Kimdir Əxlaqsız?

kimdir-exlaqsiz
Oxunma sayı: 739

Möhtəşəm filmdir. Qəddar filmdir. Həmin filmdə İlhamə Quliyevanı, Elçin Əfəndiyevi, Anar Rzayevi, Alim Qasımovu , Rüstəm İbrahimbəyovu görə bilərsiniz. Mən “Sodomun 120 günü” filminə yalnız üçüncü cəhddə baxa bildim. Olduqca qəddar, şiddətli filmdir”. Sodomun 120 günü” filminə baxdıqca adam kimlərin içində yaşadığını, kimlərlə üz-üzə qaldığını tam anlayır. Onlar yüksək dəyərlərdən danışaraq, çox müdrik sifətlərlə, çox nəzakətlə bir-birilərinə müraciət edərək, çəngəl-bıçaqla yemək yeyərək, gənclərə şiddətli işgəncələr verirlər. Onları alçaldırlar. Müxtəlif ekzotik işgəncələr düşünüb tapmaq yarışına girirlər. Və həmin işgəncələri tətbiq etdikdə yüksək dəyərlərdən, ədəbiyyatdan danışırlar. “Sodomun 120 günü” filmində Elçin Əfəndiyevi də görmək üçün sadəcə bu adamı bir balaca tanımaq lazımdır. Uzun illər baş nazirin müavini kreslosunda oturan Elçin Əfəndiyev hansı haqla Tomas Vulf haqqında “mənim dostum” ifadəsini işlədir. Tomas Vulf cəmisi 38 il ömür sürdü. Gəzdi, yedi, içdi, yazdı... Hər şeyi 38 il ömrə sığdıra bildi. Elçin Əfəndiyev isə bir neçə il də baş nazirin müavini vəzifəsində otursa onun məmur ömrü Tomas Vulfun ömrünə bərabər olacaq. Bizdə belə şeylər olur. Prokuror tanıyıram ən sevdiyi əsər “Səfillər”dir. Amma bu adam həm də zirzəmidə işgəncə verməkdən zövq alır. Rüşvətxor məmur Mirzə Cəlilin portretin başının üstündən asır. İşçisini il boyu təhqir edən, maaşın kəsən, alçaldan müdir, rəis, direktor Sabirin şeirlərini əzbərdən bilir. Yüz dəfə yazmışam, yenə yazmaqda qəbahət görmürəm. Sabir dünyanın ən böyük şairidir. Çünki, Sabirin qəhrəmanları hər il Şamaxıya yığışıb Sabir günləri keçirirlər. Rüşvətxor rektorlar, şeir yazan polis rəisləri, ədəbiyyat vurğunu olan prokurorlar, bütün ömrünü fəxri xiyabanda basdırılmağa xərcləmiş qələm adamları Sabirin şeirlərin əzbərdən deyir və onun yaradıcılığına yüksək qiymət verirlər. Halbuki, Sabir elə onlar haqqında yazırdı. O kəslər haqqında ki, min fırıldaqla, min hoqqayla, min kələklə, haram yolla pul qazanıb, mağazalarda halal sosiska axtarırlar...

Hər il öz qəhrəmanlarını qəbrinin üstünə yığmaq hər şairə nəsib olmur. Bu mənada Sabir dünyanın ən böyük şairidir.

xxx

Müsahibələrinin birində Elçin Əfəndiyev rus yazıçısı Eduard Limonovun əsərlərinin Azərbaycan dilinə tərcümə olunmasının əleyhinə olduğunu bildirmişdi. Demişdi ki. Eduard Limonovun əsərlərindəki söyüşlər, açıq-saçıq səhnələr bizim adət-ənənəmizə, mentalitetimizə ziddir. Guya Eduard Limonovun əsərləri bizim gənclərimizin əxlaqını poza bilər. Hətta bir az da uzağa gedərək Eduard Limonovu əxlaqsız adlandırmışdı.

Düzdür, Limonovun əsərləri söyüşlərlə, açıq-saçıq məqamlarla zəngindir. Limonov söyüşləri yerində işlədir. Limonovun “Uğursuz adamın gündəliyi” çox güclü əsərdir. Limonov Elçin Əfəndiyev kimi yüksək dəyərlərdən danışıb artistlik etmir. Mitinqə çıxır. Piket keçirir. Putin rejiminə qarşı mübarizə aparır. İndi sağ əlinizi ürəyinizin üstünə qoyub bu suala vicdanla cavab verin: Kimdir əxlaqsız?
Putin rejiminə qarşı mübarizə aparan, mitinqlərə çıxan Eduard Limonov, yoxsa vəzifəsindən istifadə edib Azərbaycan teatrlarının səhnələrini özünün və atası İlyas Əfəndiyevin əsərləri ilə işğal edən Elçin Əfəndiyev?

Kimdir əxlaqsız?
Putin rejiminə qarşı mübarizə aparan Eduard Limonov, yoxsa canı, qanı, qələmi, mütaliəsi ilə bu hakimiyyəti müdafiə edən, hakimiyyət zəncirində yekə halqa olan Elçin Əfəndiyev?