“Koroğlu”nun açılışı oldu

koroglunun-acilisi-oldu-
Oxunma sayı: 748

"Koroğlu" stansiyasında dövlətimizin başçısını və xanımını Bakı Metropoliteninin əməkdaşları hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev stansiyanın rəmzi açılışını bildirən lenti kəsdi.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov dövlətimizin başçısına və xanımına stansiyanın yeni yerüstü binası haqqında məlumat verdi. Bildirildi ki, stansiyanın piramida formasında inşa edilmiş yeni yerüstü binasında müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq qəhrəmanı Koroğlunun burada ucaldılacaq abidəsinin eskiz layihələrinə baxdılar.

Dövlətimizin başçısı və xanımı platformada yaradılan şəraitlə tanış oldular. Bildirildi ki, burada "SOS" həyəcan sistemi tətbiq edilmişdir.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev prospekti və Ziya Bünyadov prospektinin kəsişməsində inşa edilmiş yeraltı piyada keçidi ilə tanış oldular.

Dövlətimizin başçısı və xanımı keçidin texniki göstəricilərini əks etdirən stendlərə baxdılar.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, burada uzunluğu 140 və 65 metr olmaqla iki tunel istifadəyə verilmişdir. Hər iki tunelin eni 6 metrdir. Tunellərdə müşahidə kameraları və metro stansiyasına girişi göstərən elektron istiqamətləndirici lövhələr quraşdırılmışdır.

Dövlətimizin başçısı və xanımı daha sonra Bakının Nizami rayonunda salınmış parkın ərazisi və burada quraşdırılmış musiqili od fəvvarə kompleksi ilə tanış olmuşlar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, parkın ərazisində 12 min kvadratmetr sahədə yaşıllıq salınmış, Hollandiyadan və İtaliyadan gətirilmiş gül və bəzək kolları əkilmişdir. Burada müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılmışdır.

Bildirildi ki, parkın ərazisində inşa olunmuş musiqili od fəvvarə kompleksinin struktur hissəsinin konstruksiyası 60 kilometr/saniyə gücündə küləyə və 9 ballıq zəlzələyə davamlıdır.

Diqqətə çatdırıldı ki, alov simvolu cilalanmış paslanmayan metaldan və kristaldan ibarətdir. Kompleksin tikintisində ABŞ, İngiltərə və İtaliya şirkətləri iştirak etmişlər.

Dövlətimizin başçısı və xanımı musiqili od fəvvarə kompleksinin postamentinin altında quraşdırılmış avtomatlaşdırılmış sistem ilə tanış oldular.

Sonra Prezident İlham Əliyev və xanımı musiqi sədaları altında fəaliyyət göstərən od fəvvarəyə baxdılar.

Yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini bildirdi.