“Kəpəz”də nə baş verir? - Açıqlama

kepezde-ne-bas-verir-aciqlama
Oxunma sayı: 648

Gəncə Regional Futbol Federasiyasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev çərşənbə günü Trend-ə eksklüziv müsahibəsində bildirib ki, "Kəpəz"in fəaliyyətinin dayandırılmasının səbəbi mövcud sponsorlar tərəfindən klubun maliyyələşdirilməsinin dayandırılmasıdır. Onun sözlərinə görə, bu onunla izah olunur ki, sponsorlar gündən-günə daha çox təzyiqlər olan kluba artıq maliyyə ayırmaq istəmirlər.

"Gəncə futboluna qarşı olanlara xatırlatmaq istərdim ki, Azərbaycanın ikinci böyük şəhəri uzun illər futboldan məhrum olub. Bu, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkədə dövlət səviyyəsində həyata keçirilən futbolun inkişafı siyasətinə qarşı çıxmaqdır. Klub öz fəaliyyətini Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevin təşəbbüsü və köməyi nəticəsində bərpa edib və hər zaman bu dəstəyi hiss edib", - Fətiyev deyib.

O, şəhərin futbol pərəstişkarlarını əmin edib ki, mövcud neqativ məsələnin həll olunması üçün Gəncə Regional Futbol Federasiyası bütün səylərini nümayiş etdirəcək.
Fətiyev klubun məşqiçisinin istefaya göndərilməsi məsələsinə də münasibət bildirib.
"Kəpəz" klubu məşqçi Mirbağır İsayevi öz komandasına qələbə qazandıra bilməməsi səbəbi ilə vəzifəsindən uzaqlaşdırıb. Bu, məşqçini azad etməyin yeganə səbəbidir", - o deyib.

Fətiyev bildirib ki, klub rəhbərliyi isə ona güzəştə gedərək istefaya getmək formasının özü tərəfindən seçilməsi imkanını verib.
"Lakin İsayev bundan istifadə edib, özünü ucuz reklam etdirməyi qərara aldı. İstənilən məşqçinin və idmançının reytinqi onun göstərdiyi nəticələr, uğurlar və qələbələrlə ölçülür. İstefaya göndərilən məşqçidə isə bunlar yox idi", - o deyib.

Fətiyev ölkə futbolundakı hakimliyin səviyyəsi ilə bağlı verdiyi bəyanata qarşı olan kəskin iradlara da öz münasibətini açıqlayıb.
"Mənim hakimliyin səviyyəsinin qaldırılması ilə bəyanatım idman funksionerləri tərəfindən şiddətlə qarşılandı. Lakin onlar yaxşı olardı ki, mənim sözlərimin dərinliyinə getsinlər. Mən mövcud problemlərin həllinə çağırmışdım və onların buna etiraz etməsi vəziyyətin belə qalmasına razılığın, şəxsi maraqların olmasının göstəricisidir", - federasiya sədri deyib.