“Kimdir sizin yazdıqlarınıza baxan?!” - Cavab

kimdir-sizin-yazdiqlariniza-baxan-cavab
Oxunma sayı: 699

Metaləritmə müəssisələrinə edilən hücumların ardı-arası kəsilmir. Bu sahədə qanunsuzluq o həddə çatıb ki, hakimiyyətin yüksək vəzifəliləri tərəfindən himayə olunan «Baku Steel Company»nin məsul şəxsləri başqa müəssisələrə hücum çəkərək, onların əmlakına «əl qoyurlar». Keçmiş deputat Nazim Məmmədova məxsus olan «Ataxan Dəmir Sənaye» Türkiyə-Azərbaycan birgə müəssisəsinə və «Şəhriyar 99» metaləritmə müəssisələrinə də eyni qaydada hücum çəkərək qapatmağa çalışıblar.

Təzyiqlər nəticəsində Müşfiqabad qəsəbəsi yaxınlığında bir neçə metaləritmə müəssisəsinin fəaliyyəti dayandırılıb. Daha bir hücum isə Bakının Zabrat qəsəbəsində yerləşən «R.A.N.K» MMC-yə olub. Zavodun bütün məhsulları aparılıb, müəssisə rəhbərliyinə isə fəaliyyətini dayandırmaq göstərişi verilib.

Maraqlıdır, «Baku Steel Company» adından edilən açıq qanunsuzluqlar hüquq mühafizə orqanları tərəfindən susqunluqla qarşılanır. Nə Daxili İşlər Nazirliyi, nə Vergilər Nazirliyi, nə Dövlət Əmlak Komitəsi olaylara reaksiya verir.

«Ataxan Dəmir Sənaye» Azərbaycan-Türkiyə metalyayma müəssisəsinin təsisçiləri prezident İlham Əliyevin baş verənlərə münasibət bildirməsini istəyirlər. Müəssisənin həmtəsisçisi Nazim Məmmədov «Azadlıq Radiosu»na deyib ki, «Baku Steel Company»nin nümayəndəsi Rasim Məmmədovun dövlət adından danışması qanunaziddir: «O, sahibkarlarla görüşdə deyir ki, bu işi dövlət səviyyəsində görürlər və tapşırıq yuxarıdan verilib. Özəl müəssisə olan «Baku Steel Company» digər 21 özəl şirkəti hədələyir ki, fəaliyyətinizi dayandırın. Özü də bu şirkət dövlətin, dövlət başçısının adından danışaraq bu addımları atır. Buna nəhayət bir aydınlıq gətirilməlidir ki, bilək doğurdanmı bu iş ən yuxarı səviyyədə verilən tapşırıqdır ya yox? Dövlətin atdığı addımdırsa, onda adıçəkilən şirkət bizə 5 milyon manat təzminat ödəməlidir. Yox, belə deyilsə, onda dövlət başçısı adından danışan və özəl müəssisələrə qoçu dəstələri göndərən Rasim Məmmədov haqqında cinayət işi açılmalıdır».

Təzyiqərə məruz qalan bütün müəssisələrin rəhbərləri Rasim Məmmədov adlı şəxsin açıq-aşkar reketçilik etdiyini və onlara hədə-qorxu gəldiyini deyirlər.

Dünən Rasim Məmmədovun özü ilə əlaqə saxlayıb, baş verənlərə münasibətini öyrənməyə çalışdıq. Onunla qısa telefon danışığımızı olduğu kimi nəzərinizə çatdırıq.

- Rasim müəllim, əvvala özünün barəsində məlumat verin? Kimsiniz, hansı səlahiyətlərlə bu proseslərin içindəsiniz?

- Nəyinizə lazımdır ki, mən kiməm? Sizi nə maraqlandırır?

- Metaləritmə işiylə məşğul olanlar sizi reketçilikdə ittiham edirlər. Hüquq-mühafizə orqanları isə sizdən olan şikayətlərə baxmır…

- Sizin işiniz yoxdur? Gedin, iş-gücünüzlə məşğul olun.

- Bizim işimiz sizə sual vermək və verəcəyiniz cavabı yazmaqdır…

- Nə istəyirsənsə, yaz. Yaxşı edirəm. Kimdir sizin yazdıqlarınıza baxan?..
Bu sözlərindən sonra Rasim Məmmədov telefonun dəstəyini asdı.

Əvvəli burada

Bizim Yol