Kişi qadınını itirəndə...

kisi-qadinini-itirende
Oxunma sayı: 646

***

Həbsxanada gecə yatdığın otağa göz gəzdirib üstüaçıq yatan adamları gördükcə başa düşürsən ki, bu narahat yatan, yorğanı üstündən atan adamlar nə qədər qadınsızdırlar və kişi üçün qadın nə deməkdir. Kişi qadınını itirəndə, sanki yorğanını da itirir.

***

Həbsxanada elə ki, axşam olur və sən gözünü ağ divarlara zilləyib düşünməyə başlayırsan insanın ürəyinə diləgəlməz, izaholunmaz ağrılar çökməyə başlayır. Sanki bütün ağrıların canında yerbəyer olur: Gedə bilməməyin ayaqlarına çökür, həsrət ürəyinə, gücsüzlüyün qollarına... Ən çox da adamın ayaqları ağrıyır, sanki ayaqlar gedə bilməməyin əzabını çəkir.

***

Şəhriyarla ayrı-ayrı saxlanılanda tənhalığın dəhşəti bütün varlığımı bürümüşdü. Belə ki, hər gün eyni vaxtda yatmaq, eyni vaxtda yemək, eyni vaxtda oyanmaq, kəsəsi, nizamsız həyatımızı nizama salınması adamı heyrətləndirirdi. İnsan orda sabahı gözləmir. Sübh azanında oyanırsan, iki saat sonra yemək vaxtı olur, iki saat sonra tualetə aparırlar, günorta yeməyinin vaxtı yetişir, daha sonra saat beşdə bir də tualetə aparırlar, sonra axşam yeməyini gözləyirsən, sonra da yatmağı və növbəti günü. Saatın neçə olduğunu ya təxmin edirsən, ya da yeməyin və tualetə aparılan vaxta əsasən zamandan xəbərin olur. Sabahı yox, bir neçə saat sonranı gözləyirsən ancaq. Sanki bütün gələcəyin o gözlədiyin bir neçə saatdan ibarətdir.

***

Ettelatda qalanda imamların doğulduğu gün və şəhadətlərində bizə meyvə verirdilər. Elə ki, o meyvələri yeməyə başlayırdıq, o dəqiqə ev, ailə yada düşürdü, boğazımız tıxanırdı, elə bil zəhər yeyirdik. Yaxşı yadımdadır ki, anamın səsi hərdən qulağıma gəlirdi və az qalırdım başımı divara çırpam, belə bir vaxtda hansısa imamamın mövluduyla əlaqədar bizə ərik və gilas gətirdilər. Meyvələri yedikcə elə bilirdim ki, anam kənarda dayanıb ağlaya-ağlaya mənə baxır. Vətənə qayıdandan sonra öyrəndim ki, mənim ölkədə olmadığım dörd ay ərzində anam bir dəfə də olsun, meyvə yeməyib: deyirmiş ki, Fərid bu il bir dənə meyvə nübar eləməyib, mən nətər anayam ki, onlardan yeyim.

***

Şəhriyar səbir gətirməyə, asqırağa inanan adamdı. Yaxınlıqdakı otaqlardan asqıraq səsi eşidən kimi sevinirdi:
- Hə, bax ev və azad olmaq haqqında düşünürdüm, səbr gətirdilər. Bu gün ən azı bizi ailəmizlə danışdıracaqlar.
Bir gün, iki gün, üç gün... işimizdən bir səs çıxmırdı, bir xeyir xəbər ala bilmirdik... sonralar məlum oldu ki, biz elə bütün günü azad olmağı düşünürük, səbr gələndə də elə bilirik ki, ürəyimiz düzdü. Səbrlə ümidimizi daha da puç edirdi.

***

Bizi ailəmizlə telefonla danışdıranda birgə yox, tək-tək danışdırırdılar. Otağa gələndən sonra ailəmizlə nə danışmışıqsa, həmin sözləri bir-birimizə danışırdıq.

...narahat vaxtımızdı, 26 gündür ki, ailəmizlə danışmırıq, saç-saqqalımızda o qədər çoxalıb ki, bir-birimizi güclə tanıyırıq. Şəhriyarı ailəsiylə telefonla danışdırdılar, mən də Şəhriyar gələnəcən otaqda var-gəl edirəm və böyük həsrətlə gözləyirəm ki, gəlsəydi Azərbaycanda bizimlə bağlı nə baş verdiyini – atasından eşitdiyi xəbərləri danışardı. Nəysə axır ki, gəlib çıxdı. Şəhriyar içəri girən kimi soruşdum:

- Nə danışdın, Mail dayı nə dedi?
- Hə, heç nə xoruzumu soruşdum, dedi ki, böyüyüb.

Bu qədər problemlərin içində atasından xoruzunun “hal-əhval”ını soruşması bir yana, o qədər informasiyaların içində mənə xoruzunun yaxşı olmasını birinci xəbər kimi çatdırmağı, lap cızdığımı çıxardı.

Ardı var...