“Kür qaçqını” prezidentə dərdini şeirlə yazdı

kur-qacqini-prezidente-derdini-seirle-yazdi
Oxunma sayı: 714

Son bir neçə gündə Aran bölgəsindən aidiyyatı dövlət qurumlarına, eləcə də dövlət başçısına ünvanlanan məktubların sayı artıb. Vətəndaşların bir qismi həmin məktubların surətini “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına təqdim edərək müraciətlərinin ünvanlara çatdırılmasına və onların problemlərinin həllinə yardım göstərilməsini xahiş edirlər. Qərargahın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Saatlı rayonunun Novruzlu kənd sakini Mirabad Rzayev də şikayətçi insanlardan biridir. Onu digər şikayətçilərdən fərqləndirən xüsusiyyət odur ki, özünün dediyi kimi “dərdi onu şair edib” və prezidentə öz dərdini şeirlə ifadə edib. 2010-cu ilin yazında Kür Araz daşqınlarının təsirinə məruz qalan 52 yaşlı “Kür qaçqını” öz məktubunda qeyd edir ki, 3 uşaq atasıdır, 2 oğlu ləyaqətlə hərbi xidmətini başa vurub, qızı da ailəlidir; “Mən öz övladlarımın keçirdiyi həyat tərzinə baxanda bir daha əmin oluram ki, Hollivuldda Tarzan filmində çəkilmiş meymun qədər də bizim hərbidən gələn balalarımıza qiymət verilmir. Çünki Saatlı rayonunun Novruzlu kəndində elə bir İcra nümayəndəsi peyda olub ki, bizi bütün dövlət qayğılarından məhrum edib və bizim kimi sadə insanları dövlətlə üz-üzə qoyub. Çünki sel daşqınlarından sonra Yeni Novruzlu qəsəbəsi salınarkən təsərrüfat sayına görə ev paylanmasına baxmayaraq, mənim 2 övladımın heç birinə ev verilmədi. Halbuki, mənim oğlum evlər paylanmamışdan öncə ailə həyatı qurmuş və ayrı təsərrüfat idi. Təəssüf ki, bunlar nəzərə alınmadı və bizə qarşı ədalətsizlik, ayrı-seçkilik edildi. Çünki yerli icra nümayəndəsinin mənimlə münaqişəsi olduğuna görə mənə olan qisasını oğlumdan alır. Hazırda öz ailəmlə uçuq, qəzalı olan evimdə yaşayıram ki, bu evin də hər an uçmaq təhlükəsi var. Haqqımı tələb etdiyimə görə məni milli təhlükəsizlik orqanları ilə hədələyirlər. Xahiş edirəm məni qəbul edin və dinləyin”.

Şikayətçi Mirabad Rzayev daha sonra öz fikirlərini şeirlə ifadə edir. Prezidentə ünvanladığı şeirin bir parçasında deyilir;

Eşit məni cənab prezident;
Ola bilmirəm istəyimə nail,
Dərd, kədər məni edib şair.
Elə qanun tətbiq olunur ölkədə,
Belə getsə kasıb öləcək bəlkə də...
Müstəqil ölkə yarandı bizdə
İş tapılmır, millət qalıbdır düzdə.
Kasıb canına edə bilmir müalicə
İmkanlılar kefə gedir xaricə...