“Konfederasiya ideyası real deyil”

konfederasiya-ideyasi-real-deyil
Oxunma sayı: 672



Son günlər Türkiyə-Azərbaycan Konsfederasiyası barədə fikirlərin yenidən gündəmə gətirilməsi bu mövzu ətrafında fərqli müstəvilərdə müzakirələrin açılmasına, bəzi hallarda isə manipulyasiya xarakterli davranışların sərgilənməsinə səbəb olub. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev konfederasiya ideyasını bu və ya digər səbəblərdən gündəmə gətirən və bununla bağlı əsaslı təhlillərə söykənmədən kampaniya aparan şəxslərdən fərqli olaraq, bu ideyanın real olmadığı qənaətindədir. Bu barədə Qüdrət Həsənquliyev partiyanın Mətbuat Xidmətinə açıqlamasında deyib. BAXCP sədrinin qənaətinə görə, Türkiyə-Azərbaycan Konfederasiyası təşəbbüsünün nə bu gün, nə nə də yaxın dönəm üçün gerçəkləşmə ehtimalı yoxdur: "Bu günkü dünyanın reallıqları bu ideyanın həyata keçirilmə şansını sıfıra endirir. Bu həqiqəti dərk etmək üçün isə yaxın tarixə nəzər salmaq yetərlidir. Məsələn, vaxtilə Azərbaycan torpaqları işğal olunanda Türkiyə seyrçi mövqedə dayanmaq zorunda qalmışdı, prosesə müdaxilə edə bilmirdi. İndi isə Azərbaycan torpaqlarının hələ də işğal altında olmasına baxmayaraq, böyük güclər Türkiyəni Ermənistanla sərhədləri açmağa, işğalçı dövlətlə diplomatik, iqtisadi və mədəni əlaqələr qurmağa məcbur edirlər. Bu baxımdan, hesab edirəm ki, konfederasiya ideyasının həyata keçməsi nə Türkiyənin, nə də Azərbaycanın iradəsindən asılı deyil. Bununla yanaşı, daha real görünən başqa bir ideyaya diqqət çəkmək istəyirəm: Hələ bir neçə il əvvəl biz Türkiyə, Azərbaycan və Gürcüstanın Avropa Birliyi modelində - Türkiyə, Azərbaycan, Gürcüstan İttifaqında (Birliyində) birləşməsi təşəbbüsünü irəli sürmüşdük. Bu təşəbbüs həmin dövrdə Gürcüstan prezidenti Mixail Saakaşvili tərəfindən də dəstəklənmişdi. Bu gün də hesab edirəm ki, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə vahid valyutası, sərhədləri və gömrük sistemi olan bir ittifaqın yaradılması daha real görünür".

Türk-Slavyan Dövlətləri Birliyi təşəbbüsü

BAXCP sədri bu ideya ilə yanaşı başqa bir təşəbbüslə çıxış etdiyini də xatırlatdı: "Bir neçə müddət öncə Türk-Slavyan Dövlətləri Birliyinin yaradılması təklifilə çıxış etmişdim. Belə bir birliyin yaradılması həm Rusiya Federasiyasının tərkibindəki türk respublikaları, həm də MDB-yə daxil olan müstəqil türk dövlətlərilə Türkiyənin inteqrasiyasına daha əlverişli şərait yaradardı. Hansısa bir əlverişli tarixi dönəmdə isə slavyan və türk dövlətləri (respublikaları) sivil yolla ayrılaraq, ortaq milli-mədəni dəyərlərə söykənən ayrı-ayrı birliklərdə təmsil oluna bilərdilər. Baxın, bu gün Türkiyə Rusiya ilə daha asan inteqrasiya imkanlarına malikdir, nəinki Avropa Birliyi, yaxud HATO-ya üzv olan ölkələrlə. Türkiyə ilə Rusiya arasında vizasız gediş-gəliş rejimi tətbiq olunub, eyni qərar yaxın zamanlarda Ukrayna ilə bağlı da qəbul olunacaq. Amma Türkiyə vətəndaşları heç bir Avropa Birliyi, yaxud HATO üzvü olan ölkəyə vizasız gedib-gələ bilmirlər".
BAXCP sədrinin qənaətinə görə, Türkiyənin müstəqil türk dövlətlərinə və Rusiya Federasiyasının tərkibinə daxil olan türk respublikalarına yaxınlaşması daha realdır, nəinki bu dövlət və respublikaların Türkiyəyə: "Rusiya Federasiyasının tərkibinə daxil olan respublikalarla bağlı məsələ aydındır. Onlar müstəqil hüququn subyektləri olmadıqları üçün mərkəzi hakimiyyətin razılığı olmadan hər hansı bir addım ata bilməzlər. MDB-yə daxil olan türk dövlətlərinə gəldikdə isə, Rusiya hesab edir ki, bu məkan Kremlin nüfuz dairəsinə daxildir".
BAXCP sədri irəli sürdüyü təşəbbüslərin yalnız bir məqsədə xidmət etdiyini xüsusi olaraq vurğuladı: "Məqsəd odur ki, Azərbaycan Türkiyə və digər türk dövlətlərilə eyni hərbi-siyasi blokda təmsil olunsun".
Türkiyə-Azərbaycan Konfederasiyası ideyasına diqqət çəkən BAXCP sədri hesab edir ki, siyasətçilər gerçəkləşməsi mümkün olan təkliflərlə çıxış etməlidirlər: "Siyasətçilərlə siyasətşünasların fərqi də edə bundadır".

