları bütün bu baş verənlərdən çətin ki, məyus olsunlar. Heç Azərbaycanın boks həvəskarlarının da məyus olmağına dəyməz. Düzdür, Azərbaycan boksçularından beşi yarışlardan çıxıb, ancaq üçü qalır və indi onlara uğur arzulamaq lazımdır” - deyə məqalədə bildirilir.

Xarici mətbuat onu da yazır ki, Beynəlxalq Olimpiya Komitəsi rəsmiləri türkmən hakimin qərarının arxasında rüşvət maraqlarının dayana biləcəyinə dair araşdırma başladıblar.

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev isə AİBA-nın dünən olimpiadadan uzaqlaşdırıldığı barədə yayılan məlumatlara münasibət bildirib: “Mən London olimpiadasındayam. Niyə uzaqlaşdırılmalıyam? Başa düşmürəm, məni kim uzaqlaşdırıb? Bəyəm orada hakimlik edirdim ki? Necə yəni uzaqlaşdırılmışam?”

A.Əbiyev qələbəsi geri alınan Azərbaycan boksçusunun yarışında Türkmənistandan olan boks hakiminin London Yay Olimpiya Oyunlarından uzaqlaşdırılması məsələsində hakimin özünün günahkar olduğunu söyləyib. A.Əbiyev hakimin rüşvət verildiyi üçün azərbaycanlı boksçunu qalib etdiyi barədə xəbərləri yalan adlandırıb: “Bu sözləri boksdan xəbəri olmayanlar deyir. Hakim doğrudan da səhv edib. Ona görə də yarışdan uzaqlaşdırılıb. Səhvi odur ki, boksçu neçə dəfə yıxılandan sonra xəbərdarlıq verməli idi. Vermədiyi üçün yarışdan uzaqlaşdırıldı. Hakimə rüşvət verilməsi barədə deyilənlər tamamilə yalandır. Orada elə şey keçmir. Bunu başa düşmək lazımdır. Hər şeyi rüşvətə qoşmaq olmaz. Hakim zəif olduğuna görə belə bir səhv edib. Zərbədən sonra nokdaun olmalı idi. Gərək heç olmasa xəbərdarlıq edəydi ki, bu qədər yıxılmaq olmaz. Onun hakim kimi səhvi bu olub, ona görə çıxarılıb. Uşaq-uşaq şeylər danışırlar. Bağışlayın məni, idmandan xəbəri olmayan adamlar belə məlumatlar yayır. Futbolda belə şeylər olur deyə bütün idman növlərinə aid edirlər. Gərək hakim bizim boksçumuza xəbərdarlıq edib, iki-üç dəfədən sonra döyüşü saxlayıb onu rinqdən çıxaraydı”.

Apasport.az saytı isə AİBA-nın rəsmi saytına istinadən təsdiq edir ki, bu təşkilatın qəbul etdiyi üç qərardan biri həqiqətən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) texniki əməkdaşı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyevlə bağlı olub. A.Əbiyevin AİBA-nın davranış qaydalarını pozmasının əsas göstərildiyi qərarda A.Əbiyevin AİBA nümayəndələrinin qaldığı oteldən uzaqlaşdırıldığı bildirilir.

AİBA prezidenti Çinq-Kuo Vu isə belə qərarların qəbulundan təəssüfləndiyini bildirib. Beləliklə, 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın adı damğa vurur, ancaq qazanılan medallara görə yox, rüşvət iddialarına görə...

musavat.com