“Kimlərsə belə şərəfsizlik edirsə, ən alçaq adamdır”- Etiraz

kimlerse-bele-serefsizlik-edirse-en-alcaq-adamdir-etiraz
Oxunma sayı: 676

Masallı Ziyalıları İctimai Birliyinin üzvləri 4 gün öncə başladıqları aclıq aksiyasını davam etdirirlər. Rayonun icra başçısı Qəzənfər Ağayevin əməllərindən təngə gələn rayon sakinlərinin aclıq aksiyasının miqyası genişlənib. Ziyalılar Birliyinin sədri Məmmədağa Zeynalovun verdiyi məlumata görə, aksiyaya qoşulanların sayı artır. Hazırda rayonun 10-a yaxın kəndində 40-a yaxın sakinin aksiya keçirdiyi bildirilir. Rayonun hüquq-mühafizə orqanları aksiyanın qarşısını almaq üçün iştirakçılara, eləcə də Ziyalılar Birliyinin rəhbərliyinə təzyiqlərə başlayıb. Aksiyanın keçirilməsinə səbəb rayonda məmur özbaşınalığının bütün hədləri aşması, mərkəzi hakimiyyətin rayondakı mövcud problemlərə laqeyd yanaşmasıdır.
Bir sıra mətbuat orqanlarında Masallıdakı aclıq aksiyasının arxasında bu rayonun keçmiş deputatı, hazırda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı işləyən Əhəd Abıyevin dayandığı barədə informasiyalar yayılmaqdadır. Bu informasiyanı yayanlar iddia edirlər ki, Əhəd Abıyevin deputatlığı dövründən icra başçısı ilə aralarında başlayan kəskin münasibət hələ də davam edir.
Əhəd Abıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Masallıda baş verən proseslərlə, o cümlədən aclıq aksiyası ilə heç bir bağlılığı yoxdur: “Mən 8 aydır Masallıya getmirəm. Getməyə vaxt da tapa bilmirəm. Masallıda baş verənlərin mənə heç bir aidiyyəti yoxdur. Mənim adımı bu işlərdə hallandırıb diqqəti yayındırmaq istəyir. Bu, yolverilməzdir. Kimlərsə belə şərəfsizlik edirsə, ən alçaq adamdır. Kimlərsə rayonda qarşıdurma yaradırsa, ən şərəfsiz, ən əqidəsiz adamdır. Mən də icra başçısıyam, imkanım olsa deyərəm ki, belə hərəkətlərə yol verməyin, problemlər varsa, gedin icra başçının qəbuluna, işinizi həll edin, nəyə lazımdır belə söz-söhbət. Xüsusilə İranla müəyyən xoşagəlməz vəziyyətdə cənub bölgəsində belə hallar ölkənin zərərinədir. Əgər kimlərsə qarşıdurma yaradırsa, qarşıdurmaya rəvac verirsə, hakimiyyətə, dövlətə, xalq düşmənçilik edir. Qarşıdurmanı yaradıb dövlətdən, hakimiyyətdən xalqı narazı salanın kimliyi araşdırılmalıdır. Kimlərinsə beş manatını alıb diqqəti yayındırmağa hesablanan cəfəngiyyat yazmaqdansa, həqiqəti araşdırıb xalqa təqdim etsinlər. Sizə minnətdaram ki, məsələ ilə bağlı şəxsən mənə zəng edib dəqiqləşdirmə aparırsınız. Mən də bir daha sizə deyirəm ki, yayılan söz-söhbətlər cəfəngiyyatdır, mənə heç bir aidiyyəti yoxdur. Mən burada öz işimlə məşğulam, rayonun inkişafı istiqamətində çalışıram. Qışa möhkəm hazırlıq işləri görmüşük. Durum deyim ki, Daşkəsən Bakının inkişaf eləmiş rayonları qədər inkişaf edib, bu, bir az şişirdilmiş olardı. Ancaq kənd rayonu olaraq inkişaf səviyyəsi pis deyil, yaxşıdır. Qışa hazırlıq işlərini görmüşük. Ölkə rəhbərindən aidiyyəti üzrə tapşırıqlar almışıq. ”Yeni Daşkəsən" layihəsi işləyib hazırlayıb vermişik. Bu, iri miqyaslı bir layihədir. Kənd təsərrüfatının bütün sahələri orada öz əksini tapıb. O cümlədən turizm üçün çox əlverişli olan Daşkəsən rayonunda turizmin inkişafı, yeni yaşayış massivlərinin inşası həmin layihədə nəzərdə tutulub. Xoşbulaq deyilən ərazi var. Orada iri yaşayış massivinin salınması layihədə əksini tapıb. Bir sözlə, layihədə rayonun bütün sahələrdə inkişafı nəzərdə tutulub. Bu layihə həyata keçsə, Daşkəsən ən inkişaf eləmiş rayonlar səviyyəsində olacaq. “Yeni Daşkəsən” layihəsini cənab prezidentə, baş nazirə, aidiyyəti nazirliklərə təqdim etmişik. Bütün nazirliklər müsbət rəy verib. 3 aydır bu, öz həllini tapmış məsələdir. Yeni ildən Allah qoysa, layihənin həyata keçirilməsinə başlayacağıq".
