“Kişi müğənniləri arasında yeganə olaraq...”

kisi-mugennileri-arasinda-yegane-olaraq
Oxunma sayı: 1114

“Qafqazinfo”nun məlumatına görə, o, açıqlamasında bu kompozisiyaların da digərləri kimi populyarlıq qazanacağına əmin olduğunu bildirib. Gənc bəstəkar həmkarlarına məsləhət verməyi də unutmayıb: “Yeni mahnılar gəlir. Həmkarlarım məndən inciməsinlər, bu mövsüm də radiolarda ancaq mənim mahnılarım səslənəcək. Bu mövzuya ona görə toxundum ki, çünki artıq son söhbətlərdən qulaqlarım ağrıyır – “Pərviz bütün müğənniləri zəbt edib” – deyirlər. Siz də öz üzərinizdə işləyin, yaxşı olacaq”.

Pərviz Mahmudov indiyədək onun mahnılarını ifa edən müğənnilər arasında ürəyincə olan və olmayanları olduğunu da etiraf edib. Amma bəstəkar onların adını açıqlamaq istəməyib. O, həmçinin yazdığı mahnılara klipin çəkilib-çəkilməməyinə də münasibətini açıqlayıb: “Mənim indiyə qədər təqdim etdiyim heç bir mahnı havada qalmayıb. Yazdığım mahnıların əksəriyyətinin ekran versiyası hazırlanıb, amma klipin çəkilməsinin mənim üçün fərqi yoxdur. Əsas odur ki, mahnı sevilib. Mən sadəcə, mahnının ifası və aranjemanı ilə maraqlanıram. Qalanı müğənninin öz işidir”. Bu yaxınlarda iki Xalq artisti də Pərviz Mahmudovun bəstəsini ifa edəcək. Sənətçilərin adını açıqlamaq istəməyən bəstəkar onun mahnılarının ən uğurlu ifaçılarının isə adlarını deməkdən çəkinməyib: “Yeni bəstələrim çıxana yaxın iki Xalq artistinin adını deyəcəyəm. Amma mənim mahnılarımın uğurlu ifaçıları arasında Sevda Yəhyayeva, Röya, Aygün Kazımova, Günay İbrahimli, İlhamə Qasımovanın adını deyə bilərəm. Kişi müğənniləri arasında yeganə olaraq Xalid Hacıyev mahnılarımdan birini ifa edib və çox gözəl alınıb”.

Pərviz Mahmudov müğənninin populyarlığından asılı olmayaraq mahnılarına qiymət qoymadığını da bildirib. O, bəstələrinin sevilməyinin sirlərini də açıqlayıb: “Mən öz işimi çox qiymətləndirirəm. Bu gün öz həmyaşıdlarım arasında ən yüksək qonorarı mənim mahnılarım üçün verirlər və müğənnilərə ən çox mahnı da mən təqdim edirəm. Mahnılarımda indiyədək qiymət fərqi olmayıb. Mən bəstəkarlığa başladığım gündən işimi belə qurmuşam. İlk mahnılarımı da belə yaxşı qonorara vermişəm. Düzdür, artıq qiymətlər dəyişib, amma indi də yaxşı qiymətə satmışam. Mən bu gün yeganə musiqi müəllifiyəm ki, mənim üçün ifaçıların populyar olub-olmamasının fərqi yoxdur”.
Qeyd edək ki, Pərviz Mahmudov Aygün Kazımovanın ifasında “Alışdırma”, Röyanın “Bəlkə də”, “Bir il keçdi”, Sevda Yəhyayevanın “O zaman”, “Sənsiz”, “Buz kimi”, Günay İbrahimlinin “İzlər ”, “Səndən öncə, səndən sonra”, İlhamə Qasımovanın “Səni sevdim” kimi mahnılarının bəstəkarıdır.
Nigar Məmmədli