Köstəbəkgillər

kostebekgiller
Oxunma sayı: 880

Xəbəri oxuduğum günün səhəri paytaxtın növbəti tıxaclarından birinə düşmüşdüm və taksi sürücüsü ilə birlikdə bu bərbad nəqliyyat sistemini quranların yeddi arxa dönənlərini yad eləyirdik. Məsələn, “20 Yanvar” metrosu üzərindəki körpünün yanına çatanda gördük alt hissədə dəhşətli qarışıqlıqdır, ancaq körpünün üstündən keçən yoxdur. O zaman bu körpünü hansı ağılla tikiblər?

Axı yapokratiyanın uzunluq məntiqi ilə bu körpü də yetərincə uzundur. Deməli, ortada heç bir hesablama, statistika, məntiq-zad olmayıb, dövlətin pulları sadəcə havaya sovrulub. Təki uzun olsun, təki dövlət başçısı gəlib qırmızı lent kəssin, təki pullar yeyilsin və sairə.
Vəziyyətin nə qədər acınacaqlı olmasını bugünlərdə Erkin Qədirli sosial şəbəkədə bir müqayisə ilə yaxşı göstərmişdi. ABŞ kosmik agentliyi NASA “Curiosity” araşdırma qurğusunu Mars planetinə uğurla endirib. Yerdən Marsa qədər ən yaxın məsafə təxminən 56 milyon kilometrdir. Ən yüksək texnoloji yeniliklərlə təchiz olunan bu qurğunun hazırlanmasına, Marsa göndərilməsinə və oraya endirilməsinə amerikalılar cəmi 2 milyard 500 milyon dollar xərcləyiblər. Azərbaycan isə 2012-ci ilin fevral ayının rəqəminə görə yolların tikintisinə 5 milyard manat xərcləyib. (Manatı dollara çevirəndə bu rəqəm lap böyük alınır). Bu pulla cəmi 6 min kilometr yol çəkilib, keyfiyyətsizliyi də göz qabağındadır.

Görün bizi necə oğrular idarə edir. Amerikalı 2 milyard yarıma Marsa aparat uçurdur, sənin isə 5 milyardını basıb yeyirlər, üstəlik, burdan Qazağa gedənəcən it zülmü çəkirsən.

Bir ara Hesablama Palatasının “Azəryolservis”də araşdırmalar apardığı, idarənin rəhbəri, deputat Cavid Qurbanovun başının dərddə olduğu mətbuatda yazılırdı. Bəs hanı? Adam tuneli uzatmağından dəm vurur. Sanki yanıq verir camaata: “İstəsəm sizi yerin altına soxaram, çıxartmaram”. Əslində bu da simvolikdir, köstəbəklərin əlində qalmış camaat yer altında hərəkət etməyi öyrənməlidir, hər birimiz girək tunellərə, orada dolaşaq. Türkiyənin bir uşaq telekanalında “Köstəbəkgillər” adında film göstərirlər, uşaqla birlikdə baxıram hərdən, orda şirin köstəbəklər ailəsi təsvir edilib, o qədər tanış “köstəbək” simaları var ki...

Nə isə, romantikaya qapılmayaq, vəziyyət ağırdır. Naxçıvanda daha bir əsgərimizi öldürüblər. Müdafiə Nazirliyi ölüm səbəbini “hemorragik vaskulit” deyə açıqlayıb. Keçən il də Gəncədə bir əsgər öləndə səbəbini bu xəstəliklə izah etdilər və deyirdilər ki, nadir xəstəlikdir. Bəs “nadirlik” harda qaldı? Deməli, əsgərlərin ölməsi yox, onlara rəhbərlik edən parazitlər nadirdir, dünyada tapılmayan nüsxələrdir. Bu parazitlərə qarşı tədbir görə bilmirik.

Həmin əsgərin qohumları onun döyülüb qətlə yetirildiyini söyləyir, internetdə əsgərin ölümdən sonrakı fotosunu da yayıblar və gəncin üzündə xəsarət izləri görünür. Kim cavab verəcək? Kim etiraz edəcək? Bilmirsən nə yazasan...

Hava da bir yandan dəhşətli istidir və müqavimət elektoratı kölgəyə çəkilib. İctimai Palatadan gələn adda-budda xəbərlərdə etiraz aksiyalarının hava sərinlənən vaxta - payıza qaldığı deyilir. Bəs görəsən, bu gün zindanda əziyyət çəkən Şahin Həsənli və Vidadi İsgəndərli üçün isti deyilmi?

Açığını yazsam, heç mən də bilmirəm neyləmək olar. Bəlkə onlar da tunel qazsınlar? Bir uzun tunel qazıb hamımız ölkədən çıxaq gedək...

musavat.com