Rusiya iperialist iddialarından əl çəkməyib

BAXCP sədri Rusiyanın Trans-Xəzər layihəsilə bağlı aqressiv davranışlarına və açıq hədələrinə də münasibətini açıqlayıb: "Rusiyanın bu hədələri mənim konfederasiya ilə bağlı daha öncə səsləndirdiyim fikirləri bir daha təsdiqləyir. Qeyd edik ki, Rusiyanın bu məsələdə də sərgilədiyi mövqe beynəlxalq hüquqa və qonşu dövlətlərin suverenliyinə açıq şəkildə sayğısızlıqdır. Bildiyiniz kimi Xəzər qapalı su hövzəsidir və burada beynəlxalq sular yoxdur. Buna görə də Xəzər sərhədyanı dövlətlər arasında Beynəlxalq Dəniz Hüququna uyğun olaraq ortaq xətt prinsipi əsasında sektorlara bölünüb. Xəzərin Azərbaycan və Türkmənistan sektorlarının isə Rusiyaya heç bir aidiyyatı yoxdur. Bu sektorlar hər iki dövlətin əraziləri sayılır. Bildiyiniz kimi, Azərbaycanla Rusiya və Qazaxıstan arasında Xəzərin təkinin bölünməsilə bağlı müvafiq müqavilələr də imzalanıb. Amma gördüyünüz kimi Rusiya özünün ənənəvi iperialist iddialarından əl çəkməyərək, iki ayrı dövlətin suveren hüquqlarına qarşı çıxır. Bir məqamı da qeyd etmək istəyirəm ki, Xəzərin istər Türkmənistan, istərsə də Azərbaycana aid olan ərazilərindən, suyun təki ilə neft və qaz kəmərləri çəkilib və artıq uzun illərdir ki, istifadə olunur. Bu sovet dövründə, Azərbaycan nefti sovrularaq Rusiyaya daşınanda da belə olub. Trans-Xəzər deyiləndə isə söhbət cəmi 40 kilometrlik məsafədə boru xəttinin çəkilməsindən gedir. Rusiya heç bir hüquqi əsası olmadan hər iki dövlətin ərazisindən keçəcək xəttin çəkilməsinə etiraz edir. Amma özü sərhədyanı ölkələrin rəyini belə soruşmadan açıq su hövzəsi sayılan Baltik və Qara dənizin beynəlxalq sularının təkindən kəmərlər çəkib, istismar edir və bu prosesi yeni layihələrlə davam etdirir. Hesab ediik ki, yeri gələrsə Azərbaycan öz iqtisadi maraqlarını qorumaq üçün bu məsələni beynəlxalq təşkilatların gündəliyinə çıxarmalıdır".

Pedoqoji Universitet Qusara köçürülsün...

BAXCP sədrinin fikrincə Türk-Slavyan Dövlətləri Birliyinin yaradılması bu kimi problemlərin həllinə də zəmin yarada bilər: "Eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ üzərindəki suveren hüquqlarının bərpasına, Azərbaycanın cənublu-şimallı birləşməsinə yardım göstərər. Kimsəyə sirr deyil ki, məhz II Dünya Müharibəsindən sonra SSRİ-nin iştirakı ilə Azərbaycanın birləşməsi üçün əlverişi şərait yaranmışdı. O zaman ABŞ prezidenti Trümenin SSRİ-ni nüvə silahı ilə hədələməsi sovet qoşunlarının Güney Azərbaycandan çıxarılmasına səbəb oldu və Pişəvəri hərəkatı süquta uğradı. Zənnimcə, tarixdən ibrət dərsləri götürmək lazımdır".
Qüdrət Həsənquliyev partiyanın Mətbuat Xidmətinə açıqlamasında yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq, bir sıra universitetlərin ölkə paytaxtından köçürülməsi barədə səsləndirilən fikirlərə də münasibət bildirib. Bu fikirlərə müsbət yanaşdığını qeyd edən BAXCP sədri qənaətinə görə bəzi universitetlərin ölkənin ayrı-ayrı bölgələrinə köçürülməsi paytaxtdakı sıxlığı xeyli azalda bilər: "Məsələn Pedoqoji Universitet Qusara, Neft Akademiyası Ələtə, Dillər Universiteti Astaraya, Slavyan Universiteti Zaqatalaya köçürülə bilər. Şübhəsiz ki, adlarını çəkdiyim yerlər şərti xarakter daşıyır. Önəmli olan odur ki, belə bir addım ayrı-ayrı bölgələrin inkişafına, demoqrafik və sair problemlərin həllinə zəmin yarada bilər. Hesab edirik ki, bu proses üçün artıq yeni büdcədə vəsaitlər nəzərdə tutulmalı və 2012-ci ildən başlayaraq, müvafiq addımlar atılmalıdır".