Killer həbs olundu

killer-hebs-olundu
Oxunma sayı: 758

Bakıda "Azər-Ross" MKT-nin rəhbəri Əflatun Piriyevi qətlə yetirənlərin kimliyi müəyyənləşdirilib.Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun birgə yaydığı məlumatda bildirilir ki, aparılan prosessual və əməliyyat araşdırmaları ilə məlum olub ki, Əflatun Piriyevin kooperativdə olan payını ələ keçirmək üçün onu öldürmək qərarına gələn həmtəsisçilərdən biri Hümbət Məmmədov bu məqsədlə Rusiya Federasiyasının vətəndaşı Tofiq Bəkirovu Bakıya dəvət edib.

Onlar may ayının sonlarında görüşüb qətlin ilkin olaraq 36 min ABŞ dolları müqabilində həyata keçirilməsinə razılaşıblar. Öz növbəsində, Tofiq Bəkirov sifarişin yerinə yetirilməsini həmyerlisi Fəriman Hacıyevə tapşırıb, sonuncu isə cinayətin icrasına tanışları Sahil və Şamil Şamilov qardaşlarını cəlb edib. Adları çəkilənlər qətlin planını hazırlayaraq Əflatun Piriyevin hərəkət marşrutunu izləyib, ofisini və yaşadığı ünvanı nəzarətdə saxlayıb, iyulun 11-də isə aldatma yolu ilə iş otağına daxil olub onu öldürüb, Əmiraslan Əhmədovu ağır yaralayaraq hadisə yerindən qaçıblar.

Cinayətin iştirakçılarının müəyyən edilib saxlanılması üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gürcüstanın müvafiq dövlət orqanı ilə beynəlxalq müqavilələrə uyğun qarşılıqlı hüquqi yardım çərçivəsində birgə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Fəriman Hacıyev və Sahil Şamilov Gürcüstanda yaxalanıblar. Digər üç nəfər, o cümlədən Hümbət Məmmədov, Tofiq Bəkirov və Şamil Şamilov Bakı şəhərində tutulublar.

İşin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İyulun 11-də saat 13:00 radələrində paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən "Azər-Ross" mənzil-tikinti kooperativində bu qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılmış atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov isə ağır yaralanıb.