Ə.Abıyev Masallının rəhbərliyi ilə münasibətinin çox yaxşı olduğunu dedi: “Biz harada rastlaşanda qucaqlaşıb öpüşürük. İndi, məsələn, ondan mənə yeni il təbriki gəlib, mən də ona yeni il təbriki göndərmişəm. Kimlərsə o qarşıdurmanı yaradıb öz mənafeyi üçün bəhrələnir. İzi itirmək üçünsə mənim adımı qəsdən hallandırırlar”.
Gəncənin icra başçısı Elmar Vəliyevlə münasibətlərinin gərgin olduğu və bu şəhərə icra başçısı gəlmək istədiyi barədə bu yaxınlarda mediada yayılan xəbərlərə də Ə.Abıyev münasibət bildirdi: “Siz qısa müddətdə Gəncənin də, Daşkəsənin də necə yüksək səviyyədə inkişaf edəcəyinin şahidi olacaqsınız. Gəncə ilə bizim aramızda qonşuluq, dostluq münasibəti var. Elmar Vəliyev öz işi ilə məşğuldur, mən də öz işimlə. Amma mən bilirəm Elmar müəllimin apardığı işə bəziləri kölgə salmağa çalışır. Elmar müəllim Gəncəni Azərbaycanın ikinci şəhəri kimi gözəlləşdirməyə çalışır. Kimsə gətirib şəhərin mərkəzində balkonda toyuq saxlayırsa, binanın divarının dibinə inək bağlayırsa, təbii ki, belə hallar yolverilməzdir. Elmar Vəliyev də bu cür səliqəsizliyin aradan tam qaldırılmasına çalışır. Kimlərsə, mənim adımı hallandırırlar ki, guya Elmar gedir, Əhəd onun yerinə gəlir. Ay qardaş, mən öz işimlə məşğulam, mənim Daşkəsənin inkişafı ilə bağlı planlarım var. Hətta mənə Gəncəyə icra başçısı vəzifəsi təklif olunsa, yalvar-yaxar edərəm ki, hərənin öz işi var, mən Daşkəsəndə öz işimlə məşğulam. Müəyyən adamlar istədi ki, Elmar Vəliyevlə məni üz-üzə qoysunlar. Müəyyən adamlar istədilər ki, Kəmaləddin Heydərovla məni üz-üzə qoysunlar, nail ola bilmədilər. Bu cür çirkin işlərlə məşğul olanlar özləri başlarını soxublar kola, arxaları açıqdır. Amma o şərəfsizlər başa düşmürlər ki, bu rayonu əsarət altında saxlayıblar. Onlara deyirəm ki, siz uzun müddət rayonu əsarətdə saxladınız, hər cür qanunsuzluqlarla məşğulsunuz, bunu hamı bilir. Özləri cinayətkardırlar, cinayətkar şəbəkə cənub bölgəsində iş aparır və əhalini hakimiyyətdən, dövlətdən narazı salır. Mən vaxtı ilə onların bu hərəkətlərini açıqlamışdım. İndi əsassız olaraq mənim adımı hallandırılar. Düz eləmirlər, Allah var. Özü də ki, gec-tez hər şey açıqlanır. O 40 gün söhbəti var, hər şey açıqlanacaq”.