Kərəm Həsənovun qardaşı YAP-ın ağaclarını kəsdi - Fotolar

kerem-hesenovun-qardasi-yap-in-agaclarini-kesdi-fotolar
Oxunma sayı: 735

Kompensasiya vermək əvəzinə, onlara şirkətin Keşlə qəsəbəsində tikdiyi evlərə köçməyi məsləhət gördü. Yəni vətəndaşlar ya deyilən ünvana köçməlidir, ya da özlərinə gün ağlamalıdırlar.

Söküntü-tikinti işlərini aparan “Azinko”nun səlahiyyətli nümayəndələri həmin ərazidə dövlət obyekti tikəcəklərini deyirlər. Bildirirlər ki, sözügedən ünvanda ticarət və əyləncə mərkəzi inşa olunacaq. Sakinlər isə dövlət əhəmiyyətli obyektin tikilməsinə etiraz etmirlər, sadəcə haqlarını tələb edirlər. Yəni bazar qiymətlərinə uyğun onlara kompensasiya verilməsini istəyirlər. Ancaq...

“Azinko” indi də ərazidə olan ağacları qırmağa başlayıb. Sürüşmə zonası olduğundan neçə illərdir burda ağaclar əkilir. Ancaq şirkət qarşısına nə keçirsə, məhv etməyə başlayıb.

Onu da qeyd edək ki, ağacları YAP əkib. Çəkilən zəhmətin nümayiş etdirilməsi üçün həmin əraziyə partiya belə bir lövhə də vurub: “Ağacları Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasının 10-cu ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının üzvləri əkmişdir”.

Şirkətə məxsus buldozerlər yaşıllığı məhv etməyə başlayıb. İlkin olaraq hasara alınmış ərazidəki ağaclar qırılır. Sonra isə növbə ətrafdakı yaşıllıqlara çatacaq. İşin maraqlı tərəfi odur ki, ağaclar qırılsa da YAP-ın lövhəsinə hələ də əl vurulmur. Ərazidə işləyən fəhlələr deyirlər ki, qarşıdakı günlərdə hasara alınmamış ərazidəki ağacları da qıracaqlar. Tapşırığın “yuxarı”dan gəldiyini söyləyən işçilərin sözlərinə görə, bunun üçün onlara kimlərsə mane olmayacaq.

Fəhlələrin dediklərində həqiqət var. Adətən, yaşıllıq məhv ediləndə ərazi hasara alınmaqla yanaşı, giriş-çıxış da məhdudlaşdırılır. Ancaq sözügedən ərazidə elə deyil. Qapılar taybatay açıq, giriş-çıxış isə tam sərbəstdir. Bir növ “Azinko” məhv etdiyi yaşıllıqları əhaliyə nümayiş etdirir.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, demək olar, hər il verdiyi hesabatda yaşıllaşmanın geniş vüsət aldığını söyləyir və konkret rəqəmlər göstərir. Ağacların qırılmasından söz düşəndə isə vurğunu daha çox əyalətlərin üstünə qoyur. Ancaq Bakıda hamının gözü qarşısında qırılıb məhv edilən ağaclarla bağlı nazir də susmağa üstünlük verir. Halbuki, bu ağaclar barədə dəfələrlə mətbuatda yazılıb, fotolar dərc olunub. Maraqlıdır, heç bir ciddi səbəb göstərilmədən, yalnız kiminsə biznes maraqlarını təmin etmək üçün paytaxtda yaşıllıqların qırılması barədə rəsmilərdən kimsə danışmır. Amma hansısa rayonda vətəndaşın (bilərəkdən, ya bilməyərəkdən) ağacı kəsməsi ekoloji fəlakət kimi qiymətləndirilir.

Azadlıq qəzeti